"Dinimizə xələl gətirəcək proqramlardan uzaq dururam" - Xuraman

"Dinimizə xələl gətirəcək proqramlardan uzaq dururam" - Xuraman
4289 dəfə oxunub
  • A-
  • A
  • A+

"Hicaba, dinimizə xələl gətirəcək proqramlardan uzaq dururam"

Müğənni Xuraman Şuşalının “Qafqazinfo”ya müsahibəsi:

- Xuraman xanım, hazırda sənətinizdə hansı yeniliklər var?

- Hal-hazırda sənətimlə məşğulam, hazırda üzərimdə çalışıram, repertuarımda yeniliklər edirəm, işimə rəngarənglik qatıram, qadın məclislərində iştirak edirəm, orada xanımlarla şeirlər deyirik, maraqlı söhbətlər edirik. Artıq mərasimləri təşkil etmək üçün studiya da açacam, orada xonçalar bəzədiləcək, milli geyimlər tikilib kirayəyə veriləcək, dizayn işləri də görüləcək. Operatorum, fotoqrafım, ofisant xanımlarım, rəqqasələrim də var. Qonaqların istəyi ilə tanınmış müğənniləri və rəqqasələri də məclislərə aparıram.

- Məclislərə neçəyə gedirsiniz?

- Qiymətlər 1500 manatdan başlayıb məbləğ artır. Qiymət müştərinin istəyindən asılıdır.

- Artıq efirlərdə çox az-az görürük sizi...

- Proqramları seçib çıxıram, qalmaqal olan proqramlarda, naməhrəm məclislərdə iştirak etmirəm. Qalmaqal nə geyimimlə üst-üstə düşür, nə də mənə uyğun gəlir. Hicaba, dinimizə xələl gətirəcək proqramlardan uzaq dururam. Hicablıyam, mənə qalmaqal yaraşmaz.

- Hicab bağlamanız insanlar tərəfindən birmənalı qarşılanmadı, hələ də müzakirə mövzusudur.

- Mənə insanların nə dediyi maraqlı deyil, Allahın razılığı maraqlıdır. Hicab taxmağımı, dinə bağlanmağımı yaxşı görmək istəyən yaxşı, pis görmək istəyən pis görür. Buna normal yanaşıram.

- Şou-biznesdən getməyinizə peşman deyilsiniz?

- Yox, peşman deyiləm əsla, çox xoşbəxtəm və rahatam.

- Deyə bilərik ki, Xuraman xoşbəxtliyi ailəsində tapdı?

- Həmişə xoşbəxt olmuşam, naşükür insan deyiləm. O qəlbdə ki, Allah var, o insan həmişə rahat olar. Ailəmlə çox xoşbəxtəm, özümü heç vaxt bədbəxt hiss etməmişəm, lakin bu xoşbəxtlik tamam başqa hisdir.

- Hazırda ailə münasibətləriniz necədir?

- Ailəmdə hər şey yaxşıdır, uşaqlarıma baxıram, onlara daha çox vaxt ayırıram, həyat yoldaşımla xoşbəxtəm.

- Üçüncü dəfə ana olmağı düşünmürsünüzmü?

- Düşünmürəm, Allah verdiklərinə dəyməsin, uşaqlar valideyn üçün imtahandır, bizi Allah bu imtahandan üzüağ çıxartsın. Uşaqları çox sevirəm, bunlara güclə baxıram,  onların məsuliyyəti üzərimdədir, düşünürəm ki, üçüncü uşağın məsuliyyətinə gücüm çatmaz. Allah verəndən sonra biz heç kimik. Lakin mənim hələ bu haqda istəyim yoxdur. Uşaqlarım çox körpədirlər, aralarında yaş fərqi azdı, çox kapriz edirlər, biri ağlayanda o biri ona qoşulur ağlayır. Ona görə çox çətindir, çoxuşaqlı anaları gözəl başa düşürəm.