Elza İbrahimovanın ən sevilən mahnıları - videolar

Elza İbrahimovanın ən sevilən mahnıları - videolar
5367 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün xalq artisti Elza İbrahimovanın doğum günüdür.

1938-ci ildə Hacıqabul şəhərində anadan olan E.İbrahimova Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirib. Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilir və o musiqi məktəbinə yazılır.

Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyib. Məmməd Rahimin sözlərinə bəstələnmiş "Yalan ha deyil" mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olub. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan El.İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi "Qurban verərdim" əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir. Amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz. Ə.Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulur.

Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.

Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən "Ey vətən" əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olub. O, Azərbaycan şairlərinin yüzlərlə şeirlərinə və rus dillərində onlarla poetik nümunəyə musiqi yazıb

E.İbrahimova 1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına, 2008-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb

Görkəmli bəstəkar uzun sürən xəstəlikdən sonra 11 fevral 2012-ci ildə 74 yaşında vəfat edib.

Axşam.az Elza İbrahimovanın bəstələdiyi məşhur mahnılardan bəzilərini təqdim edir:

Flora Kərimova - "Bilməzdim"



Hüseynağa Hadıyev - Gecələr bulaq başı



Rəşid Behbudov - "Ey Vətən"



Akif İslamzadə - "Qurban verərdim"



Elmira Rəhimova - "Sən yadıma düşəndə"



Şövkət Ələkbərova - "Gedək üzü küləyə"