Ayan 3 ildən sonra yenidən onunla bir araya gəldi: “O yerdəyəm”

Ayan 3 ildən sonra yenidən onunla bir araya gəldi:  “O yerdəyəm”
5015 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ayan Babakişiyeva “O yerdəyəm” adlı yeni mahnı səsləndirib.

Axşam.az-ın məlumatına görə, bəstənin sözləri və musiqi Xanım İsmayılqızına məxsusdur.

Yeni işindən danışan A.Babakişiyeva sevənlərinə sürpriz etdiyini deyib:

“Üç illik fasilədən sonra Xanım İsmayılqızı ilə işbirliyimiz oldu. Düşünürəm ki, onunla işimiz bundan əvvəl sənətimdə necə dönüş edibsə, indi də elə olacaq. Həm Xanım İsmayılqızının, həm də mənim ürəyim dolu idi. Məlum səbəblərdən o da uzun müddətdir mahnı yazmırdı, yaradıcılığına fasilə vermişdi. Onunla çalışmaq üçün darıxmışdım. Mahnını Bakıya sonuncu səfərim zamanı oxudum. Ötən gün hazır oldu və mənə göndərdilər”.

Uzun müddətdir İstanbulda yaşayan A.Babakişiyeva bəstəyə klip çəkdirəcəyini deyib:

“Klip hazırlıqları İstanbulda gedir. Burada öz şirkətim tərəfindən lentə alınacaq. Yeni prodakşın yaratmışam. Hazırda xaricdən avadanlıqlar gətirilir. Bundan sonra yerli müğənnilərimiz Türkiyədə klip çəkdirmək istəyəndə mənə müraciət edəcəklər”.

A.Babakişiyeva daha sonra “Mahnının adı “O yerdəyəm”dir. Elə mən də həyatımda artıq istədiyim o yerdəyəm. Sevirəm və sevilirəm” deyə, əlavə edib.

Qeyd edək ki, mahnının aranjimanı Nurlan Hatəmoğluna məxsusdur.