Bu gün aparıcı Hacı Nuran Hüseynovun ad günüdür.

Axşam.az aparıcı ilə müsahibəni təqdim edir:

- Bu yaxınlarda Almaniyada əməliyyat olundunuz. Necə keçdi?

- Ümumiyyətlə, bu xəstəlik elədir ki, müalicələr tam şəkildə qurtarmır. Vaxt aparan xəstəlikdir. İllərdir bunun müalicəsi gedir. Həkimlər stresdən, infeksiyadan, keçici xəstəliklərdən özümü qorumağı məsləhət görür. Mənim vəziyyətimdə adi qrip belə keçirmək olmaz. Mən də çalışıram ki, həkimlərin dediyinə əməl edim. Əvvəlcə danışıqlar getdi ki, əməliyatı bəlkə sonraya saxlayaq, amma belə nəticəyə gəldilər ki, vaxtdı, etmək lazımdı. Ondan sonra çəkim 15 kiloqram artıb.

- Müalicəniz yenə davam edir? Növbəti səfər nə vaxtdır?

- Bəli, müalicə davam edir. Ümumiyyətlə 2-3 aydan bir gedib müayinə olunuram. Bu, proqram şəklində gedir. Həkim xəstəliyimin sağalmasının ən çox da özümdən asılı olduğunu deyib.

"ÇOX STRESLİ HƏYATIM VAR"

- Sizi tədbirlərin aktiv iştirakçısı kimi görürük. Heç həkimlər qadağa qoymur ki, bu qədər çox çalışmayın?

- Bunu hamı deyir. Səfirimiz Polad Bülbüloğlunun qızı Leyla xanımla tanışıq, birinci gündən mənə dəstək olur. Hər gün yazır ki, sənə çox yerə getmək, təyyarə ilə uçmaq olmaz. Son görüşümüzdə həkimlə bu barədə danışdım. O isə əksinə, daha aktiv həyat tərzi keçirməli olduğumu, yalnız bu şəkildə xəstəliyə qarşı müqavimət göstərə biləcəyimi, xəstəliyin arxada qaldığını, amma yenə də özümə diqqət yetirməli olduğmu söylədi. Çox stresli həyatım var. Hər şeyə narahat oluram. Bir gündən bir kədərli xəbər alıram. Bu yaxınlarda Dəyanət Rzayev intihar etdi. İnanırsınız, həmin gecəni yata bilmədim. Düzdür, yaxın dost deyildik, amma münasibətimiz var idi. İstəməzdim bunu çox adam bilsin. Çünki biz hər zaman istəyirik başqalarına örnək olaq.



- Aparıcı kimi sizi efirdə nə vaxt görəcəyik? Bir ara dediniz ki, yeni layihə ilə qayıdacaqsınız. Nə oldu?

- Hazırda danışıqlar gedir. Yaxın zamanda inşallah efirə qayıdacağam. Yeni bir layihəmiz var. Xəstələr də çoxalıb. Sadəcə istəyirik elə bir formatda edək, elə yanaşaq ki, onları da çox incitməyək.

"DEYƏ BİLMƏRƏM Kİ, BUNU HEÇ KİM ETMƏSİN"

- Ötən mövsümdə verilişin yayımlanacağını dediniz, amma olmadı. Bundan sonra ətrafda söz-söhbətlər yayıldı ki, "Xəzər" telekanalında eyni formatda proqram olduğu üçün sizin layihə təxirə salınıb...

- Mən heç vaxt kiminsə paxıllığını çəkməmişəm. Deməmişəm ki, bu mənimdi, bunu təkcə mən etməliyəm. Almaniyada olduğum müddətdə qonşu kanallarda mənim verilişimin formatında süjetlər gedirdi, yardım toplanırdı. Hamı mənə deyirdi ki, niyə onlar bunu edir, bu axı sizin layihənizdir? Amma mən deyə bilmərəm ki, heç kəs eləməsin. Xəbərlər məgər bir kanaldadır? Bütün kanallarda var. Yadımdadır, uzun müddət bundan əvvəl “Çal-çağır” verilişində Dilarə Əliyevanın əvvəldə qısa bir rubrikası yayımlanır, bütün veriliş də onun üzərində qurulurdu. Hamının yadında o qalmışdı. Mən də həmçinin, verilişi izləməsəm də, onu mütləq izləyirdim. Hər zaman demişəm ki, bu günə kimi o qısa rubrikanı Dilarə kimi heç kim hazırlaya bilmədi. İnanıram ki, bizim də verilişimiz də yadda qalıb. Hamı dünyaya müəyyən bir məqsəd üçün gəlir. Biz də gəlmişik ki, kiməsə bir köməyimiz dəysin.



