"Həkim yoxlayıb dedi ki..." - Qaxdakı 102 yaşlı nənə

"Həkim yoxlayıb dedi ki..." - Qaxdakı 102 yaşlı nənə
2491 dəfə oxunub
  • A-
  • A
  • A+
Qax rayonunun Tanqıt kəndində yaşayan 102 yaşlı Rəziyyə Nəbiyeva “Sputnik Azərbaycan”a müsahibə verib.

Axşam.az xəbər verir ki, o müsahibəsində doğum gününü dəqiq bilmədiyini deyib:
 
“Qış aylarında anadan olmuşam. O dövrdə heç kim ad gününü bilmirdi. Təxmini deyirdilər ki, hansı fəsildə anadan olmusan. İndi insanlar hər il ad günü qeyd edirlər. O dövrdə heç kimin yadına düşmürdü ad günü".

Şəkinin Göynük kəndində dünyaya gələn R. Nəbiyeva deyir ki, yaşı yüzü keçsə də, özünü 100 yaşındakı kimi hiss etmir:

"Bu yaxınlarda Bakıya getdim, həkim məni yoxladı, dedi ki, "ciyərlərin, ürəyin çox sağlamdır". Səbəb bilirsən, nədir? Mən sağlam qidalanmışam. Ac qalaram, indiki yeməklərdən yemərəm. Kolbasa, sosiska, dükan toyuqları mənlik deyil. Həmişə kəpəkli undan bişən çörək yemişəm. İndi də dükanda satılan undan bişirilən çörəyi yemirəm. Həmişə möhkəm yeyib, möhkəm də işləmişəm".

Rəziyyə nənənin ailə qurma tarixçəsi də maraqlı olub:

"On dörd yaşımda ərə getdim. Heç ərimi tanımırdım. Dedilər, "bu adama ərə gedəcəksən", mən də getdim. Bizim dövrümüzdə bizdən soruşmurdular, "sən ərə getmək istəyirsən, ya yox". Sonra müharibə başladı, qayınlarım, qardaşlarım, yoldaşım, bir sözlə, nəsildə bir nəfər də olsun, başıpapaqlı qalmadı, hamısı müharibəyə getdi. Yoldaşım müharibədən qayıtmadı. Bilmədim, itkin düşüb, ya ölüb, xəbərim olmadı.



İkinci dəfə ailə qurdum. İkinci ərim də tez rəhmətə getdi. Ona ərə gedəndə 2 yetimi var idi. Onları da böyütdüm. 5 oğlum, 1 qızım, 15 nəvəm, 10 nəticəm və 2 kötükcəm var”.

R. Nəbiyevanın dediyinə görə, nənəsi də uzunömürlü olub, 120 yaşında rəhmətə gedib.

“Mənim dövrümün adamları çox işgüzar olublar. Ona görə də sağlam və gümrah idilər. İndiki cavanlar hər işlərini texnika ilə edirlər. Mən qoca arvadam, öz paltarlarımı əlimlə yuyuram. İndikilər deyirlər, mütləq maşın olsun. O vaxt tütün sahəsinə getmək üçün neçə kilometr piyada yol gedirdim. İndiki cavanlar rahatlığa qaçırlar, 5 metr yolu piyada getmək istəmirlər. Ona görə də canları zəifdir".