Kukla Teatrında "Turp" nümayiş olunacaq

Kukla Teatrında "Turp" nümayiş olunacaq
325 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Kukla Teatrında rus xalq nağılı “Turp” nümayiş olunacaq.

Bu barədə Axşam.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Yaradıcı heyət bu dəfə məşhur rus xalq nağılı “Turp”a müraciət edib. Artıq məşqləri gedən tamaşa daha çox aşağı yaş qrupu tamaşaçılar üçün nəzərdə tutulub.

Klassik xətti qorunub saxlanılan tamaşaya yeni obrazlar artırılmaqla dramaturji baxımdan daha da zənginləşdirilib. Belə ki, biz bu tamaşada nağılda qeyd olunan qəhrəmanlarla yanaşı üç yeni obrazı – Müqəvva, Qarğa və Siçanın atasını – görəcəyik.

Güc birlikdədir ideyasını əsas götürən tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verir. Vizual elementlər və rəngarəng musiqilərlə zəngin səhnə işinin rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Teatrın aparıcı aktyoru, Respublikanın Əməkdar artisti Rəhman Rəhmanovun 60 illik yubileyi münasibətilə hazırlanan birhissəli uşaq tamaşasında qolçaq kuklalardan istifadə olunur. Əsas oyun xətti hazırlanma texnikasına görə gərdək arxasından olacaq tamaşada R.Rəhmanovla (Baba) yanaşı, daha iki canlı plan oyunu nəzərdə tutulur.

Martın əvvəllərində premyerası baş tutacaq tamaşada rolları Cəmilə Allahverdiyeva, Cavid Telman, Aygül Ağayeva, Nərmin Əhmədova, Samirə Nəcəfova, Vüsal Hüseynov, Elnur Əliyev və Firuzə Nəsibli ifa edirlər.