"Formaggio" jurnalına diplom verdilər

"Formaggio" jurnalına diplom verdilər
821 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən Beynəlxalq Kulinariya günü münasibətilə keçirilən tədbirdə Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) ötən 1 il ərzində gördüyü işlər barədə geniş məlumat verilib.
 
AMKA-nın icraçı direktoru Ceyran Əsgərova bildirib ki, Beynəlxalq Kulinariya Günü dünyada 10-cu dəfə, Azərbaycanda isə 7-ci dəfədir ki, keçirilir. Bu günədək regional mətbəxin öyrənilməsi üçün AMKM tərəfindən respublikanın Ağcabədi, Qəbələ, Şamaxı və digər bölgələrdə ekspedisiyalar təşkil olunub. Qeyd olunub ki, ötən bir il ərzində AMKM 2 Beynəlxalq elmi konfransda və 6 Beynəlxalq çempionatda iştirak edib. Bu çempionatlardan Azərbaycana 12 qızıl, 14 gümüş, 18 bürünc medal, 1 kubok və onlarla diplom gətirilib.
 
Bundan başqa, AMKM, Milli Təhlükəsizlik Nazirliyinin, Müəllif Hüquqları Agentliyinin, Milli Elmlər Akademiyasının, Bakı Dövlət, Bakı Slavyan, Azərbaycan Dillər universitetinin köməyi ilə “Azerbaijani Cuisine” adlı kitab nəşr etdirib. Bu kitabda Azərbaycan milli mətbəxinin xörəkləri və şirniyyatları yer alıb. Tədbirin sonunda Azərbaycan Milli Kulinariya Assosiasiyasının fəaliyyətini obyektiv şəkildə işıqlandırdığına görə Formaggio jurnalına diplom, kulinarlara isə ad və dərəcələr verilib.
 
Xatırladaq ki, cəmi 3 sayı işıq üzü görən Formaggio qida jurnalı tez bir zamanda oxucu auditoriyası toplayaraq, geniş marağa səbəb olub. Dərgi Azərbaycan mətbəxi ilə yanaşı, dünya mətbəxinə, tanınmışların qida tərzinə, peşəkarların məsləhətinə, dadlı və fərqli reseptlərə yer ayırması ilə fərqlənir.