Səbinə Allahverdiyeva: "100 mini mənə verəcəklərinə inanmıram"

Səbinə Allahverdiyeva: "100 mini mənə verəcəklərinə inanmıram"
11807 dəfə oxunub
  • A-
  • A
  • A+

- Türkiyədəki “Bu gün ne giysem” yarışmasına qatılmağın sənə böyük uğur gətirdi. Bu ideya necə yarandı?

- Anamla Türkiyəyə alış-verişə getmişdim. Ticarət mərkəzində gəzəndə insanları “Bu gün ne giysem” yarışmasına yazılmaq üçün növbəyə düzüldüklərini gördüm. Yaxınlaşıb təxmini bir blank doldurdum. Heç məni seçəcəklərinə ümid etmirdim. Seçilməyim xəbəri gələndə çox peşman oldum. Heç getmək istəmirdim. Amma heç xəbərim olmadan onlarla müqavilə bağlamışam: əgər getməsəydim, 50 min təzminat ödəməliydim.Çəkilişlərə bir gün qalmış burdan geyimlərimi alıb getdim.Ordakı səviyyəni görəndən sonra dedim yaxşı ki, gəlmişəm. Orada Uğurkan Eresin agentliyinə yazılmışam, onlarla çalışıram.

- Bütün çətinlikləri keçərək finala – qala gecəyə qalmısan...

- 70 qızın icindən seçilib finala qalmaq asan deyildi. Amma münsiflər hər zaman seçimlərimi bəyəndilər və məni bu yerə kimi gətirib çıxardılar. Finalda qalib olacağıma inanmıram. Hər şey səsvermə ilə olacaq. Qalib üçün nəzərdə tutulan 100 min TL- ni yəqinki bir əcnəbiyə yox, öz vətəndaşlarına verərlər. Əgər qalib olsam, 100 mini birdəfəyə almayacam, onlarla müqavilə imzalayacam və məbləğ hissə-hissə ödəniləcək. Qala gecəsi dekabrın 27-də show tv-də canlı yayımlanacaq.

- Verilişdə özünə qarşı ayrıseçkilik görürsənmi?

- Yox, məni çox bəyənirlər. Geyimimdən xoşları gəlir, amma aksesuarlarımı həmişə tənqid edirdilər. Uğurkan Azərbaycanı çox sevir. Həmişə deyir ki, mən onlar üçün yabancı sayılmıram.

- Yəqin, buradakı qazancınla ordakı məvacibin arasında böyük fərq var. Sirr deyilsə, bir çəkiliş üçün nə qədər qonorar alırsan?

- Türkiyədə “Muhteşem yüzyıl” serialında çəkildim. Orada Sultan Süleymanın hərəmxanasındakı qızlardan biri idim. Bir neçə dəqiqəlik süjet üçün 500 manat aldım. Bizdə xalq artistimizin aylıq qonorarı heç o qədər deyil. Serialda çəkilmək mənim üçün əsl sürpriz oldu. Agentlikdən dedilər, gedirik, mən də razılaşdım. Bir də gözümü açdım ki, serialın içindəyəm. Saçlarımın rənginə görə orada mənə Hürrəm deyirdilər. Bakıda podiumlarda bir az tanınan model bir geyimə 100 manat alır. Bizdə model deyəndə ancaq “əxlaqsız peşə” sahibi kimi düşünürlər. Onlarda isə model ən hörmətli peşədir.

- Sənin ən yaralı yerin Azərbaycanda keçirilən model müsabiqələridir. Hər dəfə bu yarışmalarda saxtakarlıqlar olduğunu, haqsızlıqlara yol verildiyini deyirsən...

- Çünki müsabiqələrin hamısı “sıfır” səviyyəsindədir. Elə sonuncu dəfə keçirilən “Miss Civilization of  The Word” müsabiqəsindən götürək. Dünyanın dörd bir yanından modellər gəlsə də, çox keyfiyyətsiz, səliqəsiz bir yarışma təşkil edildi. Əməlli-başlı biabırçılıq idi. Biz belə müsabiqələr keçirəcək səviyyəyə hələ çatmamışıq. Doğrudur, təşkilatçılar belə müsabiqələr keçirməyə can atırlar. Amma bizdə maddiyata olan tamaha qarşı çıxmaq mümkün deyil. Müsabiqələrdə istedad, gözəllik rol oynamır. Əsas puldur. Kimin imkanı var, gətirib beş min manat verib, birinci olur. Model müsabiqələrimizdə açıq bazardır. “Miss Azerbaijan” yarışmasına qatıldım. Amma finala getmədim, öz istəyimlə tərk etdim. Çünki bilirdim ki, birinci yerə kim çıxacaq. İştirakçılar özləri yaxınlaşır təşkilatçılara ki, mənim adamım var, gətirəcək sənə bu qədər pul verəcək, məni birinci et.

