Xalq artistinin 90 illik yubileyi keçirildi - fotolar

Xalq artistinin 90 illik yubileyi keçirildi -  fotolar
1480 dəfə oxunub
  • A-
  • A
  • A+

Akademik Milli Dram Teatrında xalq artisti Lütfü Məmmədbəyovun 90 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib.

Axşam.az-ın məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığının əks olunduğu fotosərgi ilə tanış olublar.

Teatrın direktoru Azər Paşa Nemət aktyorun Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışıb.

O, bildirib ki, Lütfi Məmmədbəyov 1961-ci ildən başlayaraq Akademik Milli Dram Teatrında çalışıb:
 
“Lütfi Məmmədbəyov Azərbaycan teatrını, bizim kinomuzu və ümumən mədəniyyətimizi sevən bir insan idi. Onun tələbələri, yetirmələri bu gün Azərbaycan teatrının və kinosunun əsas simalarıdırlar. Lütfi müəllimin Xalq Teatrındakı fəaliyyəti, Akademik Milli Dram Teatrında hazırladığı səhnə əsərləri hər zaman böyük hörmət və ehtiramla xatırlanıb. Nə qədər ki Azərbaycan mədəniyyəti var, Lütfü müəllimin adı və imzası hər zaman yaşayacaq, xoş hisslərlə yad olunacaq”.

Daha sonra aktyorun sənət dostları – xalq artistləri Hacı İsmayılov, Əminə Yusifqızı, Məleykə Əsədova, İlham Namiq Kamal, Bəsti Cəfərova, Ramiz Məlik Lütfi Məmmədbəyovu böyük sənət xadimi, qayğıkeş insan, unudulmaz müəllim kimi xatırlayıb, onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Sənətkarın oğlu İlham Məmmədbəyov tədbirin təşkilatçılığına görə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkürünü bildirib.