"Özündən aşağı olanları alçaldan varlılara..." - Ülviyyə Rəhmanova

"Özündən aşağı olanları alçaldan varlılara..." -  Ülviyyə Rəhmanova
3418 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az "Nargis" jurnalının baş redaktoru və "Buro 24/7" saytının təsisçisi Ülviyyə Rəhmanovanın proloq.az saytına müsahibəsini təqdim edir:

- Ülviyyə xanım, fərqliliyiniz və fərdliliyiniz nədən ibarətdir?

- Düşünürəm ki, bu, daha çox valideynlərimin əməyinin nəticəsidir. Aldığım tərbiyə, genetika, uşaqlıqda çoxlu səyahət etməyim və müxtəlif insanlara ünsiyyətdə olmağım məndə indiki şəxsi formalaşdırıb.

- Sizcə, bir şəxsin uğurlu insan olub-olmadığını necə müəyyənləşdirmək olar?

- Yaxşı övladlar tərbiyə edə bilmisənsə, bu, artıq uğurdur. Uğur – mümkün olan bütün zirvələri fəth etmək, bununla belə qürur hissini itirməmək, dostlarla münasibətləri qorumaq və həyatdan zövq almaqdır. Bizim zamanın insanlarının böyük uğuru onları əhatə edən hər şeydən həzz almaq və bununla belə heç nə itirməməkdir.

- Bəs sizin təsəvvürünüzdə uğur nədir?

- Bu insandan asılıdır. O çox uğurlu insan olsa da, həyatdan zövq almaya bilər. Əksinə, hansısa işlərdə uğur qazandığın halda belə, ətrafda olan hər şeydən maksimum zövq ala bilməzsən.

- “Yanlışlar olmasa, doğrular tapılmaz” – deyirlər. Sizcə, uğursuzluq yanlışlardan doğur?

- Uğursuzluq doğru olmayan hərəkətlərdən yaranır. Əgər uşaqlarınıza münasibətdə emosiyalarınıza azadlıq verirsinizsə, bu normaldır. Ancaq heç bir halda işdə, biznesdə emosiyalara qapılmaq olmaz.

- Apardığınız mübarizədə uğursuzluqla üzləşdikdə nə edirsiniz?

- Bu üzləşdiyim uğursuzluqdan asılıdır. Şəxsi həyatla bağlı uğursuzluqdursa, əlbəttə ki, narahat oluram, ancaq bunu gizlətməyə çalışıram. Biznesdə uğursuzluğa gəlincə, mən həmişə çıxış yolu tapa bilərəm, çünki hər şeyə soyuq başla yanaşıram.

- Bəs uğurun başlanğıcı və sonu varmı?

- Uğurun sonu yoxdur. Həmişə irəliyə doğru addımlamaq və əldə edilən uğurlarla kifayətlənməmək lazımdır.

- Uğuru uzun müddət qoruyub saxlamaq üçün nə etməliyik?

- İlk növbədə uğuru qoruyub saxlamağı düşünməmək lazımdır. Bu daxildən gəlməlidir. Əgər insan uğurun qorunub saxlanması üçün strategiya hazırlamağa başlayırsa, onda bu çətin alınsın, çünki hər bir strategiyanın sonu var.

- Sizcə, niyə bəzi gənclər bir işə başlayarkən “Düşün, tətbiq et və nəticələndir” prinsipini unudurlar?

- İnsanlar əsasən, müəyyən nəticəni əldə etmək üçün hansısa qərarlar verirlər. Ancaq hesab edirəm ki, ürəyin səsinə qulaq asmaq lazımdır. İnsanın daxilində bir işin alınacağına əminlik hissi olmalıdır, bəzən isə ümumiyyətlə nəsə gözləmək lazım deyil. Adətən, heç nə gözləmədikdə həmin iş alınmağa başlayır.

- Qarşısındakına “əhəmiyyətlisən” mesajını verməkdə çətinlik çəkənlərə nə söyləmək istərdiniz?

