Küveyt mətbuatı 20 Yanvardan yazdı

Küveyt mətbuatı 20 Yanvardan yazdı
387 dəfə oxunub
  • A-
  • A
  • A+

Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Azərbaycanın Küveytdəki səfirliyində anım mərasimi keçirilib.

Axşam.az-ın məlumatına görə, mərasimdə Küveytdə işləyən, təhsil alan Azərbaycan vətəndaşları, Türkiyə və digər ölkələrin diaspor təşkilatlarının təmsilçiləri, ictimai-siyasi xadimlər, Küveyt Universitetinin türkdilli tələbələri və yerli KİV nümayəndələri iştirak ediblər.

Müvəqqəti işlər vəkili Cavid Musayev tədbirdə çıxış edərək 20 Yanvar faciəsinin tarixi barədə danışıb. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə M.Qorbaçovun göstərişinə əsasən sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın digər şəhər və rayonlarına yeridildi. Nəticədə millətçi ermənilərin respublikamıza qarşı bitib-tükənməyən ərazi iddialarına etiraz əlaməti olaraq öz torpaqlarının müdafiəsinə qalxmış xalqımıza vəhşicəsinə divan tutuldu, yüzlərlə insan həlak oldu, yaralandı, həbs edildi, itkin düşdü. Bu qanlı hadisə və şəhidlərimizin xatirəsi yaddaşlardan heç zaman silinməyəcək. O, ümummilli lider Heydər Əliyevin yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bu dəhşətli hadisəyə münasibətini bildirən kəskin bəyanatında Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etməsi, Ulu Öndərin səyləri nəticəsində 20 Yanvar faciəsi barədə həqiqətlərin üzə çıxması, ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətin bütün dünya qarşısında ifşa olunması barədə danışıb.

Səfirliyin foyesində 20 Yanvar faciəsinə həsr edilmiş fotosərgi təşkil olunub. Sərgidə faciə haqqında film və kitablar nümayiş etdirilib.

Səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanıb çoxaldılmış “20 Yanvar” fotoalbomu və faciəni əyani şəkildə özündə əks etdirən sənədli filmin ərəb dilində CD variantı, Azərbaycan ombudsmanı Elmira Süleymanovanın faciənin 27-ci ildönümü ilə əlaqədar bəyanatı Küveytin dövlət, hökumət qurumlarına, parlamentinə, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə, burada fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndərilib.

Küveytin “Əl-Nahar” və “Əl-Cəridə” qəzetlərində səfirliyin faciə ilə əlaqədar məqalələri dərc olunub.