Teatrın aktyorları şəhidləri belə yad etdilər - fotolar

Teatrın aktyorları şəhidləri belə yad etdilər - fotolar
3833 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 20 yanvar faciəsinin qurbanlarını yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edib.

Axşam.az-ın məlumatına görə, daha sonra teatrda faciənin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra teatrın uşaq və gənclərlə iş üzrə pedaqoqu, Əməkdar Artist Ötkəm İskəndərov və “Aytam” uşaq və gənclərin mədəni maariflənməsi İctimai Birliyinin sədri Aygün Zamanova çıxış edərək xalqımızın tarixinə qanla yazılmış 20 yanvar günündə canlarından keçmiş Vətən övladlarının xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını diqqətə çatdıraraq, həmin gün şəhid olmuş, günahsız yerə həbs olunmuş və itkin düşmüş insanların statistikasını açıqlamışlar.

Çıxışlardan sonra yazıçı-dramaturq Tamara Vəliyevanın 20 Yanvar faciəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası nümayiş etdirilib.

Iki gəncin - Aqillə Turanın saf və nakam məhəbbətini tərənnüm etdirən ilk məhəbbət haqqında iki hissəli lirik dramın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstanın Tumanaşvili adına Teatrının baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir. Səhnə əsərində əsas obrazları əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Asya Atakişiyeva, Mirzəağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları canlandırıblar.