Xalq artisti Aygün Bayramova ilə Milli Konservatoriyada dərs zamanı görüşdük. Tələbələrini başına yığıb, onlara muğamın incəliklərini öyrədən xanəndənin tələbələri ilə dost kimi davranışı diqqətimizi çəkdi. Dərs başa çatandan sonra A.Bayramova tələbələrinin onun üçün hazırladığı bayram süfrəsinə əyləşib, onlarla fotolar çəkdirdi. Uşalar da müəllimələrini tərifləyir, ona olan sevgilərindən danışırdılar. Xanəndəni bu ortamdan güclə ayırıb, suallarımızı ünvanlamağa imkan tapdıq. 

Axşam.az A.Bayramova ilə müsahibəni təqdim edir:

- Müəlliməlik necə gedir?
 
- 17 ildir müəllimə kimi çalışıram. Dosentəm. Tələbələrlə birlikdə olmaq xoşdur. Çalışıram hər zaman yaxşı münasibət qurum. Sinfimdə hər zaman mədəni tələbələr olur. Mən Arif Babayev və Şövkət Ələkbərovadan dərs almışam. Onlardan öyrəndiklərimi tələbələrimə öyrədirəm. Onlardan tələbə ilə dost münasibəti qurmağı öyrənmişəm. Şövkət xanımın evinə gedəndə tələbələrinə elə qayğı göstərirdi ki... Bizə ilk sualı bu olardı: Evdən gəlirsiniz, yoxsa məktəbdən? Əgər dərsdən gəlirdiksə, hamımıza yemək yedizdirib sonra dərsə başlayırdı. Onun sənəti ilə insanlığı bərabər idi.

- Yeni tələbələr yetişdirmək, muğamın incəliklərini başqalarına öyrətmək çətin deyil?

- Universitetə qəbul olanlarla yanaşı, kənardan da mənim tələbəm olmaq istəyənlər var. Bəzən valideynlər övladının evdə oxuduğunu görürb, gətirir ki, dərs keçim. Əgər səsi varsa, onu qəbul edirm. Səsi yoxdursa, həmin tələbəni başqa sahəyə yönləndirirəm.



- Tələbələrinizdən ən böyük tələbiniz nədir?
 
- Dərsdə davamiyyət... Qəzəlləri əzbərləmək... Qəzəli əzbər bilməyəndə fikir yayınır. Dərs ərzində onlardan öyrətdiklərimi soruşuram.

"TƏKRARÇILIQLA DİNLƏYİCİNİ YORURLAR"

- Sizin tələbələriniz də gələcəyin muğam ifaçıları olacaqlar. Sizcə onlar arasında gələcəyin Ağaxan Abdullayevi, Arif Babayevi, Aygün Bayramovası var?

- Kaş Aygün Bayramova da, Arif Babayev də, Ağaxan Abdullayev də, Nəzakət Teymurova da olsunlar... Bizim tək istəyimiz sənəti sevmələridir. İnsan zəhmət çəkməlidir. Muğam müsabiqələri keçirilir, nə qədər ifaçılar seçilir. Amma sonradan üzərlərində çalışmırlar, səsi də, tanınmağı da batıb gedir. Səsi Allah insana verir. Gərək sən də zəhmət çəkəsən, onun üzərində işləyəsən. Mən oxumağa başlayanda heç 9 yaşım yox idi. Kiçik qız idim, evdə, məktəbdə oxuyurdum. Qardaşımın gözəl səsi var idi, amma davam etdirmədi. Görürsən, birinin gözəl səsi var, amma eyni şeyi oxuyur, təkrarçılığı ilə dinləyicini yorur. Sənətin üzərində çalışanda o ətrafdan hiss olunur. İndi maddiyatın arxasınca çox qaçırlar. Təkcə  muğamı öyrənib başqa fənləri saxlamaq olmaz. Bəzən tələbələr şikayətlənir ki, dərs çoxdur, başqa fənlərin bizə aidiyyatı yoxdur. Deyirəm, hamısını öyrənin. İstedadlı olmaq lazımdır.

"İNDİKİLƏR PUL QAZANMAĞA ÜSTÜNLÜK VERİRLER"

- İndi gənclərin çoxu estradaya, şouya meyilli olurlar...

