"Acunla altı aylıq müqaviləmiz var" - Sevil və Sevinc

"Acunla altı aylıq müqaviləmiz var" - Sevil və Sevinc
23714 dəfə oxunub
  • A-
  • A
  • A+

Sevil və Sevinc Səfərova bacıları həyat hekayələrini əməkdaşımıza danışdılar: “Xalam atama dedi ki, qoy qızlar “Yeni ulduz”da özlərini sınasınlar. Atam dedi ki...”

"O ses Türkiye” layihəsi vasitəsilə Türkiyə və Azərbaycan efirində müsbət mənada səs-küyə səbəb olmuş Sevil və Sevinc Səfərova bacıları redaksiyamızın qonağı oldular. Şıltaq, mehriban, müsbət auraları ilə ətrafa xoş duyğular səpən bacılar 1990-cı ilin 11-ci ayının 11-ci günündə Masallıda anadan olublar. Uşaqlıqdan uzun illər Rusiyada böyüyən qızlar son 2 il yarımdır ki, Bakıda yaşayıb, çalışırlar. Əla əhval-ruhiyyə ilə həmsöhbətlərimiz suallarımızı cavablandıraraq, maraqlı məqamları açıqladılar.

2 dəqiqə tez anadan olduğu üçün digərindən böyük sayılan Sevinc daha söhbətcildir. Sevilin dili ilə desək Sevinc komandanın “rəisi”dir. Gülərüzlü bacılar həyat hekayələrini, səhnəyə ilk addımlarını necə atmalarını qısaca özət etdilər.

“Ailəmiz biz hələ körpə ikən Rusiyaya köçüb. Biz də orada böyüyüb, təhsil almışıq. Hər 3-5 ildən bir Bakıya istirahətə gəlirdik. 2 il yarım bundan öncə də dincəlmək məqsədilə vətənə gəlmişdik. Bu ərəfədə ”Yeni ulduz" layihəsinin seçim turları başlamışdı. Xalam atama dedi ki, icazə ver, qızlar özlərini sınasınlar. Alınar lap yaxşı, alınmaz canları sağ olsun. Atam da sırf həvəsimizi qırmamaq üçün icazə verdi. Əslində çoxları elə düşünürdü, biz seçilməyəcəyik. Amma bizdə alındı. Ondan sonra yavaş-yavaş səhnədə çıxış etməyə başladıq. Şükür bugünə, daim toylarımız olur. Gənclər arasında intensiv şəkildə çalışanlardan biri elə bizik. Hazırda Azərbaycanda “S-Twins” qrupu kimi tanınır, fəaliyyət göstəririk. Bu günümüz üçün ailəmizə borcluyuq. Onlarsız heç nəyə nail ola bilməzdik. Onlar bizə dayaqdır. Atamla anam Rusiyada qalır. Qardaşım və biz isə burda yaşayırıq. Atam hazırda Rusiyada dövlət işində çalışır, həm də biznes fəaliyyəti ilə də məşğuldur. Yeməyimizi, ev xərclərimizi atam təmin edir. Qazandığımız pulları isə sənətimizə, gəzməyimizə sərf edirik. Mahnı alırıq, fotosessiya etdirib, klip çəkirik".

Mahnıların bahalığından da şikayətlənən bacılar bugünədək 8 mahnı aldıqlarını dedilər. Onları müşayiət edən prodüserləri Nigar Murad deyir ki, bir mahnının qiyməti minimum 2 min manatdır.
Rusiya ilə Azərbaycandakı yaşam arasındakı fərqi xəbər aldıqda isə qızlar belə cavab verdilər:

“Rusiya sakit yerdir. Heç kəsin heç kəslə işi yoxdur. Məsələn, biz bilirik ki, anamla atam heç vaxt burda yaşaya bilməz. Çünki ora uyğunlaşıblar. Anam buraya gələndə 2-3 gün dözə bilmir. Dərhal Rusiyaya qayıtmaq istəyir. Əslində mən də (Sevil) düşünürəm ki, yaşlananda yaşamağa məhz Rusiya yaxşı seçimdir. Lakin hazırkı şərtlərdə Bakı bizim üçün münasib şəhərdir”.

