Nahid Emiloğlu: "Bizimkilər hardan qazanır o pulu ki, 150 minlik “Range Rover” sürürlər?"

Nahid Emiloğlu: "Bizimkilər hardan qazanır o pulu ki, 150 minlik “Range Rover” sürürlər?"
3270 dəfə oxunub
  • A-
  • A
  • A+

- Siz bir müddət əvvəl Türkiyəyə yollanmışdınız və açıqlamanızda bildirdiniz ki, bundan sonra orda qalıb, Tarkanla birlikdə çalışacaqsınız. Bu iş birliyi niyə alınmadı?

- Əslində Azərbaycandan birdəfəlik getməmişdim. Sadəcə həm burdakı fəaliyyətimə ara vermək, həm də məkanı bir az boş buraxmaq istədim. Çünki mən konsert təşkil edən kimi hamı həvəsə düşüb təşkilatçılıqla məşğul olurdu. Mən də iki il kənara çəkilib məkanı onlara buraxdım, amma təəssüf ki, bu iki ildə heç bir  dəyişiklik baş vermədi.

- Sözünüzdən belə çıxır ki, sizin gedişinizlə bu sahədə boşluq yarandı?

- Bir çox insan da dedi ki, səndən sonra bu sahədə boşluq yarandı. Türkiyəyə getdikdən sonra böyük, samballı konsertlər olmadı. Rusiyadan bir-iki müğənni gəldi, amma Türkiyədən  Tarkanı çıxmaq şərtilə bu iki ildə heç kimin konserti keçirilmədi. Maraqlısı odur ki, mən fəaliyyətə başlayan kimi, həmin insanlar yenə həvəsə düşdülər. Bilirsiniz, hərənin öz işi var və gərək hamı öz işi ilə məşğul olsun. Əgər doğrudan da sən bu işlə məşğul olursansa və  sənin işin, sənətin budursa, buyur, işlə. Bu işlər bir anlıq həvəsə düşüb ortalığa atılmaqla olmur. Tarkanla işbirliyinə gəlincə, onu deyim ki, mən onunla işləmək üçün getməmişdim. Sadəcə Tarkanın Türkiyədə, Rusiyadakı konsertləri və  Azərbaycanla bağlı tədbirləri ilə əlaqədar  orda idim.

- Bizim konsert təşkilatçıları yalnız əcnəbi sənətçilərin Bakıda konsertlərini təşkil edirlər. Niyə öz müğənnilərimizin xarici ölkələrdə tədbirlərinin təşkilinə həvəs göstərmirsiniz?

- Başqalarını deyə bilmərəm, amma mən Zeynəb Xanlarova, Xumar Qədimova, Nazpəri Dostəliyevanın Türkiyədə konsertlərini təşkil etmişəm. Konsertlərdən çəkilişlər də aparılıb, efirlərdə nümayiş olunub. Fikrim var ki, yenə də Zeynəb Xanlarovanın orada konsertini təşkil edim. Doğrusu, bizimkiləri orda tanımırlar. Türkiyədə tanınmaq isə kommersiya məsələsidir. Bizdə kanallar reytinq xatirinə türk müğənnilərinin kliplərini, reportajlarını  pulsuz yayımlayırlar. Amma orda bizimkilər üçün bunu etmirlər, etməzlər də. Bununla belə, bizim musiqilər, sənətçilər onlarınkından daha yüksək səviyyəlidir. Türklər bunu çox yaxşı bilsə də, qəbul etmək istəmirlər.

- Buna səbəb nədir?

- Səbəb budur ki, onların bir bazarı var və o bazara kənar müdaxilələrin olmasını qəbul etmirlər. Kənar ölkədən gələn sənətçiləri həmin bazara girməyə qoymurlar. Bu, təkcə Azərbaycana aid deyil. Hansı xarici ölkədən gələn müğənni Türkiyə şou biznesində yer tuta bilib? Heç kim. Azəri qızı Günel doğru zamanda getmişdi. Ona görə də indi kifayət qədər tanınan bir müğənnidir, həm də o zaman arxasında İbrahim Tatlısəs kimi sənətkar dayanmışdı. Hansı ki Türkiyədə bu bazarın yiyəsi odur.  Özbəkistandan Yıldız Usmanovanı götürək. Onun xərclədiyi pulu indiyənə qədər heç kim xərcləməyib, amma yenə də Türkiyə şou biznesinə daxil ola bilmir.  O qədər pulun qarşılığında heç düz əməlli tanınmır da. Çünki buna imkan vermirlər.  Əslində bu da çox yaxşı bir şeydi. Bizim müğənnilərin ağlı olsa, bura bir türk müğənnisi də gəlib konsert verə bilməz. Sənətçilərimiz elə şərait yaratmalıdırlar ki, Azərbaycana türk müğənnilərinin gətirilməsinə ehtiyac qalmasın.

- Düşünürsünüz ki, bizim sənətçilər tənbəldirlər?