- Azərbaycanda şou yoxdur. İndikilər çalışır, daha çox toya gedib, pul qazanmağa. Pul qazanmaq yaxşıdır, amma səsin qədrini bilmək lazımdır. Mən tanınmış ifaçı olmazdan əvvəl də, indi də sənətimə qiymət verməyə çalışmışam. Təkliflərə tez qərar vermirəm. Bu, mənim sənətimə olan hörmətimdən irəli gəlir. Pul qazanmaq hər zaman var. Tez qərar verib, hara gəldi getmək olmaz. Hər məclisə getmirəm. Gözəl musiqiçilər Elçin Həşimov və Elnur Həmidovla bir çalışırıq. Onlar da sənətlərinə dəyər verirlər. Tar-kamanım mənlə bərabər olmasa, məclisə getmirəm. Başqa musiqiçi ilə oxumağı qəbul etmirəm. Hər yerə dəvət alıram, amma seçirəm. Muğam sənətində olan çoxları buna fikir vermirlər.

- Bu il yaradıcılığınızın 30 ili tamam olur. Bu yubileyi necə qeyd edəcəksiniz?

- Ad günlərini sevmirəm. Yaradıcılığımın yubileyi ilə bağlı planlarım çoxdur. Hansısa bir konsert salonunda konsert vermək istəyirəm. Bəlkə də sənət dostlarımla birlikdə qeyd etdim. Yubileyim yay ərəfəsinə - avqusta düşür. Mən də onu sentyabrda qeyd edəcəyəm. Valideynlərimə təşəkkür edirəm, hər zaman mənə dəstəkdirlər. Atam mənim ən böyük pərəstişkarımdır. Uşaqlıqdan atam mənlə bağlı olan bütün xəbərləri yığıb saxlayır. Mənim xoş xəbərlərimi eşidəndə sevinir. Atamın gözəl səsi olub, tar ifa edib. Bakıda çalışıb, muğamla maraqlanıb. Amma anam Bakıda qalmağı sevməyib və Ağdama qayıdıb. Qardaşım da muğamla maraqlanıb, əsgərlikdən sonra fikrini dəyişib. Mənim də oxumağıma icazə vermirmiş. Atam deyib ki, ailədə bir böyüyün sözü keçər. Valideynlərim indi də rayonda yaşayırlar.  Bakıda qala bilmirlər. Orada böyük həyətləri var.



"ESTRADA İFAÇISI OLA BİLMƏZDİM"

- Niyə məhz muğam ifaçılığını seçdiniz. Axı estrada hər zaman daha məşhur olub...

- Düzdür, estrada hər zaman daha çox aktual olub. Son illər Mehriban Əliyevanın sayəsində Heydər Əliyev Fondu muğama diqqət ayırıb. Nə qədər disklər hazırlanır, gənc muğam ifaçılarına dəstək olunur. 12 ildir xaricdə də muğamımız inkişaf etdirilir. Asəf Zeynallı adına Musiqi Kollecini bitirib konservatoriyaya imtahan verəndə Elmira Quliyeva adlı vokal müəllimi mənə dedi ki, "Bəlkə vokal sənətinə gələsən?". Razılaşmadım... Mənim xəmirim xalq musiqisi ilə yoğrulub. Ondan da bəhrələnirəm. Estrada da oxumuşam. Elə bir torpaqda böyümüşəm ki, estrada ifaçısı ola bilməzdim. Dünyanın bir çox yerlərində konsert vermişəm. Heydər Əliyev sarayında baş tutan konsertdə oxuyandan sonra Heydər Əliyev kulisə gəldi. Mənə yaxınlaşdı ki, nə gözəl oxudun, adın nədir? O vaxt mədəniyyət nazirimiz olan Polad Bülbüloğlu dedi ki, Aygün Bayramovadır. Ondan sonra mənə "əməkdar artist" fəxri adını verdilər. İki il sonra Üzeyir Hacıbəylinin yubileyi ərəfəsində İlham Əliyev sərancam imzaladı və mənə "xalq artisti" fəxri adı verildi. 11 ildir xalq artistiyəm.  

- Həm "əməkdar", həm "xalq artisti" oldunuz, həm də prezident mükafatçısısınız. 30 illik yaradıcılıq həyatına bir ifaçının qazana biləcəyi hər şeyi sığdırdınız. Bundan sonra nə arzulayırsınız?

- Heç bir istəyim yoxdur. Mənim sənətimə olan diqqət bəsimdir. İncəsənət xadimlərinə hər zaman diqqət ayrılıb. Heç vaxt kimdənsə nəsə istəyən olmamışam. Hər şeyə sənətimin sayəsində sahib olmuşam.

- 30 illik yaradıcılıqda nələr qazandınız, nələri hələ də edə bilməmisiniz?

