ƏSA teatrının parlaq tamaşası - fotolar

ƏSA teatrının parlaq tamaşası - fotolar
1388 dəfə oxunub
  • A-
  • A
  • A+

Əlillik qüsur deyil, heç bir fiziki məhdudiyyət yaşanan həyatın əngəlinə çevrilməməlidir.

Çünki istər fiziki məhdudiyyətli, istərsə də fiziki cəhətdən sağlam insanları həyata bağlayan ümid və inamdır. Həyatda mümkünsüz heçnə yoxdur. Tarixə nəzər salanda böyük nailiyyətlərin bir qisminin fiziki məhdudiyyətli insanlar tərəfindən əldə edildiyini görmək mümkündür. Məsələn, “Brayl” yazı sistemini (görmə məhdudiyyətlilər üçün nəzərdə tutulmuş yazı) yaradan, məhz bu fiziki məhdudiyyəti yaşayıb. Dünya şöhrətli bəstəkar Ludvinq Van Bethoven eşitmə əngəlli olmasına baxmayaraq, şedevr əsərləri notlara köçürüb. Bu siyahını davam etdirmək də olar...

Bizim ölkəmizdə də fiziki məhdudiyyətli, istedadlı gənclər az deyildir. Bir qrup gənc bir araya gələrək əsas heyəti fiziki məhdudiyyətli gənclərdən ibarət olan ƏSA Teatrını yaradıb. ƏSA Teatr ailəsi tamaşaçıların böyük marağına səbəb olan sayca üçüncü tamaşalarını səhnələşdirməyə müvəffəq olub.  Teatr 3 sentyabr 2016-cı ildə yaranıb. Teatrın təsisçisi və bədii rəhbəri Nihad Qulamzadə, direktoru Orxan Adıgözəl, baş meneceri Nicat Qulamdır. 



2017-ci il mayın 2-si tarixində əsas heyəti əlilliyi olan aktyorlardan ibarət ƏSA Teatrının növbəti tamaşasının premyerası baş tutub. Uilyam Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış “Yuxum” romantik komediyası 2 may 19:00-da Azərbaycan Teatr Xadimləri İttifaqının binasının tamaşa salonunda nümayiş olunub.


 
Teatrın baş meneceri Nicat Qulamın verdiyi məlumata görə, ƏSA Teatrının “Yuxum” tamaşasının premyerası anşlaqla keçib. Məşhur teatr xadimləri, millət vəkilləri, ziyalılar o cümlədən bir çox səfirlik və dövlət qurumlarının nümayəndələri ilə yanaşı nümayişi ümumilikdə 400-ə yaxın tamaşaçı izləyib. Tamaşanın quruluşçu rejissoru Şamil İbrahimov, rejissoru Nihad Qulamzadə, musiqi tərtibatçısı Aydın Rəhimov, səhnə tərtibatçısı Nicat Qulam, işıq rəssamı Binyamin Sailov, geyim üzrə rəssam isə Leyla Əliyevadır. Tamaşada səkkizi əlilliyi olan olmaqla, 15 aktyor iştirak edib. Eyni zamanda, Azərbaycanda ilk dəfə olaraq tamaşa zamanı işarət dili ilə tərcümə də baş tutub. İşarət dili ilə tərcümə bu sahədə bir çox uğurlu layihələrə imza atmış Nüranə Abıyeva tərəfindən həyata keçirilmişdir.
Teatrın direktoru Orxan Adıgözəlin verdiyi məlumata görə tamaşaçıların istəyini nəzərə alaraq ”Yuxum” tamaşası izləyə bilməyənlər üçün mayın 20-si saat 19.00- da Aktyorlar Evinin səhnəsində yenidən nümayiş olunacaqdır. 



Qeyd etmək istərdim ki, bir tamaşaçı kimi tamaşanı izləməkdən böyük zövq aldım.  Zaman keçdikcə özlərini daha çox inkişaf etdirən, öz üzərilərində işləyən teatr üzvlərinin bu tamaşanı hazırlamaq üçün bütün potensiallarını ortaya qoyduqları hiss olunurdu.



ƏSA Teatrının öz yaradıcılığı, uğurları ilə bir çox fiziki məhdudiyyətli gənclərə stimul olacağına inanırıq. Teatr üzvləri böyük bir işin öhdəsindən gələrək bir daha sübut etdilər ki, istəkləri həyata keçirmək üçün heç bir əngəl tanınmamalıdır, yetər ki, məqsəd olsun, yetər ki, istək olsun... Dahilərdən biri demişdir: “Sahib olduqlarımızın dəyərini bilib, sahib olmadıqlarımız üçün üzülmədiyimiz zaman başarılı ola bilərik. Uğura gedən yolda əsas olan özünə güvən, məsuliyyət, hədəflər, xəyal gücü, yaradıcılıqdır!”  ƏSA Teatr ailəsinin uğura gedən yolda inamla addımlamasını, zirvələri fəth etməsini arzulayırıq!

Ülviyyə HACILI