Yarışmadan sonra onlara qarşı ətrafdakı insanların münasibətinin hansı istiqamətə dəyişdiyini xəbər aldıqda, bacılar belə məqamlarla son günlərdə tez-tez rastlaşdıqlarını bildirdilər:

“Əvvəl bizi burda sayan yox idi. Klipimizin yaymlanması üçün minnət götürürdük. İndi hər televiziya çalışır ki, ilk növbədə onlarda çıxış edək”.

- Əvvəl bizə salam verməyənlər indi qarşımıza qaçır. Vaxtilə prodüserimizi saymayanlar indi zəng vurub ondan məsləhət alırlar. Biz Türkiyəyə getməmişdən öncə də ölkəmizdə fəaliyyət göstərirdik. Amma onda bizi sayan yox idi. Klipimizin yaymlanması üçün minnət götürürdük. İndi isə hər televiziya çalışır ki, ilk növbədə onlarda çıxış edək. Özləri bizi çağırır. Amma qabaq belə deyildi. Bizimkilər gördülər ki, Türkiyədə marağa səbəb olduq, reytinqlərdə birinci olduq. Anladılar ki, potensialımız var və biz də maraqlıyıq.

- Onda belə çıxır ki, Azərbaycanda istedadlı insanlara lazımı dəyər verilmir?

- Bəli, elədir. Bizdə dəridən qabıqdan çıx, yenə xeyri yoxdur. İrəli getməyində gərək başqa amillər rol oynasın. Amma Türkiyədə istedadlı insanlara dəyər qoyurlar. Biz orada qeyri-adi heç nə etmədik. Bacardığımız işi sərgilədik. İnandırım sizi, biz ölkəmizdə etdiyimiz işin cəmi 50 faizi qədərini orada nümayiş etdirdik. Amma bunu yüksək qiymətləndirdilər.

- Musiqi sahəsində təhsiliniz var?

- Xeyr. Bilirsiniz, əslində bizim bəziləri kimi uşaqlıqdan həvəsimiz məhz səhnəyə, müğənniliyə olmayıb. Sadəcə, “Yeni uldu”da çıxış etdik, uğurlu alındı və davam etdiririk. Biz ikimiz də interyer dizayner sahəsində təhsilliyik. Lakin gələn il üçün düşünürük ki, ya Milli Konservatoriya, ya da Mədəniyyət və İncəsənət Universitetində qəbul olub, musiqi təhsili alaq.
Söhbətə qoşulan prodüser N.Murad qızların savadlı olduqlarını, daim mütaliə ilə məşğul olduqlarını bildirdi.
İş proseslərini, proqramlardan, toylardan gec gəldikdə ailələrinin yanaşmasını öyrəndikdə xanımlar bu tendensiyanı formalaşdırmaqda şou-biznes nümayəndələrini təqsirkar gördülər:

Əslində hər iş kimi bizim də işin vaxtı var. Bəzi şou-biznes əhlidir ki, elə təəssürat yaradıblar, sanki müğənnilər gündüzü yatıb, gecəni çalışırlar. Xeyr, elə deyil. Biz müsahibə, foto-sessiya kimi işləri gündüz görürük. Toy, şou-proqramlardakı çıxışlarımız da 11-dən gec olmayaraq bitir. Həm də bütün toylara gedəndə qardaşımız yanımızda olur. Bütün tədbirlərə komanda halında gedirik. Prodüserimiz Nigar Murad, menecerimiz Mehri Əliquliyeva, biz və qardaşımız. Qardaşımız bizim üzümüzdən ailə qura bilmir. O gün Nigara deyib ki, daha bəsdir, evlənəcəyəm. Dərhal sözünü yarımçıq qoyduq ki, hara evlənirsən, bəs biz?! (Bunu deyib qəhqəhə ilə gülürlər.)