- “Xeyir körpüsü” layihənizə bənzəyən nə qədər veriliş var və olub. Onlarda nəyi bəyənmirsiniz? Ümumiyyətlə, reytinq xatirinə şou yaradılması barədə nə deyə bilərsiniz?

- Birinci gündən bildiyiniz kimi, bizim verilişimizdə şou olmayıb. İstəmərəm də olsun. Necə var, elə göstərmişik. Yəni, bu insanın belə bir problemi var, ona bu yardım lazımdı. Nəinki bunu şişirdib qoyaq dağın başına ki, bu belə gəldi, qapıdan belə girdi. Mən xoşlamıram belə şeyi. Bəli, dostlarım arasında da elə aparıcılar var. Görüşəndə, deyirəm bunu etmək nəyə lazımdı axı? Düzdür həmin verilişi daha çox tamaşaçı izləyir. Yaxşı bəs, sonra nə olacaq? Təbii ki, hər insan efirdə olmaq istəyir. Sadəcə gərək insanların ürəyində qala biləsən. Peşəkar səviyyədə bir veriliş hazırlayan jurnalist öncə bunu düşünməlidir. Hərdən oxumağı bacarmayanı verilişə çağırırlar. Onlar da efirdə öz evlərini, maşınlarını reklam edir, rahat yaşadıqlarını göstərmək istəyirlər. Elələri var ki, göründüyü kimi yaşamır, üzdə özlərini elə aparırlar. O demək deyil ki, müğənnidirsə, onun hər şeyi var. Onların da öz problemləri olur. İstəməzdim ki, hamı gedib müğənni, ya aparıcı olsun. Əvvəllər hamı peşə məktəblərinə gedib sənət öyrənir və bu sahədə çalışırdı. Mən dərziliyi bacarıram. Uşaq vaxtı kompüterdə yazmağı öyrənmişdim. İşsiz olsaydım, gedib hardasa mətn yazıb pulumu qazanardım. Mən müdafiə etmişəm, dosentəm. Atam deyirdi ki, sən alimsən, nə var televiziyada? Nə tapmısan axı orda?

- Pedaqoji fəaliyyətinizi davam etdirirsinizmi?

- Xəstəlik ortaya çıxandan sonra hər şeyi dayandırdım. Ard-arda bir neçə veriliş çəkmişdik. 3-4 aylıq proqramımız var idi. Müalicə aldığım vaxtlarda həmin verilişlər efirə gedirdi. Xəstələr zəng vurduqlarında, yoxam deyəndə inanmırdılar, bəs necə olur verilişlərini görürük, yalan danışırsınız deyirdilər. Ciddi şəkildə çalışırdım. Hamı deyirdi efirə gedəcək verilişlərin var, niyə bu qədər əziyyət çəkirsən? Amma mən bununla qane olmurdum, axırda da xəstələndim.



"ANAM BEYİN XƏRÇƏNGİNDƏN DÜNYASINI DƏYİŞİB"

- Xəstəliyinizi eşidəndə nə hisslər keçirdiniz?

- Eynilə anamdakı kimi... O beyin xərçəngindən dünyasını dəyişib. Onun beyninin tomoqrafiyasını edəndə harda dayanmışdımsa, bu gün də yadımdadır. Uşaqlıq dostum Ənvər Sadıqov gəldi. Həkim çıxıb dedi ki, ananız xərçəngdir. Elə bil, qaynar su tökdülər başıma. İnanmadım, tez qaçdım baş həkim Cəmil Əliyevin yanına. O da, təsdiqlədi. Sonra eyni ssenari də öz başıma gəldi. İnana bilmədim. Çünki mən sağlam həyat tərzi keçirmişəm. İçki içməmişəm, siqaret çəkməmişəm. Məndə stresdən yaranıb. Anama 8 ay baxmışdım. Gözümün qabağında can verdi. Bu barədə danışmaq istəmirəm. Amma çox ağır bir şeydi, çətin prosesdi.