- Hər zaman geriyə baxır, etdiklərimi analiz edirəm. Edə bilmədiklərim də az deyil. Sənətimə hər zaman ciddi yanaşıram. Haradasa 10 dəqiqəlik çıxışım olsa da, məsuliyyət dərk edirəm, həyəcanlanıram. Hələ görəcəyim işlər çoxdur. Hər zaman yaşıl işıq olmur, hərdən qırmızı işıqla da qarşılaşırıq. Xarici bir vətəndaşı ancaq muğamla təəccübləndirə bilərik. Estrada öndə ola, ifaçıları efirdə çox görünə bilər. Amma onunla əcnəbiləri təəccübləndirmək olmur.

"APARICILAR HAMIYA "BÖYÜK SƏNƏTKAR" DEYİRLƏR"

- Son illər sizi bir az geri çəkilmiş görürük. Efirlərə də gec-gec qatılırsınız.

- Hər zaman verilişlər arasında seçim etmişəm. Ora dəvət olunan qonağı da soruşmuşam. İstəmədiyim insanla verilişdə qonaq olmaram. Bəzi aparıcılarla isə özümü görmürəm. Son zamanlar "sənətkar" sözünü ucuzlaşdırıblar. Hamıya "böyük sənətkar" deyirlər. Bu ifadə başqa mənanı verir. 9 yaşımdan sənətdə çalışıram, amma özümə "sənətkar" deməmişəm. Bu ad kiməsə yaraşmırsa, onun deyilməsinin əleyhinəyəm. Beş-on mahnı ilə böyük sənətkar olmur. Bu adı deyəndə heç olmasa, ona layiq olub-olmadığını soruşun.  



- Siz eyni zamanda səhnəmizin Leylisi olmusunuz. Amma iki il bundan əvvəl Opera və Balet Teatrından getdiniz...

- Mayda iki il olacaq ki, teatrdan getmişəm. Hələ ondan iki il əvvəl gedəcəkdim, sadəcə bir az uzandı. Qərarımı belə verdim. Mənə dedilər ki, nə zaman səhnə istəsəniz, gələ bilərsiniz. Amma bir yerdən çıxdınsa, geriyə qayıtmağa ehtiyac yoxdur.

"HƏR KƏSİN YARATDIĞI BİR "LEYLİ" VAR"

- Hər bir xanəndənin arzusu "Leyli" və "Məcnun" obrazını oynamaqdır. Sizinsə qərarınız bu obrazdan uzaqlaşmaq oldu... 

- Əlbəttə, hər bir xanəndə bu tamaşada oynamağı arzulayır. O obrazı çox sevirəm. Leyli obrazını sevməsəydim, oradan getməzdim. Onun məsuliyyətini dərk edərək teatra getmişdim. Dəfələrlə dəvət almışdım, amma getmirdim. Deyirdim ki, bir az da öyrənim. Obraz üzərində 7 ay işlədim. Dedim mənə vaxt qoyulmasın. Daxilən özümü hiss etsəm ki, premyera ola bilər, onda oynayacağam. 7 ay çalışdım, sonda premyeraya çıxdım. Hər dəfə səhnəyə çıxanda elə bilirdim bu ilkdir. Hər kəsin yaratdığı bir "Leyli" obrazı var.

- Sizdən sonra xalq artisti Nəzakət Teymurova da Opera və Balet Teatrından uzaqlaşdı. Bu mövzu sosial şəbəkədə çox müzakirə olundu. Ən çox rast gəlinən şərh isə "44 yaşlı Leyli olar?" ifadəsi idi. Sizcə "Leyli" və ya "Məcnun" obrazını oynamaq üçün yaş məhdudiyyəti olmalıdır?

- 4 aydır Nəzakət Teymurova teatrdan ayrılıb. Lazımsız söhbətlər yayıldı. Leylini oynamaq üçün gərək o obrazı yaşıya biləsən. Dünyanın hər bir yerində opera səhnəsində yaşı çox olan ifaçılar görürük. Azyaşlı biri səsinin gücü ilə oxuya bilər. Amma burada peşəkarlıq lazımdır. Bizdə "Leyli" səhnədə bir az kilo alıbsa qınayırlar. Dünyada isə opera sənətçiləri kök olurlar. Hamı deyir, gənclər gəlsin. Bəs peşəkarlıq, obrazı sevmək və dərk eləmək? Bunlar asan deyil. Leyli obrazına layiq olmaq üçün zaman lazımdır.

- Bir çox ifaçılar - Gülyanaq Məmmədova, Lalə Məmmədova və başqaları "Leyli" obrazını canlandırıblar. Hansının çıxışını daha çox bəyənmisiniz?

