Azərbaycanda Milli Geyim Günü təsis edilə bilər - fotolar

Azərbaycanda Milli Geyim Günü təsis edilə bilər -  fotolar
740 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda Milli Geyim Günü təsis edilə bilər.

Axşam.az-ın məlumatına görə, bu barədə Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilovanın adına daxil olmuş Mədəniyyət və Turizm Nazirliyinin məktubunda deyilir.

Məktubda bildirilib ki, Azərbaycan qeyri-maddi mədəni irsinin bir hissəsi olan milli geyimlərin təbliği, bu sahənin populyarlaşdırılması baxımından əhəmiyyətini nəzərə alaraq, Mədəniyyət və Turizm Nazirliyi Milli Geyim Gününün təsis edilməsini məqsədəuyğun hesab edir. Məsələyə aidiyyəti qurumlarla birlikdə müvafiq qaydada baxılacaq.

G.Xəlilova daha əvvəl milli adətlərin qorunması və inkişafı, etnik yaradıcılığın təbliği məqsədi ilə Milli Geyim Gününün təsis edilməsi barədə nazirliyə məktub ünvanlayıb. G.Xəlilova bu ideyanın həyata keçirilməsinin əhəmiyyətini vurğulayarq, təşəbbüsünə dəstək verdiyinə görə nazirliyə minnətdarlığını bildirib.

Onun sözlərinə görə, Azərbaycanda mədəniyyət və incəsənətin inkişafına, milli irsin qorunması və təbliğinə xüsusi diqqət yetirilir, layihələr böyük uğurla reallaşdırılır, müxtəlif festivallar, müsabiqələr, gecələr və mərasimlər keçirilir:
 
“Novruz bayramı günləri qabağı, o cümlədən “Axır çərşənbə”də və ya ölkə tarixinin ən görkəmli qadınlarından birinin ad günündə keçirilməsi mümkün olan Milli Geyim Gününün təsis edilməsi ölkəmizin həyatında parlaq hadisəyə çevriləcək”.

Dizayner əlavə edib ki, Azərbaycan milli geyimi uzunmüddətli və çox mürəkkəb inkişaf yolu keçmiş mənəvi, mədəni və tarixi irsin ayrılmaz hissəsidir:

“Bu ideyanın reallaşdırılması gözəl ölkəmiz barəsində bütün dünyaya bəyan etməyin daha bir fürsəti olacaq. Həmin gün müxtəlif müsabiqələr, festivallar, sərgilər və moda gecələri, ölkənin şəhərlərinin küçələrində milli geyimdə karnaval yürüşü keçirmək mümkündür. Möhtəşəm bayram uzun müddət insanların yaddaşında qalacaq və şübhəsiz ki, irsimizin, mədəniyyətimizin və incəsənətimizin çox gözəl təbliği olacaq”.