Valideynlərimə çox bağlı idim. Xaricə gedəndə hamıdan öncə ata-anam üçün hədiyyə alırdım. Yadımdadı, 1998-ci ildə gedəndə - o vaxtlar mobil telefon da yox idi, telefon tapıb hər yarım saatdan bir zəng vururdum.

- Ölümdən qorxursunuz?

- Ölümü əvvəlcədən rahat qəbul etmişəm. Hər an, hər dəqiqə ola bilər. Çölə çıxdığımızda başımıza daş düşə və ya avtoqəza keçirə bilərik. Ağır müalicə olduğunu bilirdim, amma düşünmürdüm ki, əməliyyat zamanı ölə bilərəm. Yadımdadı ağzımı bağlamışdılar, ayılandan sonra qışqırmaq, həkimə nəsə demək istəyirdim. Pis olmuşdum ki, danışmaq istəyirəm, danışa bilmirəm.



"DEDİ Kİ, ÖLÜMCÜL VƏZİYYƏTDƏSƏN PENCƏK TİKİRSƏN"

- Bu gün ad gününüzdür. Necə keçirməyi düşünürsünüz? Ümumiyyətlə, nə hisslər keçirirsiniz? Bəziləri yaş artanda kövrəlir...

 - İnana bilmirəm ki, 40 yaşım olur. Özümü 20-25 yaşındakı kimi hiss edirəm. Bir dəfə Murad Dadaşovun müavini Toğrul Məmmədov xəstəxanada olanda yanıma gəlmişdi. Palatada pencəyimin düymələrini tikir, formasını dəyişirdim. Dedi ki, ölümcül vəziyyətdəsən, saçın tökülüb, pis gündəsən, amma oturub pencək düzəldirsən. Sözüm odur ki, hansı vəziyyətdə oluramsa, olum, həyat eşqi məndə həmişə olub.

- Nə hədiyyə gözləyirsiniz? Nuran üçün bu ad günündə ən böyük sürpriz nə olardı?

- Mənə ən böyük sürpriz o olardı ki, televiziyaya çağırıb deyərdilər sənin verilişindir, aparıcılıq et. Çünki o proqram hesabına biz 3 mindən çox xəstəyə kömək edə bilmişdik. Həmçinin İsveçdə olarkən səfirimiz dəvət edib təbrik etdi, biraz öncə də zəng vurmuşdu. Bayaq “5/5” verilişində olarkən Fərid Mansurov, Vaqif Gərayzadə, Firdovsi Umudov, əkizlər Sevil və Sevinc təbrik etdilər. Keçən il Polad Bülbüloğlu zəng vurmuşdu. Bunlar mənimçün ən dəyərli hədiyyədir.

- Tək yaşamaq çətin deyil ki?

- Son vaxtlar özüm özümə qulluq etmişəm. Gün ərzində o qədər verilişlər olur ki, orada-burada oluram, ona görə özümü tək hiss etmirəm.

- Bilirik ki, hələ də ailə qurmamısınız. Niyə evlənmirsiniz? Kaprizli insansınız?