- Biri var işçi olmaq, biri də var gəlib bir-iki dəfə oynayıb getmək. Bunlar tam fərqlidir. Rübabə Muradova, Zeynəb Xanlarova, Səkinə İsmayılova, Qəndab Quliyeva, Gülüstan Əliyeva, Nəzakət Teymurova bu obrazı oynayıblar. Rübabə xanımın Leylisini canlı izləyə bilməmişəm. Amma lent yazısına baxmışam. O qədər gözəl ifa edib ki... Onun oynadığı şam səhnəsi çox gözəl olub. Mənə çox dedilər ki, axı niyə Leyli obrazını atdınız? Dedim ki, bir az da gənclər gəlib, bu obrazın yükünü görsünlər. Bunun üçün çox çalışmaq lazımdır. Gəlib Leyli oynadım, getdim asan iş deyil. Tamaşaçı səni qəbul edib, çıxışını yenidən izləmək istəməlidir. Əsl uğur budur... O obrazın məsuliyyətini o qədər dərk etmişəm ki... Ən xırda nüanslar belə önəmlidir ki, obrazı yaşaya biləsiniz. Rejissorumuz Hafiz Quliyevlə tamaşaya başlayanda mənə dedi: "Səhnənin kənarında Aygün Bayramovasan, səhnədə Leyli. Bunu unutma". Hər dəfə səhnədə o sözlər yadıma düşürdü.



- Son vaxtlar bir çox müsabiqələr keçirilir, gənc ifaçılar seçilir. Siz də "Xalq ulduzu" müsabiqəsində münsif kürsüsündə əyləşmisiniz. Sizcə müsabiqə ilə ifaçı seçmək nə dərəcədə düzgündür?

- SMS olanda yaxşı olmur. Birinin pulu çoxdur, səs verir, birinci olur. Amma sənin seçdiyin istedadlı səsi olan kənarda qalır. 

"MUĞAM SAHƏSİNDƏKİ QALMAQALLAR HƏR ZAMAN PƏRDƏ ARXASINDA OLUB"

- Hər zaman muğam sənətini ciddi, qalmaqaldan kənar qəbul etmişik. Bu yaxınlarda muğam ifaçıları arasında bir qalmaqal yaşandı. Xalq artisti Canəli Əkbərovun Muğam Televiziya Müsabiqəsində münsif kimi iştirak emək istəməsi digər həmkarları tərəfindən qınanıldı. Muğam aləmində belə qalmaqal heç kim gözləmirdi. Çoxları qınadı ki, bizim sənətkarlar belə edirsə, gənclər onlardan hansı örnəyi götürməlidir? Bu qalmaqala münasibətiniz necə oldu?

- İstəməzdim belə hal yaşansın. Şeytana lənət... Amma oldu, ötüb keçdi. Muğam ciddi bir sənətdir. Muğam ifaçıları hər zaman geyimə də diqqət etməlidirlər. Biz də muğam ifaçılarımızdan nələrsə götürmüşük. Hər zaman muğam sənətində söz-söhbətlər pərdə arxasında olub. Bu dəfə nədənsə ictimaiyyətə sızdı...

- Son vaxtlar klassik mahnıları, muğamları sintez edirlər. Buna necə baxırsınız?

- Peşəkar şəkildə sintez varsa, qulağa gözəl çatırsa, onu bəyənirəm. Amma hərdən mahnını elə günə salırlar ki, biabırçılıqdır. Siyavuş Kəriminin latın musiqiçiləri ilə sintezi var. Çox yaxşı alınıb. Bir dəfə "Gözəlim sənsən"mahnısını norveçli musiqiçilərlə sintez etdim. O da yaxşı alındı. 

"EFİRDƏ HEÇ VAXT CİNS ŞALVAR GEYİNMƏMİŞƏM"

- Səhnə xanımları hər zaman baxımlı və formada olmalıdır. Aygün Bayramova özünə vaxt ayıra bilir?

- Hiss olunmur? (gülür) Hər zaman baxıma fikir verirəm. Səhnəyə çıxan xanım formada olmalıdır. Tamaşaçı baxır və çox şey götürür. Yuxuma haram qatacağam, amma baxımlı olacağam. Səhər efirim varsa, tezdən oyanıb salona getməliyəm. Buna çox önəm verirəm. Adam var baxırsan efirə necə gəldi çıxır. Efirin geyim mədəniyyəti var. Zövqlü olmalısan. Saç düzümün, libasın tamaşaçıya xoş təəssürat bağışlamalıdır. Mən efirdə heç vaxt cins şalvar geyinməmişəm. Həyatda idman stilində geyinirəm, müasir fikirdəyəm. Amma efirdə başqa olmalıyam, sənətimə uyğun geyinməliyəm.

