«Ailədaxili münaqişələrdə daha çox kişilər günahkardır»

«Ailədaxili münaqişələrdə daha çox kişilər günahkardır»
2389 dəfə oxunub
  • A-
  • A
  • A+

PSİXOLOQ RAMİL NƏCƏFLİ: «MÜNAQİŞƏLƏRİN YARANMASINDA KİŞİLƏRİN İŞSİZLİYİ, QADININ CƏMİYYƏTDƏKİ ROLUNUN ARTMASI DA BÖYÜK ROL OYNAYIR»

Son zamanlar ölkədə ailədaxili münaqişələrin sayı artıb. Qətllərlə, insan ölümüylə nəticələnən bu dəhşətli olayların kökündə nə dayanır? “Çıxış Yolu» Psixoloji Yardım Mərkəzinin rəhbəri, psixoloq Ramil Nəcəfli ilə söhbətimiz də elə bu mövzudadır.

- Son zamanlar gündəlik həyatımızda insanlar arasında münaqişələrin sayının artmasının, aqressiyanın əsas səbəbini nədə görürsünüz?

- Bu tip məsələlərə həm psixoloji, həm də sosioloji aspektdən yanaşmaq lazımdır. Gündəlik həyatda baş verən əsəb, gərginlik, dözümsüzlük psixoloji problemlər yaradır. Sosial məsələlər, insanlar arasında yaranan təbəqələşmə, şəhərlərə böyük axının baş verməsi, demoqrafiya problemləri də gündəlik həyatımızda müəyyən münaqişələrə səbəb olur. Bu zaman insanlar arasında böyük təbəqələşmələr yaranır. Onlar digərlərinə nisbətən imkansız olduqlarına görə əsəb gərginliyi keçirərək həmin şəxslərə müəyyən mənada paxıllıq edirlər. Məsələn, bir neçə gün bundan öncə rastlaşdığım hadisəni nümunə olaraq çəkə bilərəm. Köhnə maşınlardan birini gənc qəsdən çox bahalı bir maşının önünə çıxaraq onun yolunu kəsdi və ətrafdakıların narazılığına səbəb oldu. O isə öz hərəkətinə haqqa qazandırdı: mənim də əlimdən bu gəlir. Sizin kimi bahalı avtomobillər sürə bilmirəm. Uşaqlar və gənclər yaşıdlarının onlardan maddi imkana görə fərqlənməsini müəyyən qısqanclıqla qarşılayır. Məktəblərdə vahid formanın tətbiqi çox müsbət haldır. Bu, şagirdlər arasındakı təbəqələşmənin qarşısını alır. Ümumiyyətlə, öncəki dövrlərə nəzər saldıqda insanların bir-birlərinə daha da yadlaşmasını müşahidə edirik. Cəmiyyətdəki yadlaşmalar, sosial yardımların olmaması kriminal hadisələrin sayını daha da artırır.

- Bəs, ailədaxili münaqişələri necə izah edə bilərsiniz?

- Ailədaxili münaqişələrin yaranmasında kişilərin işsizliyi, qadının cəmiyyətdəki rolunun artması da böyük rol oynayır. Kişi artıq özünün maddi və mənəvi funksiyasının yerinə yetirə bilməyərək sosial statusunu itirir. Qadın məcburiyyət qarşısında işləyir. İşsiz olan kişi də özünü “qeyrətli” göstərərək müəyyən bəhanə ilə həyat yoldaşı ilə aqressiv davranır və bir çox hallarda bu, faciə ilə sonuclanır. Bəzi kişilər törətdikləri cinayəti namus və qeyrət adı altında pərdələyərək müəyyən mənada öz cinayətlərini ört-basdır edirlər. Bəzən insan psixolji durumunun hansı vəziyyətdə olmasından xəbərsiz olur. Bu səbədən insan psixikasında ani baş verən hadisə onun üçün böyük fəlakətlərə səbəb ola bilər. Cütlüklərin ailə həyatı qurmazdan öncə bir-birini yaxından tanıya bilməməsi də münaqişələrin yaranmasına səbəb olur. Bunun bir səbəbi də milli mentalitetimizdir. Boşanmaların da ən böyük səbəbi ünsiyyətin düzgün qurulmaması, tərəflərin bir-birinə dil tapa bilməməsidir. Cəmiyyətimizdə yadlaşmanın, insanlar arasında soyuqluğun artması psixoloqların işini daha da atrırır. Əvvəllər hər kəs bir-birilə fikirlərini bölüşür, get-gəl edirdi. Lakin indi insanlar sanki bir-birlərindən uzaqlaşıb.

- Ümumiyyətlə, gündəlik həyatımızda psixoloji maarifləndirmə hansı səviyyədədir?

- Psixoloji maarifləndirmə ürəkaçan səviyyədə deyil. Məktəblərdə də bu fənn lazımi səviyyədə tədris olunmur. Psixoloqlar valideyn və yaşıdları ilə düzgün münasibətlər qurmaqda uşaqlara yardım etməlidir. Məktəblərdə psixolji yardımların təşkil olunması çox müsbət nəticələr verər. Münaqişəli ailələr də psixolji yardımdan yararlanmalıdır. Azərbaycanda məhkəmələrlə psixoloqların işbirliyi yaranarsa, boşanmaq niyyətində olan ailələrin sayını azaltmaq, ailədaxili münaqişələri müəyyən qədər həll etmək mümkün olar. Bizim ölkədə psixoloqa daha çox qadınlar müraciət edirlər. Kişilər isə bunu özlərinə sığışdırmır. Bəziləri elə fikirləşir ki, ailə problemlərini özləri həll edə bilərlər. Amma psixoloq doğru qərar qəbul etməkdə, daha dürüst addım atmaqda yardıma ehtiyacı olan şəxslərə kömək edir.

- Ailədaxili münaqişələrin baş verməsində daha çox hansı tərəf günahkardır?

- Bu tip hadisələrin baş verməsində daha çox kişilər günahkardır. Onlar işdəki problemlər və maddi sıxıntılar səbəbindən belə dəhşətli olaylar törədirlər.

- Bir çox dünya ölkələrində ailə həyatı qurmağa hazırlaşan cütlüklər öncə psixoloqa müraciət edirlər. Bəs, Azərbaycanda necədir - cütlüklər ailə həyatı qurmazdan öncə psixoloqa müraciət edirlərmi?

- Xarici təcrübə ilə müqayisədə bizdə belə cütlüklərin sayı azlıq təşkil edir. Psixologiya çox böyük elmdir. Sevgilinin nə cür insan olmasını onun sənə müraciəti əsasındada müəyyənləşdirə bilərsən. Psixologiya elmi vasitəsilə insanlar  bir-birinə düzgün formada yaxınlaşa və münasibət qura bilərlər. Evlənməzdən öncə  və sonra psixoloq yardımına böyük ehtiyac var.

Nigar MƏHƏRRƏM