- Əlbəttə. Müğənni ildə bir dəfə yox, iki aydan bir  konsert verməlidir.  Bizim sənətçilər  iki ildən bir konsert verirlər. Adını da qoyurlar hesabat konserti. Məsələn, mən burda neçə dəfə Baloğlan Əşrəfovun, Alim Qasımovun, Nadir Qafarzadənin konsertlərini həyata keçirmişəm. Amma nə olsun? Bir dəfə konsert versələr də, növbətisi qalır bir ildən sonraya. İki il hazırlaşırlar ki, bir konsert verəcəklər. Belə olmalı deyil. Müğənni konsert verməyə həmişə hazır olmalıdır.

- Əcnəbi müğənnilərin konsertlərinə tamaşaçı axını yerli sənətçilərin konserti ilə müqayisədə daha çoxdur. Heç olmasa tarazlığın yaranması üçün nə etmək lazımdır?

- Camatı konsertlərə alışdırmaq lazımdır. “Bu Şəhərdə”nin ildə iki dəfə, 7-8 günlük konserti olur. Camaat niyə gedir? Bütün konsertlərində anşlaq olur. Röya konsert verəndə camaat getmir?  Pulsuz da olsa, pullu da olsa, gedirlər.  Deməli, camaatı öyrəşdirmək lazımdır. Bu da müğənnilərin özlərindən asılıdır. İnsanları alışdırmaq lazımdır ki, Tarkanın yox, Faiq Ağayevin konsertinə getsin. Faiq Ağayevin 4 gün konsertini etdik. Biletləri çatdıra bilmirdik. Faiq xaricdən gəlmişdi? İndi gedək bir müğənniyə deyək ki, gəl, sənin konsertini təşkil edək, deyəcək ki,  mən hələ hazır deyiləm. Sibel Cana, Sərdar Ortaca konsert edək deyəndə “mən hazırlaşmalıyam” demir. Çünki həmişə buna hazırdır.

- Bu vaxta kimi bir neçə müğənnini Bakıya gətirmisiniz. Bunların arasında ən kaprizli sənətçi hansı olub və sizdən nələr tələb edib?

- Sezen Aksu çox kaprizli olub. Heç nə tələb etməyib, sadəcə, o adam əsəb xəstəsidir. Sonuncu konsertində məni çox əsəbiləşdirdi.  Düzdür, başa düşürdüm ki, onun özündən asılı deyil. Ona xəstəliyi ilə əlaqədar ağır iynələr vurulmuşdu. Bu hadisədən sonra mən onun konsertini təşkil etmək istəmədim.  Həm də gördüm ki,  bizim millətə qarşı istiqanlı deyil.

- Son vaxtlarda toylara türk müğənnilərinin gətirilməsi dəb halını alıb. Xarici sənətçilərin Azərbaycana, xüsusilə də toya  gətirilməsi yəqin ki, ucuz başa gəlmir.

- Mən bir neçə dəfə kanallarda görmüşəm ki, bu işlərdən xəbəri olmayan insanlar çıxıb efirlərdə mütəxəssis kimi danışırlar. Bəli, indi toylara türk müğənnilərinin gətirilməsi çox dəbdədir. Həftədə bir toya Türkiyədən bahalı müğənni gətirirlər. Toy yiyələri gedib birbaşa müğənninin özü ilə danışırlar. Elə bilirlər ki, müğənninin özü ilə danışanda çox ucuz başa gəlir, biz danışanda baha. Bilmirlər ki, toy yiyəsi özü danışanda müğənni ikiqat qiymət deyir. Sonrada çıxıb deyirlər ki, filan müğənninin qiyməti  400 mindir. Müğənni toy yiyəsi ilə müştəri kimi danışır, amma mənimlə işçi kimi. Çünki bilir ki, mən təşkilatçıyam, bu işin içindəyəm və yüz minlik işi mənə iki yüz minə deyə bilməz. Biz türk sənətçilərinə burda toydan aldıqları qədər qonorar ödəmirik.

- Sibel Canın Azərbaycanda konsert verməsi üçün tələb etdiyi qonorarın məbləği ətrafında qalmaqal yarandı. Onun konsertinin təxirə salınmasının bu söz-söhbətlərlə əlaqəsi varmı?

- Mən bu haqda açıqlama vermişdim. O, yüksək məbləğ istəməyib. Sibel Can Türkiyə müğənniləri içində Azərbaycanı, Bakını sevən, gəlib burda konsert verməyi ürəkdən istəyən bəlkə də yeganə müğənnidir. Azərbaycanda o sənətçiyə tələbat da böyükdür. Konsert oktyabrın əvvəlində olmalı idi, ancaq hazırda paytaxtımızda tədbirlər çox olduğu üçün biz konsertin vaxtını noyabrın sonlarına keçirməli  olduq. Həm dövlət tədbirləri, həm də xarici müğənnilərin gəlməyi bir qədər sıxlıq yaradıb. Dövlət tədbirlərinin çox olması ilə əlaqədar yer baxımından Heydər Əliyev Sarayı ilə də bəzi problemlərimiz yaranıb.

- Azərbaycanda fəaliyyət göstərən konsert təşkilatçılarının işi haqqında nə deyə bilərsiniz?

