Bu həftə Azərbaycan Dövlət Musiqili Teatrında 7 tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Musiqili Teatr “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar may ayında xüsusi repertuarla çıxış edir.

Teatrın İslamiadanın ikinci həftəsi üçün olan repertuarı da maraqlı tamaşalarla zəngindir. Belə ki, mayın 17,19, 20 və 21-də saat 12.00 və 19.00-da “999-cu gecə” (F.Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında), “Arşın mal alan”(Ü.Hacıbəyli), “Silva” (İ.Kalman), “Meşə çaqqalsız olmaz” (Ə.Səmədli), “Qızıl toy” (O.Kazimi, R.Heydər), “Düyməcik” (H.K.Andersen) və “O olmasın, bu olsun” (Ü.Hacıbəyli) tamaşaları təqdim olunacaq.

Səhnə əsərlərində əməkdar artistlər Novruz Qartal, Svetlana Bulax, Boris Qrafkin, Nahidə Orucova, Əzizağa Əzizov, Ələkbər Əliyev, Nərgiz Kərimova, Əkbər Əlizadə, Şövqi Hüseynov, aktyorlar Firuz Məmmədov, Nadejda Povelitsina, Məhərrəm Qurbanov, Marina Litvinenko, Nadir Xasıyev, Gülcahan Salamova, Gülnarə Abdullayeva, Elxan İsmayılov, Emil Heydərov, Telnaz Hüseynova, Əliməmməd Novruzov, Yuliya Heydərova, Hüseyn Əlili, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Rauf Babayev, Gültac Əlili, Səməd Xasıyev, Aydan Həsənova, Ruslan Mürsəlov, Şaban Cəfərov, Güldanə Əzimova, Əmrah Dadaşov, Fərid Rzayev, Elməddin Dadaşov, Gülnarə Əzizova, Pərviz Məmmədov, İbrahim Əlizadə, Eleanora Mehdiyeva, Cəlalə Novruzlu və başqalarının ifalarını izləyə biləcəklər.

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ölkəmizə gəlmiş qonaqlar Ü.Hacıbəylinin “Arşın mal alan”, “O olmasın, bu olsun”, O.Kazimi və R.Heydərin “Qızıl toy” tamaşalarını ingilis dilində tərcümə sətirlər - qaçan titrlər vasitəsilə izləyə biləcəklər.
Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, mayın 19-da saat 19.00-da İ.Kalmanın “Silva” operettası böyüklər, mayın 21-də saat 12.00-da H.K.Andersenin “Düyməcik” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin, Ə.Səmədlinin “Meşə çaqqalsız olmaz” əsəri mayın 20-də saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.