Milli Dram Teatrı Həsən Əblucu belə yad etdi - fotolar

Milli Dram Teatrı Həsən Əblucu belə yad etdi - fotolar
1499 dəfə oxunub
  • A-
  • A
  • A+

Akademik Milli Dram Teatrında tanınmış aktyor və rejissor, bədii qiraət ustası Həsən Əblucun 75 illik yubileyinə həsr olunan “Ölülər” tamaşası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, tədbirdə Həsən Əblucun ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri, universitet tələbələri iştirak ediblər.

Tamaşanın nümayişindən əvvəl xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimov çıxış edərək Həsən Əblucun həyat və yaradıcılığından danışıb, onun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən bəhs ediblər.

Qeyd olunub ki, Həsən Əbluc Akademik Milli Dram Teatrının səhnəsində hazırladığı tamaşalarla teatrsevərlərin qəlbində özünə yer tapıb, tamaşaçı sevgisi qazanıb. O, səhnə fəaliyyətinə aktyor kimi başlasa da, sonradan yaradıcılığını rejissor kimi davam etdirib və bir sıra uğurlu səhnə əsərlərinə imza atıb.

Həsən Əbluc nəinki teatrda, eləcə də televiziyada da uğurla fəaliyyət göstərib, eyni zamanda Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı ixtisasını tədris edərək gənc nəslin yetişməsində müstəsna rol oynayıb.

Bu dəfə özünəməxsus formada nümayiş olunan tamaşada görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunub.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

“Ölülər”in Şeyx Nəsrullahı xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə əməkdar artist  Anar Heybətovdur.

Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli,  Əjdər Həmidov, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova məharətlə canlandırırlar.

Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər
Paşa Nemətə məxsusdur.

Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılıb. Belə ki, yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri, mövhumat və cahilliyin poetik və dramatik lövhələrini dolğun təcəssüm etdirə bilirlər.