- Deyirlər Aygün Bayramova kaprizli xanımdır...

- İnsan kaprizli olmalıdır. Əgər insan hər şeyi asan bəyənmirsə, kaprizli deyirlər. Ola bilər bir az kaprizlərim çoxdur. Hər şeylə razılaşan deyiləm. Hər şeyə tez qərar vermək olmaz. Nəyəsə qərar verəndə, çox düşünürəm. Çünki asan qərar verəndə peşman oluram.



- Boş vaxtlarınızı necə keçirirsiniz?

- Boş vaxtım çox az olur. Bilmirəm səhər necə açıldı, axşam necə gəldi. Boş vaxt tapanda gözəl mahnılara qulaq asıram. Sənətdə xasiyyətimiz tutan dostlarım var. Məni efirdə ciddi görürlər. Amma mən də insanam, yumor hissim var. Yaxın rəfiqələrimlə zarafatlaşıram da.

- Bəs deyirlər, sənət adamından dost olmaz...

- Nəzakət Teymurova ilə sözümüz tutur. Yumor hissimiz var. Biz bir yerə düşəndə başqa aləm olur. Almaz Orucova ilə də dostam. Çalışırıq, vaxtımız olanda onu gözəl keçirək. Hansısa məkanda oturub dərdləşir, söhbət edirik. Söz-söhbətdən hər zaman uzaq olmuşam. Qalmaqal mənlik deyil. Mənə aid olmayan insanı özümdən asanlıqla uzaqlaşdırır, soyuq münasibət yaradıram. Dostluqda da sədaqətli, mərd biriyəm. Dost üçün ölümə belə gedən adamam. Kəsdiyim çörəyə önəm verirəm. Bəzən maqazin verilişlərində elə cılızlıq edirlər ki... Baxırsan, görünür ki, quraşdırılmış davalardır. Fikir ayrılığı da olur, amma bu, başqadır.

- Səhnədə Leyli olub, Məcnun tapdınız. Bəs, Aygün Bayramova həyatında Leyli olub, Məcnunu tapa bildimi?

- Mən heç vaxt şəxsi həyatımı açıqlamıram. Bu, mənim dünyamdır. Şəxsi həyatımı gündəmə gətirmərəm. Mənim sənətim xalqa məxsusdur, şəxsiyyətim özümə. İstəmirəm tamaşaçı mənim şəxsi həyatımı bilsin. Tamaşaçı məni səsimə, səhnə mədəniyyətimə görə sevsin. Məcnunu tapmağa gəldikdə isə... Gün gələr Məcnun da tapılar... (gülür)

"ÖZÜMÜ SOSİAL ŞƏBƏKƏSİZ GÖRMÜRƏM"

- Sizi İnstaqram istifadəçisi kimi də tanıyırıq. Sosial şəbəkələr çox bağlısınız?

- Özümü sosial şəbəkəsiz, internetsiz təsəvvür etmirəm. Bir canlı musiqi səsləndirir, İnstaqrama qoyuram, elə gözəl sözlər yazırlar ki... Mənim üçün bu bir dünyadır. Sağ olsunlar ki, mənə qulaq asırlar. Sənətdə olan adam üçün gözəl sözdən xoş heç nə ola bilməz. İndi internet əsridir. Hərdən düşünürəm ki, iki gün telefonsuz qalım. Amma görürəm alınmır. Heç vaxt mənə tənqid yazmırlar. Amma başqalarında çox görürəm. Elə sözlər yazırlar ki, adam dəhşətə gəlir. İnsanlar nə qədər aqressivdir. Ola bilər, kiminsə ifasından xoşu gəlməsin, amma ağzına gələni yazmaq olmaz.

- Tanınmış xanım olmaq həyatınızda nələrə mane oldu?

- Çox şeylərə mane olur. Sənət adamı olmaq asan deyil. Hər addımına fikir verməlisən. Birdə görürsən ki, piyada gedirsən, hamı səni tanıyır. Bunlar xoşdur. Ona görə də diqqət etməlisən.

- Heç depressiyaya düşürsünüz?

- Depressiyanı qəbul etmirəm. O nədi ki, ora düşəsən (gülür). Çox dostlarımı depressiyadan xilas etmişəm. İnsanın əhvalı korlana bilər. Vəziyyətdən tez çıxmağı bacarmalısan. İnsan hər zaman gözəl əhvalda olmur ki...

Zəhra ƏHMƏDOVA

Foto: Ramin ASLANOV