Qafqaz Universiteti bağlandı - rəsmi açıqlama

Qafqaz Universiteti bağlandı - rəsmi açıqlama
5149 dəfə oxunub
  • A-
  • A
  • A+
Qafqaz Universiteti ləğv olunması ilə bağlı bəyanat yayıb.

Axşam.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, Qafqaz Universiteti təsisçisi Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin qərarı əsasında ləğv edilib:
 
"Təsisçi tərəfindən təşkil edilən Ləğvetmə Komissiyası tərəfindən qanunvericiliyin tələblərinə uyğun proses idarə edilir və bu çərçivədə 18 yanvar 2017-ci il tarixində rəsmi qəzetdə elan verilib.
 
Qafqaz Universitetində hal-hazırda tədris fəaliyyətləri fasiləsiz davam etdirilir, qış imtahan sessiyasının gedişində heç bir problem yoxdur.
 
Məlumat üçün bildiririk ki, tələbələrimizin təhsil hüquqlarının təmin edilməsi, təhsillərini uğurla davam etdirmələri baxımından heç bir problem yaranmayacaq.
 
Qafqaz Universitetində təhsil alan tələbələrin böyük əksəriyyəti yüksək bal toplayaraq universitetə qəbul olunan tələbələrdir və bu tələbələrimizin və valideynlərinin narahatlığına heç bir səbəb yoxdur.
 
Ləğv edilən Qafqaz Universiteti haqqında tərəfimizdən verilən bu məlumat xaricində heç bir rəsmi qaynağa istinad etməyən məlumatlar əsassızdır və etibar edilməməlidir", - bəyanatda vurğulanır.


Təhsil Nazirliyi də Qafqaz Universiteti ilə bağlı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, Qafqaz Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlanıldığı və ləğvetmə komissiyasının yaradıldığı barədə Təhsil Nazirliyini məlumatlandırıb, bununla bağlı qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsinə köməklik göstərilməsini xahiş edib.
 
"Qeyd olunanları nəzərə alaraq, Təhsil Nazirliyi tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.
 
İşçi qrupuna Universitetdə təhsil alan tələbələrin ölkənin ən aparıcı ali məktəblərinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb.
 
Tələbələrin ixtisasları, habelə tədris dili nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində qısa zamanda maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq, keyfiyyətli təhsil almaq hüquqları və təhsilləri ilə bağlı maliyyə şərtlərinin sabit qalacağı təmin olunacaq. Universitetin hazırkı tələbə kontingentinin malik olduğu bilik və akademik nailiyyətlərinin bundan sonra yüksələn istiqamətdə olması üçün bütün imkanlardan istifadə ediləcək.
 
Tədris prosesinin bütövlüyünün qorunması məqsədi ilə universitet rəhbərliyinin Təhsil Nazirliyinə etdiyi müraciət imkanlar çərçivəsində nəzərə alınacaq.
 
Tələbələrdən Universitetdə fəaliyyət göstərən İşçi qrupla əlaqə saxlanılması xahiş olunur", - deyə məlumatda bildirilir.