"Bakıya 500-dən çox musiqiçi gələcək" - Emin Ağalarov

"Bakıya 500-dən çox musiqiçi gələcək" - Emin Ağalarov
3766 dəfə oxunub
  • A-
  • A
  • A+

İkinci Beynəlxalq “ЖАРА” musiqi festivalı bu il iyulun 27-də Xəzərin sahilindəki mənzərəli və dəbli Sea Breeze Resort istirahət mərkəzində başlayacaq.

Tanınmış musiqiçi və müğənni Emin Ağalarovun (Emin), “Русского радио” və “Золотой граммофон”un təsisçisi Sergey Kojevnikovun və Rusiyanın əməkdar artisti Qriqori Lepsin müştərək layihəsi olan bu festivalı 2016-cı ildə Rusiyanın 1-ci telekanalının 150 milyon tamaşaçısı və Azərbaycanın əsas telekanalı olan AzTV-nin 3 milyon tamaşaçısı seyr edib. Festivala 200 gün hazırlıq görülüb, təşkilati işlərə 1500 nəfər cəlb olunub. Musiqi hitlərinin ümumi vaxtı 14 saat təşkil edib. Sea Breeze Resort-a 5 min tamaşaçı gəlib. Bu il isə festivala 10 min tamaşaçının gəlişi gözlənilir.

Emin Ağalarov festivalın təşkili və proqramı ilə bağlı 1news. az-a müsahibə verib. Axşam.az AZƏRTAC-ın tərcüməsi ilə müsahibəni təqdim edir.

- Emin, ilin əsas musiqi hadisəsi olan “ЖАРA-2017”yə lap az qalıb. “ЖАРА-2016” tarixə öz möhtəşəmliyi, keyfiyyəti və unikallığı ilə düşüb. Maraqlıdır, bu gün keçmişə nəzər salanda və ötən ilin yayını, Nardaranı xatırlayanda hansı hisslər keçirirsiniz, ilk olaraq nəyi yada salırsınız, sizi daha çox nə sevindirir?

- Mən heç təsəvvürümə gətirə bilməzdim ki, iki il əvvəl qəfildən ağlıma gələn, Qriqori Leps və Sergey Kojevnikovla bölüşdüyüm “Bəlkə bura bir neçə ifaçı dəvət edərək mini-festival keçirək” kimi bir ideya möhtəşəm layihəyə çevriləcək. Etiraf edim ki, “ЖАРA”nın möhtəşəmliyi hətta mənim özümü belə təəccübləndirir – mən indiyədək anlaya bilmirəm ki, bunların hamısı Nardaranda - Sea Breeze Resort-da sığışaraq böyük uğurla televiziyada nümayiş olundu. “ЖАРА-2016” həmkarlarım tərəfindən yaddaqalan oldu və artıq festival bitəndən sonra onlar məndən növbəti festivalın nə zaman keçiriləcəyini soruşaraq, öz konsert cədvəllərini ona uyğun tərtib etmək istədiklərini bildirdilər. Hamı Bakıya gəlmək istəyir və bu, çox xoş bir haldır. Bu gün artıq aydındır, biz elə bir brend yaratmışıq ki, o özü ilə digər layihələri çəkib gətirir. Biz “ЖАРА” musiqi kanalını işə saldıq və Rusiya ərazisində, bizim “VEGAS Krokus City” ticarət və əyləncə mərkəzimizdə hər iki aydan bir artistlərin iştirakı ilə “VEGAS-da ЖАРА” şousu keçirilir. “ЖАРА” artıq sadəcə festival deyil, böyük musiqi platformasıdır. Əgər bu il ötən ildəki kimi keçsə, mən festivalın vaxtını daha bir gün artıracağam və müsabiqə formatına keçəcəyəm. Amma bu, klassik anlamda gənc ifaçılar müsabiqəsi olmayacaq, tam başqa bir format olacaq. Artıq peşəkar artistlər öz aralarında yarışacaqlar, lakin mən bütün sirləri açmaq istəmirəm...

- Xatırlayıram, ötən il “ЖАРA” festivalından dərhal sonrakı söhbətdə siz dediniz ki, bu il festivalın coğrafiyasını genişləndirmək fikriniz var, Avropa və ABŞ-dan mütəxəssislərin cəlb olunmasını planlaşdırırdınız.

- Mən bu fikrimdən imtina etməmişəm və artıq bu il festivalın fəxri qonaqları qismində “ЖАРA-2017”yə xarici şou-biznesin tanınmış mütəxəssislərini dəvət etmişəm və ümidvaram ki, onlar festivalımıza tamaşaçı kimi gələcəklər. Amma indi biz postsovet məkanında böyük sürətlə irəliləyirik və buna görə beynəlxalq mövzuya vurğu etmək istəmirik. Əvvəlcə ayaq üstə möhkəm duraq, sonra isə bu istiqamətdə inkişaf etməyə başlayarıq. Avropadan başlayıb, ABŞ istiqamətində hərəkət edərik.

- Festival çərçivəsində Alla Puqaçovanın yaradıcılıq gecəsinin keçiriləcəyi barədə xəbər yerli KİV-lərdə böyük əks-səda doğurdu və bu gözəl artistin pərəstişkarlarını inanılmaz dərəcədə sevindirdi. Bir də ki, siz dediniz: digər festivalın – “Новая волна”nın ilham pərisini bizim “ЖАРA” festivalımızda görmək böyük bir hadisədir və bu, təşkilat komitəmizin qələbəsidir.

