Şou-biznes nümayəndələri müxtəlif tədbirlərə, qala gecələrinə dəvət alırlar. Onlar mərasimə gələrkən xüsusi hazırlaşır, fərqli libaslara üstünlük verirlər. Əksər tədbirlərdə isə onları ancaq qara rəngli libasda görürük.

Qara rəngin mənası nədir?

Ən tünd rəng olub işığın səthdən əks olunmaması, yəni bütün işığın absorbsiyası nəticəsində yaranır. Soyuq, qəmli rəng hesab olunur və ağ rəngin, aydınlığın, işığın rəmzi əksidr. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir.

Psixologiyada qeyd olunub ki, qara rəngi seçən insanlar həmişə mübarizəyə hazır, alovlu, ehtiraslı olurlar. Bu, qiyam, üsyan rəngidir. Ancaq bu hissləri onları əhatə edən mühit və insanlar yaradırlar. Təəssüf ki, qara rəngi sevənlər çox vaxt situasiyanı düzgün qiymətləndirə bilmədiklərindən uduzur və çox əzab çəkirlər. Onların həyatında intim münasibətlər aparıcı rol oynayır, ehtirasla sevir, sevilməyi də çox xoşlayırlar. Məqsədlərindən asılı olmayaraq həmişə dayanmadan irəliyə doğru gedirlər.

İmicmeyker Elnarə Bəkirova Axşam.az-a açıqlamasında tanınmış simaların qara rəngə üstünlük verməsindən danışıb. O bildirib ki, çoxları artıq çəkilərini gizlətmək üçün bu rəngi seçirlər:

“Qaranın üstünlükləri odur ki, ağırlığın rəngidir. Qadınlara cazibə verir, bunu danmaq olmur. Həm də incə göstərir. Ən pis tərəfi isə keyfiyyətsiz parçalardan istifadə edilməsidir. Qara bir az kaprizli rəngdir. Məsələn, parça düzgün seçilməyəndə, kəsim pis olanda ucuz görüntü yaranır. Məşhurlar son vaxtlar daha çox bu rəngdə libaslardan istifadə edir. Hansısa qüsuru örtə bilər. Hər bir xanımın sevmədiyi tərəfi var. Hərənin bir kompleksi mövcuddur. Onlar da düşünür ki, qara da bunu bağlayır. Amma əsla belə deyil. Yanlış bir biçim heç də gözəl görüntü yaratmır. Ən yaxşısı qaranı istənilən canlı rənglə kombin etməkdir. Məsələn qara ilə tünd göyün qarışdırılması çox gözəl görüntü ortaya çıxara bilər. Məsləhət görərdim ki, efirə heç olmasa rəngli libaslarla çıxsınlar. Onda tamaşaçının da gözünü oxşayarlar”.



Bəs, tanınmışlar niyə qara rəngi seçir?

Müğənni Günay İbrahimli son bir aydır qara libaslarla tez-tez görüntülənməsinin səbəbini açıqlayıb:

“Son vaxtlar özüm də fikir verirəm ki, qara çox geyinirəm. Səmimi etiraf edim: bir ara kökəlmişdim deyə, qara libaslar seçirdim. Çox zəngin rəngdir. İnsanı onun qədər cazibədar göstərən ikinci bir rəng tanımıram. O prinsiplə bir neçə aydır qaraya üstünlük verirəm. Həm arıq, həm gözəl göstərir. Amma artıq qaradan çıxmışam. Son günlər rəngli libaslar hazırlatdırmışam. Qaraya ağ və başqa rənglər əlavə etmişəm. Bir xasiyyətimdə var ki, nəyəsə öyrəşdimsə, əl çəkə bilmirəm. Amma qara rəngdə geyindiyim libasların modelləri fərqlidir. Həm də havalar soyuq keçir. Əlvan rəng geyinmək düzgün deyil. Yayda siz məni ən al-əlvan libaslarda görəcəksiniz. Bir də qara rəngi sevməyimin xasiyyətimlə heç bir əlaqəsi yoxdur".

Aparıcı Könül Muxtarova isə efirə heç vaxt qara geyimdə çıxmadığını deyib:

"Verilişdə həmişə rəngli libaslarla görünürəm. Amma tədbirlərdə, dəvətlərdə libaslarım qara olur. Mənasını heç bilmirəm. Qara gecə geyimi xanımı baxımlı və gözəl göstərir”.