Emin: "Həyatda məni heç vaxt məyus etməyən bir şəxs var"

Emin: "Həyatda məni heç vaxt məyus etməyən bir şəxs var"
4947 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, gələn ay Rusiyanın paytaxtı Moskvada Araz və Emin Ağalarov ailəsinin təşkilatçılığı ilə “Kainat gözəli” müsabiqəsi keçiriləcək.

Axşam.az xəbər verir ki, woman.ru saytı yarışma və digər məsələlərlə bağlı Emin Ağalarovdan müsahibə alıb. Müsahibəni ixtisarla təqdim edirik.

- Siz eyni zamada bir çox layihələrlə məşğul olursunuz. Bütün bunları etməyə necə güc tapırsınız?

- Mən yalnız mənə maraqlı olan işlərlə məşğul oluram. Ürəyimcə olmayan heç nə etmirəm. Bu səbəbdən layihələrimin heç biri mənə yük olmur.

- Donald Tramp sizin yarışma ilə bağlı müraciətinizə necə reaksiya verdi?

- Əslində, Tramp uzun müddətdir ki, Rusiyada gözəllik müsabiqəsi keçirmək istəyirdi. Lakin bunun üçün münasib tərəf müqabili tapa bilmirdi. Bizim tanışlığımızdan sonra onun komandası “Krokus Siti Holl”a baxış keçirdi. Onlar indiyədək yarışma üçün belə möhtəşəm saray görmədiklərini dedilər.

- Sizin fikrinizcə, Rusiyanı müsabiqədə təmsil edəcək Elmira Abdrazakovanın qalib gəlmək şansı necədir?

- Elmira ilə yaxından tanış deyiləm. Bu səbəbdən rəy verməkdə tərəddüd edirəm. Lakin mənə elə gəlir ki, onun birinci olmaq ehtimalı var. Bu cür müsabiqələrdə qalib gəlmək üçün yalnız zahiri gözəllik deyil, davranışlar da mühüm rol oynayır.

- Sizcə, qadını gözəl edən nədir?

- Çətin sualdır. Fikrimcə, qadında daxili və xarici gözəlliyin vəhdəti olmalıdır. Gözəl qadın həm də gözəl davranmalı, müsbət enerjili olmalıdır.

- Qadın üçün hansı daha vacibdir – gözəllik, yoxsa ağıl?

- Qızıl orta olsa, daha yaxşı olar.

- Musiqidə kumiriniz varmı?

- Əlbəttə var, Müslüm Maqomayev.

- Bəs həyatda?

- Atam. O mənim üçün istər insanlarla münasibət, istərsə də fərdi keyfiyyətlər baxımından etalondur. Həyatda heç vaxt məni məyus etməyən şəxs də odur.

- Özünüz haqqında heç kimin bilmədiyi maraqlı faktlar deyə bilərsiniz?

- Mən motosiklet sevirəm, amma nadir hallarda ona minirəm. Moskvada velosiped sürürəm. Bir də müğənni Viktor Tsoyun yaradıcılığını çox bəyənirəm.