- Nəyə görə “O ses Türkiye” layihəsinə qatıldınız? Məşhurlaşmaq üçün?

- Xeyr, niyyətimiz o deyildi. Ümumiyyətlə mən (Sevinc) nagüman idim ki, bizi dəvət etsinlər. Sevil ilə Nigar o SV-ni gecə saat 3-də doldurublar. Deyə-gülə, zarafatyana cavablar yazırdılar. Dedim bu SV-dən sonra ümumiyyətlə bizi çağırmazlar. Amma SV-ni oxuyan kəslərə maraqlı gəlmişik. Məsələn, orda elə suallar vardı ki, maraqlı, xarakterimizə məxsus şıltaqlıqla cavab yazmışdılar. Soruşurdular ki, hobbiniz nədir. Sevil yazıb ki, bacımın hobbisi telefonla danışmaqdır. Soruşurlar ki, sizi fərqləndirən xüsusiyyətiniz nədir. Bacımgil yazıbdır ki, biz cici qızlarıq. Bir sözlə, qeyri-adi SV doldurmuşdular. Əslində o vaxt biz düşünməzdik ki, yarışmaya qatılmamız bu gün belə səs-küyə səbəb olacaqdır.

- Bundan sonra Türkiyə şou-biznesinə qatılmaq niyyətiniz var? Təkliflər olarsa dəyərləndircəksiniz?

“Hazırda bizim Acun Ilıcalı ilə 6 aylıq müqaviləmiz var. Təkliflər olarsa belə onlar vasitəsilə bu bizə çatdırılacaqdır”

- Türkiyə şou-biznesinə qatılmaq kimi fikrimiz yoxdur. Təklif olarsa biz onları Azərbaycanda reallaşdıracağıq. Əslində hazırda bizim Acun Ilıcalı ilə 6 aylıq müqaviləmiz var. Təkliflər olarsa belə onlar vasitəsilə bu bizə çatdırılacaqdır. Çünki müqaviləyə əsasən onlardan kənar iş görə bilmərik. Türkiyədəki bütün işlərimizi onlar görəcəkdir.

- Türkiyəyə gedib-gəlmək, orada qalmaq vəsaitlərini kim qarşılayır?

“Türkiyədə bizi çəkilişlərə ən bahalı ciplərlə aparıb-gətirirdilər. İnsan özünü lap ulduz kimi hiss edir, xüsusi mühafizəçilər vasitəsilə məşq zallarına, səhnələrə aparılırdıq. Hər şey möhtəşəm idi”

- Biz bacıların bütün xərcini layihə ödəyir. İşçilərimizin xərclərini isə təbii ki, özümüz. Hər şey çox yüksək səviyyədə təşkil olunub. Bizi çəkilişlərə ən bahalı ciplərlə aparıb-gətirirdilər. İnsan özünü lap ulduz kimi hiss edir. Heç kəs səni görməsin deyə xüsusi mühafizəçilər vasitəsilə məşq zallarına, səhnələrə aparılırdıq. Hər şey möhtəşəm idi. Əslində oradakıların heç biri tanınmış müğənni-filan deyil. Sadəcə özlərini sınamaq istəyən kəslərdir. Amma personal elə davranır ki, sanki onlar ulduzdur. Azərbaycanda isə nə etmək olar? Duruma vərdiş olmuşuq. Pisi də, yaxşısı da özümüzündür. Türkiyədən gələn müğənnilər olduqda onları da ən yüksək şəkildə qarşılaylr, ən bahalı otellərdə qonaq edir, çox sayda mühafizəçi vasitəsilə qoruyurlar. Lakin özümüzünkülərə qarşı o maraq, o istək heç vaxt görməmişik.

- Azərbaycanı necə, hansı imicdə təmsil etməyi düşünürsünüz?