- Bu təbiidir. Karyerasında ən yüksək uğurları qazanmış insanlarla ünsiyyət qurmaq çox vaxt ağır olur. Bu o demək deyil ki, sən pis adamsan, sadəcə hər bir adamın öz zəif tərəfləri var.

- Övladınızın gələcəkdə uğurlu ola bilməsi üçün nə edirsiz?

- Oğlumu sevgi və qayğı ilə əhatə edirəm. Çalışıram ki, o, maarifləndirici cizgi filmlərinə baxsın. Əsasən, bu bizə Sovet İttifaqından qalan cizgi filmləridir. Onlar insanları xeyirxah və qayğıkeş olmağı öyrədir. Oğlumun uğurlu olması üçün mənim hansısa strateji planım yoxdur. Mənim üçün ən vacibi onun hər şeyə rəğmən xoşbəxt olmasıdır.

- Sizcə uğura aparan yolda insanların ən güclü silahı nədir?

- Ən güclü silah – hər şeydə tamamilə soyuqqanlı olmaqdır. Qarşıdakı heç vaxt sizin necə olduğunuzu tam bilməməlidir. Belə olan halda insan həmişə öndə və qalib olur.

- Uğur yaşdan, yoxsa başdan asılıdır?

Düşünürəm ki, 18 yaşlı insan 30 yaşında düşünəcəyi kimi düşünmür. İnsan bəzi anları cavanlığına görə əldən qaçırır. Həyat göstərir ki, ağıl yaşda deyil, başdadır.

- İnanmaq asandır, yoxsa inandırmaq?

Bir şeyə inanmırsansa, başqa birisini buna inandıra bilməzsən. Buna görə də əvvəlcə özünə inam olmalıdır, daha sonra isə başqalarını inandırmaq olar.

- Əgər sizə dünyada yalnız bir şeyi dəyişdirmək imkanı verilsəydi, nəyi dəyişdirərdiz?

- İnsanlar arasında bərabərsizliyi aradan qaldırmaq istərdim. Bu, öz uşaqlarını döyən analara, xanımını döyən kişilərə, statusca özündən aşağı olanları alçaldan varlı insanlara aiddir.

- Özünüzə sizin kimi bir dost arzu edərdinizmi?

- Birmənalı olaraq, bəli.

- Necə düşünürsüz, sevginin təbliğata ehtiyacı var?

Xeyr, sevginin heç nəyə ehtiyacı yoxdur. Əgər onu təbliğ etməyə başlayırlarsa, bu onun üzərində qazanc etməkdən də pisdir və belə münasibətlərdən qaçmaq lazımdır. Sevgi – güclü və ən vacib olan təmiz münasibətdir.

- Bəs sizcə ceyranın gözündə aslan sevimli ola bilərmi?

Əlbəttə. Sevgi möcüzələr yaradır və hətta bir-birinə tamamilə əks olan tərəflər belə sevgi qarşısında acizdir.

- Yaşamaq və var olmaq arasında fərq nədir?

- Əvvəl də dediyim kimi, insan öz uğur və uğursuzluğuna baxmayaraq hər şeydən zövq almalı, düşüncələrində həmişə azad olmalıdır. Özünə hansısa söhbətdən qorunmaq üçün məhdudiyyətlər tətbiq edirsənsə, o zaman sən avtomatik olaraq rahat yaşamaqdan məhrum olursan və düşüncələrində azadlığını itirirsən. Övladlarımın həmişə öz düşüncələrində azad olmalarını istəyirəm.

- Uğurlu olmaq istəyənlərə ən gərəkli məsləhətiniz nədir?

- İlk növbədə özünə inanmaq və ətrafınıza sizin uğur qazana biləcəyinizi sizə təlqin edən adamlar yığmaq lazımdır. Bu, lövbər kimi sizi aşağı çəkən və inkişaf etməyə imkan verməyən insanlardan yaxşıdır. Özünüzü cəsur və uğurlu insanlarla əhatə edin.