Ukrayna Azərbaycanlı Gənclər Birliyi “Eurovision 2017” mahnı müsabiqəsində ölkəmizi təmsil edən Diana Hacıyevaya dəstək vermək üçün rəngarəng tədbirlər həyata keçirir.

Axşam.az xəbər verir ki, bu tədbirlər Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə reallaşır.

Səfirlikdən bildirilib ki, D.Hacıyevanı Ukraynaya təşrif buyurduğu ilk gündən böyük coşqu ilə qarşılayan Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları hər iki ölkənin bayraqları ilə bəzədilmiş avtomobillərlə Kiyev şəhərinin mərkəzi küçə və meydanlarından keçməklə, paytaxt sakinlərinin diqqətini ölkəmizə yönəldiblər. Təmsilçimizə dəstək verən azərbaycanlı və ukraynalı gənclər əvvəlcə Kiyev şəhərindəki Heydər Əliyev parkına gələrək, Ulu Öndərin abidəsinin önünə tər çiçəklər qoymaqla, onun xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Sonra Azərbaycanın Ukraynadakı səfirliyində Diana Hacıyeva ilə görüş təşkil edilib. Görüş zamanı 2012-ci ildə Bakı şəhərində keçirilmiş möhtəşəm mahnı müsabiqəsi ilə bağlı xoş xatirələrini bölüşən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, ukraynalı rəssam Tatyana Korol və digər gənclər, milli təmsilçimizə mötəbər musiqi yarışmasında qələbə uğurları arzulayıblar.