- Təşkilatçıların məqsədinin model seçmək yox, pul qazanmaq olduğunu deyirsən. Bəs, modellərin pulla birinci seçilmək istəməsinin səbəbi nədir?

- Təşkilatçılar sponsorlar hesabına varlanırlar. Qızlar isə məşhurlaşmağa can atırlar. Qarşılarına qoyduqları məqsədə çatmaq üçün belə yola əl atırlar.
 

- Yəqin, elə buna görə də illərdir Azərbaycanda model biznesi irəliləmək əvəzinə daha da geriləyir...

- Burda bizim modelyerlərimizin də günahı var. Modelyerlər xarici ölkəyə moda nümayişinə gedəndə öz modellərimizi aparmır. Əksinə xaricilərə üstünlük verirlər. Bilirəm, bu, maddi baxımdan daha ucuz başa gəlir. Amma gərək ən az iki model özümüzünkü olsun. Bizdə modellik peşəsi yaxşı olsaydı, mən başqa ölkədə işləməyə pul qazanmağa çalışmazdım.

- Bildiyimə görə, “Top model” müsabiqəsinə də qatılmışdın. Amma onu da yarımçıq qoydun. Səncə, bu yarışmanın qalibi birinci yerə layiq idi?
 
- Sonuncu “Miss civilization”da birinci seçilən xanım layiq idi. Tam bizim milli qızlarımıza oxşayırdı. Amma onun modellik peşəsindən xəbəri yoxdur. Onu model görmürəm, səhnədə qüsurları çoxdur. Bir neçə ölkədə model müsabiqəsinə qatılmışam. Hamısında da saxtakarlıqlar var. Ən şəffaf müsabiqə Malaziyada keçirilir. 

- Bəlkə elə özün şəffaf bir müsabiqə keçirəsən?

- Bu, mənim ən böyük arzumdur. Amma sponsor tapmaq çox çətindir.
 
- Hansı modellərimizi bəyənirsən?

- Nigar Talıbovanı peşəkar hesab edirəm. O da Türkiyədə fəaliyyət göstərir. Bir də Natella Kərimova peşəkardır. Züleyxa Akçurina, Validə Abbasova kimi modellərin dövrü bitib. Onlar elə müsabiqələrdə münsif heyəti kürsüsündə otursalar, yaxşıdır. İndi gənc modellərin dövrüdür. Son vaxtlar heç bir yenilik də etmirlər.
 
- Niyə bizdə sponsorların ilk işi modelə “yatmaq” təklif etmək olur?

- Çünki modellərin əksəriyyəti belə şərait yaradıb. Mən və ya başqa bir-iki nəfərin özünü təmizə çıxarması ilə düzəlmir. Bu da model biznesini ucuzlaşdırır.

- Yarışma ərəfəsində orada qalıb, işləmək təklifləri gəlməyib?

- Dəvətlər var. Onlar daima yeni simalar axtarırlar. Mən də yeni sima kimi serilların birində baş rola dəvət almışam. Dekabr ayından Türkiyəyə köçürəm, orada müəllim tutacağam və aktrisalıq dərsi alacağam. Onlarda aktyorluq bacarığı çox güclüdür, rolu çox içdən oynayırlar. Bizim aktyorlar çox sünidir. Bir də mən kitab yazmağa başlamışam. Kitabda öz həyatımdan, işimdən, hətta şəxsi həyatımda olan insandan da bəhs edəcəyəm. Bu kitab 5 ildən sonra işıq üzü görəcək. Orada açacağım sirrlər hamını şok edəcək.

- Özünü təkmilləşdirmək üçün nə edirsən?

- Mütləq idmana gedirəm. Çəkimə fikir verirəm. Modellərimiz öz üzərlərində işləməlidilər. Çəkiyə fikir vermək lazımdır. Özünü aparmaq qabiliyyətin olmalıdır. Bizim modellərin əksəriyyəti səhnədə çox sünidilər. Səmimi olmalıdılar.

- Sevgi cəbhəsində vəziyyət necədir?

- Şəxsi həyatımda hər şey yaxşıdır. Bu aralar bir-iki söhbətlər ortaya çıxdı. Amma indi hər şey qaydasındadır. Amma planımda evlənmək yoxdur. Bu haqda çox danışmaq istəmirəm, həm qarşı tərəf xoşlamır, həm də ailəmdə söz-söhbətlər yaranır. Hərə öz işiylə gündəmə gəlsə, daha yaxşı olar.

Foto: Bəhruz Əlizadə

Çəkilişdə göstərdikləri köməyə görə "Lake Palace" hotelə təşəkkür edirik.
Ünvan: 63 A, Zahid Xəlilov küç. AZ1141 Baku, Azerbaycan