Tanınmış simalar arasında qalmaqal tez-tez yaşanır. Bu davaların bəzisi barışıqla nəticələnsə də, bir çoxu məhkəməylə bitir.
Axşam.az yolu məhkəmədən keçən, həmkarını polisə şikayət edən tanınmışların siyahısını təqdim edir:
Xalq artisti Flora Kərimova tez-tez adı məhkəmələrdə çəkilən tanınmışdır. İfaçı xalq artisti Faiq Ağayevi məhkəməyə vermiş və qalib gəlmişdi. Mərhum xalq artisti İlhamə Quliyeva F.Kərimovanı məhkəməyə vermişdi.
Mərhum xalq artisti İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanı da məhkəməyə vermişdi. İ.Quliyeva qarşı tərəfə qalib gəlmiş və 25 min manat təzminat almışdı.
İ.Quliyeva əməkdar artist Elza Seyidcahanın ünvanına “Mənim "Şərəf" və "Şöhrət" ordenlərimi şərəfsiz adlandırır. Dünya sülh səfiriyəm, məni təhqir edir” sözlərini deyərək, onu məhkəməyə vermişdi. Özü də İ.Quliyeva qarşı tərəfdən yarım milyon təzminat tələb edirdi.
Xalq artisti Aygün Kazımova və müğənni Natavan Həbibi də yolu məhkəmədən keçən məşhurlardandır. A.Kazımova N.Həbibinin ünvanına təhqirlər səsləndirmiş, nəticədə qarşı tərəf onu məhkəməyə vermişdi. N.Həbibi məhkəmədə qalib gəldi. Hazırda müğənnilər barışıb.
Əməkdar artist Mehriban Xanlarova müğənni Kərim Abbasovu məhkəməyə vermişdi. Buna səbəb Kərimin aktrisanın açıq-saçıq fotosunu İnstaqramda paylaşaraq, onu təhqir etməsi olmuşdu. M.Xanlarova məhkəmədə qalib gəlib, min manat təzminat almışdı.
Müğənni Samir Piriyevlə aparıcı Kamran Həsənli arasında qalmaqal yaşanıb. S.Piriyev qarşı tərəfin ondan yüz min dollar aldığını və geri qaytarmadığını deyərək, onu məhkəməyə verib. Hazırda tanınmışlar arasındakı məhkəmə işi davam edir.
Müğənni Nazəninlə Təranə Qumral arasındakı qalmaqal da məhkəmə ilə nəticələndi. Nazənin T.Qumralı onun ərinə mesajlar yazmaqda ittiham etmişdi. T.Qumral isə onun ərinin şəklini paylaşaraq təhqirlər yazmışdı. Nazəninin əri Məhəbbət Həsənov Təranəni məhkəməyə verib, qalib gəlmişdi.
Müğənni Rəqsanə İsmayılova onun “Roksi” ləqəbinə lağ edən Əli Mirəliyevi məhkəməyə verib. Ə.Mirəliyev məhkəmədə uduzub. Buna görə də Rəqsanəyə 500 manat ödəməlidir.
Müğənni Mətanət Əsədova onun və bacısının ünvanına qeyri-etik sözlər işlətdiyi üçün keçmiş “Nida”çı Elsevər Mürsəllini məhkəməyə verib və qalib gəlib. E.Mürsəlli 3 ay azadlıqdan məhrum edilib.