Los-Ancelesdə azərbaycanlılara qarşı növbəti erməni təxribatı - fotolar

Los-Ancelesdə azərbaycanlılara qarşı növbəti erməni təxribatı - fotolar
1008 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-ın Los-Anceles şəhərində ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar konsert keçirilib. 

Axşam.az bildirir ki, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Tədbir mayın 6-da Azərbaycan konsulluğunun təşkilatçılığı və Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Los-Ancelesin qədim və əzəmətli Orfeum Teatrında təşkil olunub.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbiri açaraq, çoxsaylı tamaşaçı kütləsini salamlayıb, bu əlamətdar günün önəmindən bəhs edib. 

Sonra konsert proqramı başlayıb. Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kəriminin rəhbərliyi altında nümayiş etdirilən proqramda Azərbaycan musiqisinin müxtəlif janrları təqdim olunub.

Xalq artistləri Mənsum İbrahimov, Samir Cəfərov, Azər Zeynalov, əməkdar artist Aygün Zeynalova, gənc müğənni Arzu Əliyeva, əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Şirzad Fətəliyev (nəfəsli alətlər), tanınmış ifaçılar Aydın Əliyev (qarmon), Elşən Qasımov (nağara) və Nərgiz Əliyeva (royal) tərəfindən yüksək məharətlə ifa edilən rəngarəng mahnı və muğam təsnifləri, simfonik musiqi əsərləri, ariyalar, eləcə də gənc rəqqasə Röyalə Əliyevanın təqdim etdiyi rəngarəng rəqslər bütün tamaşaçıları valeh edib.

Həmçinin, Qara Qarayevin “Yeddi Gözəl” baletindən valsın Kaliforniyanın San Dieqo Baleti tərəfindən ifası böyük maraq doğurub. Konsert tamaşaçıların ayaqüstü və gurultulu alqışları ilə qarşılanıb.

Qeyd edək ki, Los-Ancelesdəki radikal və aqressiv erməni lobbisi konsertdən öncə müxtəlif vasitələrlə konsertin keçirilməsinə mane olmağa çalışıblar. Məqsədlərinə nail olmadıqlarını görən erməni lobbi təşkilatları tədbir günü Orfeum Teatrının qarşısında etiraz aksiyası keçiriblər. Ancaq etiraz aksiyası konsertə gələn tamaşaçıların geniş etinasızlığı ilə üzləşərək erməni lobbisinin növbəti uğursuzluğu ilə nəticələnib.