- İstədiyim var idi. Zamanında anama da demişdim. Kaprizli deyiləm, sadəcə biraz tələbkaram. Təmizliyi sevirəm. Qarşıma yaxşı insanlar çıxanda onların adi bir yaxşılığı barəsində də ürəkdolusu danışıram. Ətrafımdakılar deyir ki, çox tərifləyirsən, əslində bu normal bir şeydi. Amma inanın qarşıma elə insanlar da çıxıb, məsələn bir nəfər var xəstəxanada olanda yanıma gəlib məndən borc pul alır, sonra da guya məni xəstəxanaya aparırdı. Həmin vaxt məndən 2 qat daha çox pul çıxırdı. Az qalsın benzin pulunu da məndən istəyirdi. Ya da eləsi vardı evində qalırdım, məndən istifadə edirdi, 5 qat artıq xərcim çıxırdı. Elə dostlarım da var ki, həyat yoldaşlarını mənə əmanət edirdilər. Mənə güvənirlər, mənə inanırlar. Mən də təsəvvür etmirəm ki, kiməsə pis gözlə baxa bilərəm, kiməsə pislik edəm. Tanımadığım insan belə mənə kömək edib, zamanında əl tutub. Düzdür, pul verməyiblər, amma onu necə qazanmaq lazım olduğunu öyrədiblər. Həmin insanlar mənə gecə 3-də də zəng vurub çağırsalar, gedərəm.



- Bəs evlənəcəyin xanımda hansı özəlliklər olmalıdır?

- İlk növbədə mənə inanmalıdır. Mənə xəyanət etməyi düşünməməlidir. Hər zaman axtarışdayam. Evlilik lotereya kimi bir şeydi. Bu yaşda tapmaq da çətindir. Kənardan o elə deyər, bu belə deyər düşüncəsi də var. Amma ən asası diqqət edirəm ki, mənə uyğundurmu, yoxsa deyil.

"SEVDİYİM BİR XANIM VAR İDİ..."

- Bəyəndiyiniz və ailə qurmaq istədiyiniz biri olubmu?

- Qəlbən sevdiyim bir xanım vardı. İstəyirdim ailə qurum, amma qismət olmadı. Başqa ölkəyə köçdü. O, gedəndən sonra çox pis oldum, depressiyaya düşdüm. Əslində səhv özümdə oldu. Vaxtında hislərimi açıb deyə bilmədim. Sonra da gec oldu. Orda yaşamağa getmişdi. Məni də çağırdı, amma valideynlərimi qoyub gedə bilmədim. Getsəydim, ən azı 8-10 il qalmalı idim. Ona görə getmədim, valideynlərimi seçdim.

- Möcüzələrə inanırsınız? Həyatınızdakı ən böyük möcüzə nə olub?

- Təyyarədə olarkən 20 ildir ki, görmədiyim dostumu gördüm. Çalışmaq üçün xaricə getmişdi, uzun illərdi xəbər yox idi. Həmçinin uşaq olanda Brilliant Dadaşovanı çox sevirdim. Elə oldu ki, bir gün dostum Ənvər Sadıqov məni onunla tanış etdi. Bu da bir möcüzə idi mənimçün.

15 il öncə aktrisa Həmidə Ömərova ilə “Yuğ” teatrına, aktrisa Zümrüd Qasımovanın tamaşasına getdik. Ümumiyyətlə, harasa gedəndə gül aparıram. Tamaşanın sonunda ona gül hədiyyə etdim. Bu yaxınlarda ARB-də aparıcılıq etdiyi verilişində olarkən həmin gülü göstərdi. Ona o qədər təsir etmişdi ki, qurudub bu günə kimi saxlamışdı. Möcüzə olmasa da, həyatımda baş verən maraqlı hadisələrdən biri idi.

- Hazırda efirdə hansı verilişləri izləyir, bəyənirsiniz? Efirdən getdiyiniz müddətdən indiyə kimi nələr dəyişib?

- Verilişlərə o qədər də çox baxa bilmirəm. Ümumi olaraq məlumatım var. Amma yenə dediyim kimi səviyyəni qoruyub saxlamaq lazımdır. O gün məni bir verilişə çağırmışdılar. İnanın, bir kəlmə belə danışa bilmədim, açıq-aşkar əllə işarə etdim ki, mənə söz verməyin. Üzr istəyirəm, zorlama ilə bağlı idi, dava düşmüşdü. Axırda da dedim ki, xahiş edirəm məni bir də bu verilişə çağırmayın. Qonaq çağıranda da elələrini çağırırlar, özləri bir nümunə deyil ki, başqalarına da nəsə bir məsləhət versin.

Çingiz SƏFƏRLİ