- Açığı, əvvəlcə gedəndə bu fikirlər bizdə yox idi. Düşünmürdük elə maraq olar bizə qarşı. Amma oldu. Az qalırdım fərəh hissindən ağlayım (Sevinc). Özümü birtəhər yığıb-yığışdırdım ki, yeri deyil, olmaz. Onu da deyək ki, yarışmada çox şey bizdən asılı deyil. Geyimimiz, makiyajımız, musiqi seçimimiz, saç düzümümüz hamsı onlardan asılıdır. Biz müqaviləni imzalayanda yalnız bir nüansa öz şərhimizi bildirdik ki, əgər açıq-saçıq geyimlər olarsa, geyinməyəcəyik. Onlar da dedilər ki, heç biz də tərəfdarı deyilik. Beləcə bizdən asılı olan və asılı olmayan məqamlar var. Düzü Ebru Gündəşin komandasında hər kəsin gözəl səsi var. Bunlar paralel səviyyədə yer alır. Tamaşaçının marağını isə hər kəs öz özəlliklərinə əsasən qazanacaqdır. Biz ikimiz həyatda da səhnədə də şıltaq qızlarıq. Tamaşaçıya təsir imkanımız da bunun üzərində formalaşıb.
Bir məqamı da vurğulayaq ki, saçımızla bağlı bizə iradlar bildirənlər oldu. Efirdən parikə oxşadığını deyirdilər. Nəzərinizə çatdıraq ki, orada çalışan stlistlər hamısı tanınmış simalar idi. Mahnıya uyğun obraz yaratmağa çalışırdılar.

- İndi siz böyük bir missiyanın daşıyıcılarısınız. Artıq yalnız öz mənafeyinizi deyil, həm də Azərbaycanının maraqlarını təmsil edirsiniz. Bu məsuliyyəti necə dərk edirsiniz? Nələr sizi həyəcanlandırır?

- Əvvəl belə düşüncələrimiz yox idi. Amma indi məsuliyyətimizi dərk edirik. İndi səhnəyə çıxanda ilk növbədə vətənimizi, sonra valideynlərimizi, daha sonra özümüzü düşünürük. Çünki bu layihədə iştirakımız tək bizim deyil, həm də Azərbaycanın uğurudur. Bizi qorxudub, həyəcanlandıran məqam isə dili bilməməyimizdir. Danışdıqlarını anlasaq belə, cavab verməkdə çətinlik çəkirik. Ora getməmişdən əvvəl nə qədər seriallara baxmışıq. Baxılmamış bir serial qoymamışıq (Bu deyib gülürlər.) Əsas bizə ünsiyyətdə olmaq lazımdır. Bir müddət orda qaldıqdan sonra daha yaxşı danışa biləcəyimizi düşünürəm.

- Çıxışınızı izləyən bir qism tamaşaçı sizləri tənqiddən də yayınmadı. Əsas iradlardan biri də çox gülməyinizdir. Bu fikirlər barədə nə düşnürsünüz?

- Əslində biz sırf həyatda olduğumuz kimi səhnədə də elə çıxış edirik. Sadəcə, həmin gün dil problemimiz bizi anlaşılmaz durumlara düşürdü. Həm də səhnədən uzaq idik. Sözləri tam duymurduq. Odur ki, vəziyyətdən çıxış yolu kimi gülürdük. Bəziləri bizim “Murat Bozu sevirik” dediyimizi də söz edib. Halbuki bizi tanıyanlar bilir ki, Murat Bozu biz çox sevirik. Hətta gələcəkdə onunla duet oxumağı və konsert verməyi düşünürük".

Səfərova bacılarından gələcəklə bağlı planlarını da xəbər aldıq:

- İndi çox şey danışa bilərik. Amma bilmirik ki, bir ay sonra başımıza nə gələcək. Məsələn, 3 ay əvvəl düşünməzdik ki, indi sizə müsahibə verəcəyik, ölkə miqyasında belə məşhurlaşacağıq. Bir müğənni kimi biz də istəyirik ki, yetərincə sevilək, sənətimizi irəlilədək. Əla bir konsert verək".

musavat.com