Tamaşalar rus və ingilis dillərində subtitrlərlə nümayiş olunur

Tamaşalar rus və ingilis dillərində subtitrlərlə nümayiş olunur
313 dəfə oxunub
  • A-
  • A
  • A+

"Ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində tamaşalar müvafiq olaraq rus və ingilis dillərində subtitrlərlə nümayiş olunmağa başlayıb".

Axşam.az xəbər verir ki, bu sözləri teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyib. Bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təqdim edilən səhnə əsərlərinin tərcümə olunmasına və müvafiq xarici dillərdə nümayişinə xüsusi şərait yaradılıb.

“Artıq mayın əvvəlindən başlayaraq teatrımızda subtitrlərlə tamaşaların nümayişinə başlanılıb. Subtitrlər səhnənin hər iki tərəfində tamaşaçıların bütün istiqamətlərdən görə biləcəyi şriftlərlə əks olunur. Bu da imkan verir ki, əcnəbi tamaşaçılar, şəhərimizin qonaqları tamaşadakı obrazların dialoqlarını rahat oxuya bilsinlər. Repertuara həm klassik, həm də müasir Azərbaycan dramaturgiyasının nümunələri əsasında hazırlanan səhnə əsərləri daxil edilib. Belə ki, xarici qonaqlar C.Cabbarlının “Almaz”, C.Məmmədquluzadənin “Ölülər”, İ.Əfəndiyevin “Boy çiçəyi”, H.Mirələmovun “Vəsiyyət”, habelə N.Qoqolun “Müfəttiş”, E.De.Filipponun “Silindr”, B.Nuşiçin “Nazirin xanımı” və A.Saqarelinin “Xanuma” tamaşalarını subtitrlərlə izləyə biləcəklər. Məqsəd İslamiada zamanı ölkəmizə təşrif gətirən turistlər və yarış iştirakçılarında çağdaş Azərbaycan teatrı və dramaturgiyası haqqında zəngin təəssürat yaratmaqdır” deyə C. Zeynallı bildirib.