“Youthvision 2017”nin iştirakçıları Bakıdadır - fotolar

“Youthvision 2017”nin iştirakçıları Bakıdadır - fotolar
574 dəfə oxunub
  • A-
  • A
  • A+
“Youthvision 2017” Beynəlxalq mahnı müsabiqəsinin iştirakçı və münsifləri artıq Bakıdadır.

Bu barədə Axşam.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə nazirliyin həyata keçirdiyi “Youthvision 2017” beynəlxalq mahnı müsabiqənin əsas məqsədi yaradıcı və istedadlı tələbələrin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

Müsabiqədə ümumilikdə 19 ölkənin - Azərbaycan, Slovakiya, Moldova, Polşa, Macarıstan, İtaliya, Belarus Respublikası, İsrail, İran, Serbiya, Qırğızıstan, Rusiya, Tacikistan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Böyük Britaniya və Finlandiya dövlətlərinin ifaçı və münsiflərindən ibarət 60-a yaxın gənc iştirak edir.

15-22 aprel tarixləri arasında Bakıda olan qonaqlar şəhərimizin müxtəlif yerlərini gəzib, Qız qalası, Şirvanşahlar sarayı və digər tarixi abidələr ilə yaxından tanış olublar. Səfər çərçivəsində onlara Azərbaycan tarixi haqqında ətraflı məlumat verilib.

Bunula yanaşı, Bakının müxtəlif məkanlarında müsabiqədə təqdim olunması üçün iştirakçıların tanıtım çarxlarının çəkilişi də həyata keçirilib.

Müsabiqə iştirakçılarına gəldikdə, ən gənc iştirakçılar 14 yaşlı Moldova təmsilçisi Irina Dragu və Serbia təmsilçisi Katarina Aleksicdir. Ən yaşlı iştirakçı isə 35 yaşlı İtaliya təmsilçisi Mike Micheledir. Bununla yanaşı, Polşa, Macarıstan və İsrail təmsilçiləri duet ifaları ilə müsabiqəyə qatılacaqlar.

Ümumilikdə müsabiqə 14-35 yaşarası gənclər arasında keçirilir. Məlumat üçün bildirək ki, müsabiqə iştirakçılarının seçimi hər bir ölkənin daxili qaydaları əsasında aparılıb. Youthvision.az saytı vasitəsi ilə qeydiyyatdan keçmiş və təşkilat komitəsi tərəfindən müvafiq bildiriş almış şəxs müsabiqənin iştirakçısı sayılır.

Müsabiqədə qiymətləndirilmə beynəlxalq münsiflər heyəti tərəfindən aparılır. Bu məqsədlə hər iştirakçı dövlətdən 1 nəfər münsif üzvü dəvət olunur.

Müsabiqənin ümümi mükafat fondu 6000 ABŞ dolları təşkil edir.

Qeyd edək ki, müsabiqə aprelin 21-i saat 20.00-da “Elektro Hall” da keçiriləcək.