- Əgər iki il əvvəl mənə kimsə desəydi ki, Nardaranda, Sea Breeze Resort-da Alla Puqaçovanın yaradıcılıq gecəsi keçiriləcək, mən təəccüblənərdim. Düşünərdim ki, bu, bir zarafatdır... Heç kimə sirr deyil ki, Alla Borisovna çox maraqlı qadındır və mən bilirdim ki, onu razılığa gətirmək üçün yeganə bir üsul var – onu nə iləsə maraqlandırmaq lazımdır. Mən onunla görüşdüm və söz verdim ki, festivalımızda onun yaradıcılıq gecəsi müğənninin həyatında ən yaddaqalan hadisə olacaq, hər şey çox yüksək səviyyədə keçəcək və o, razı qalacaq. İndi isə verdiyim vədlərin yalnız həyata keçirilməsi qalıb.

- Siz dayanmadınız və bir müddət sonra digər bir xəbərlə bölüşdünüz. Bildirdiniz ki, “ЖАРА” festivalı çərçivəsində Rusiya şou-biznesinin digər məşhur fiquru Sofiya Rotarunun yubiley gecəsi keçiriləcək.

- Bəli, festival çərçivəsində bizim planımızda Sofiya Mixaylovnanın yubiley gecəsinin keçirilməsi var. Hazırda bəzi detallar barədə fəal danışıqlar gedir. Hər şey göründüyü kimi asan deyil – söhbət yuvarlaq tarixdən gedir, böyük kollektiv və ən əsası musiqi məzmunu üzərində ciddi iş gedir. Amma mən əminəm ki, bizdə hər şey alınacaq.

- Emin, “ЖАРA” haqqında hər bir xəbəri çoxları böyük maraqla qarşılayır – ulduzların adları böyük təəssürat yaradır, bütün məşhur artistlər Bakıya gəlir...

-İdeyalarımız çoxdur, biz “ЖАРA”nı daha unikal etmək istəyirik. Bu ilin festivalına gəldikdə isə o, 4 gün keçiriləcək – 27, 28, 29 və 30 iyul tarixlərində. Festivalın ilk günündə bütün artistlər özlərinin əsas hit mahnılarını ifa edəcəklər. Bu, rəngarəng bir gecə olacaq və onu diqqətdən qaçırmaq olmaz. İkinci gün Sofiya Rotarunun yubiley gecəsini keçirməyi planlaşdırmışıq və burada cavan və artıq tanınmış artıstlər Sofiya Mixaylovnanın repertuarından mahnılar ifa edəcəklər. Gecənin səbəbkarı ilə duetlər oxunması və onun solo çıxışı da nəzərdə tutulur. Üçüncü gün isə Alla Puqaçovanın yaradıcılıq gecəsi təşkil ediləcək və burada gənc artistlər, duetlər və Rusiya şou-biznesinin primadonnasının solo çıxışı olacaq.

Festivalın sonuncu günündə Qriqori Lepsin yubiley gecəsi planlaşdırılıb – bu il mənim dostumun və gözəl sənətkarın 55 yaşı tamam olur. Bax, belə böyük artistlər üçlüyü və onların mahnıları bu il “ЖАРA”nın yaraşığı olacaq.

Artistlər, musiqiçilər, rəqqaslar və onları müşayiət edənlərlə birlikdə bizim 500-dən çox qonağımız olacaq. Bundan başqa, 100 nəfərə yaxın texniki personal, mətbuat nümayəndələri və tərəfdaşlarımız da gələcək. Hər gün festivalda 35-40 solo və duet nömrələr nümayiş olunacaq. Dörd gün ərzində xarici və Azərbaycan artistlərinin “ЖАРA” üçün xüsusi olaraq hazırlanan 150-dən çox aranjiman, duet və müxtəlif kollaborasiyalar baxımından unikal çıxışlarının şahidi olacağıq. Bu il 5 min tamaşaçı tutan fan-zona yaradılacaq. Həmçinin VIP-masalar istisna olmaqla, 2 min oturacaq yer olacaq.

- Emin, bu layihədə çox böyük əmək sərf edir, can yandırırsınız. Görünür, siz Xəzər dənizinin sahilində sidq-ürəkdən əsl musiqi bayramı təşkil etmək istəyirsiniz. Bu formatda hələ belə bir tədbir olmayıb...

- Mən doğrudan da öz doğma Bakımda, çox sevdiyim Nardaran sahillərində böyük bir bayram gözləyirəm. Öz həmyerlilərimin gözlərində ötən ildəki kimi sevinc görmək istəyirəm. Özüm artist olduğum halda musiqinin insan ovqatında və onun xoşbəxt olmasında necə böyük rol oynadığına təəccüblənirəm. Keçən il tamaşaçı zalında olanda mən özüm də bu möhtəşəm musiqi bayramının sehrli təsirinə düşmüşdüm. İnsan bu bayramın bitməməsini, davam etməsini istəyir, çünki bu hisslər heç nə ilə müqayisə oluna bilməz.