- Sırf bu işlə peşəkar şəkildə məşğul olan insan kimi mən yalnız Səlahəddin Atalayı tanıyıram. Onun da işləri göz qabağındadır. 

- Türkiyədə konsert təşkilatçılığı hansı səviyyədədir?

- Onlarda vəziyyət bizdən də biabırçıdır. İstanbulun yarısı konsert təşkilatçısıdır. Sözün əsl mənasında bazardı. Onlar konsert təşkil etməkdən çox, alver edirlər.

- Şou-biznesin vəziyyəti Azərbaycanda necədir?

- Azərbaycanada ümumiyyətlə  şou- biznes yoxdur. Çox uzağa getməyək, elə Türkiyəni götürək. Orda “Bəbək” deyilən ərazidə sənətçilər çox sərbəst, rahat şəkildə həyatlarını yaşayırlar. Ona görə də maqazin proqramları üçün samballı materiallar yaranır. Yəni özləri maqazin verilişləri üçün şərait yaradırlar. Daha bizdəki kimi toydan çıxan müğənnini göstərib demirlər ki, filankəs toydan çıxıb filan markalı maşınla getdi. Bizdə müğənnilər toydan sonra qapının ağızında ansambılla pul bölüşürlər. Birinci növbədə müğənni özünü hörmətli tutmalıdır. Qonorar məsələsi ilə ayrıca adam məşğul olmalıdır. Mən bizim sənətçilərin içində o sistemlə çalışan yeganə bir müğənni görmüşəm ki, o da Faiq Ağayevdir. Kreditlə maşın, ev alırlar və sonra da televiziyalara xəbər verirlər ki, gəlin, çəkin. Şou -biznes dediyimiz şey bizdə çox biabırçı vəziyyətdədir. Dünən efirə çıxırlar, sabah ev, maşın alıb camaata göstərirlər. Çoxunun də sənəti yoxdur. Bilirsiniz, bu həm də camaata pis örnəkdir. Türkiyədə hər sənətçiyəm deyənin evini, maşınını çəkib göstərmirlər. Sibel Can əlbəttə ki, 200 minlik villa alacaq. Mən bilirəm ki, Sibel Can o pulu necə qazanır. Sibel Can ayda 30 gün işləyir. Onun bir konsertinin qiyməti ən aşağısı 100 mindir. Ayda 3 milyon pul edir. Bunun milyon yarımı müəyyən xərclərə gedirsə, milyon yarımı qazancıdır. Bir reklam çəkilişindən iki milyon pul əldə edir. Demet Akalının Türkiyənin daxilində bir saatlıq çıxış qiyməti 25 mindir. Bir gündə iki işə gedir. Boş vaxtı yoxdur. Əlavə olaraq toylarda, açılışlarda iştirak edir. Belə olan halda, əlbəttə, onun hər şeyi olacaq. Bəs, bizimkilər hardan qazanır o pulu ki, 150 minlik “Range Rover” sürürlər?  Sənət göstərmək əvəzinə maşınla,  pal-paltarla gündəmə gəlirlər. Sənətə olan maraq ölür, maddiyata meyl artır. 

- Bir televiziya işçisi, rejissor kimi yerli seriallarımız haqda da fikriniz maraqlı olardı.

- Serialları özünüz görürsünüz də. Hamısı Türkiyədəki serialların təqlididir. Yeni ideya yoxdur. Əvvəl deyirdilər ki, bizə də o qədər pul versələr, xariqələr yaradarıq. Dövlət indi seriallara bu qədər pul ayırıb. Niyə çəkə bilmirlər? Peşəkarlıq, ideya yoxdu. Ssenarilər bərbaddır. Aktyorlar hələ də emosiyalarla danışırlar. Ona görə də bizim seriallar süni alınır. Biz Türkiyə seriallarına niyə baxırıq? Çünki rejissorlar filmdə həyatı tuta bilirlər. Həyatda necə yaşayır, necə danışırlarsa, film də onun üzərində qurulur, ankaralı ankaralı kimi, adanalı adanalı kimi danışır. Amma bizdə filmdə ləhcəylə danışmaq hələ də qadağandır.

- Və sonda. Bundan sonra nə kimi planlarınız var, yeni hansı layihələr üzərində işləmək fikrindəsiniz?

- Özüm televiziya işçisi olduğuma görə proqramlar ərsəyə gətirmək istəyirəm. Sonuncu dəfə “Space” telekanalında “Sən bir nəğmə” layihəsini ortaya qoydum. Onun da ətrafında çox xoşagəlməz söhbətlər yarandı. Amma o veriliş sayəsində ən azı 16 uşaq həyatda öz yerlərini tapdı. İndi o uşaqlar toylara gedir, pul qazanırlar.  İndi yenə belə bir proqram etmək arzusundayam. Amma elə vəziyyət yaranıb ki, heç nə etmək istəmirsən. Konsertlərin təşkilinə gəlincə, planımda Türkiyədə bir neçə gənc xanəndənin konsertini təşkil etmək var.

Günel MUSA