Müğənni Günay İbrahimlinin Axşam.az-a müsahibəsi:

- Günay, başlayaq ötən gün təqdim etdiyin yeni klipindən. Ekran işinin səs-küyünü hələ işıq üzü görməzdən əvvəl eşitmişdik...

- Klipi "O kimdir ki" mahnıma çəkdirdim. Çalışıram oxuduğum hər mahnıya klip çəkdirim. Bir az uzandı, çünki yolaverdi iş istəmirəm. Yay ab-havalı klip istəyirdim. Ekran işini Anar Hüseynov lentə alıb.

"KLİPİN BÜTÜN KADRLARINI SİLDİLƏR"

Çəkilişlərdə əziyyət çəkdim. Hazır olmağa iki gün qalmış bütün kadrları qəsdən kompüterdən sildilər. Bu da sənət adamı üçün ruh düşkünlüyüdür. Həmin ab-havanı yenidən yaşamaq, komandanı bir araya yığmaq asan deyildi. Anar güc-bəla ilə kadrları geri qaytardı. Bilirəm ki, bu işi kim etdirdi. Anar hətta dedi ki, "İlk dəfədir bu cür halla rastlaşıram. Nə qədər düşmənin var? Sənin qabağa getməyini istəmirlər". Düşünürəm ki, sakit dayanım, iş hazır olsun, sonra danışım.



- Klipdə nitq və eşitmə əngəlli modellə tərəf müqabili olmusan...

- Həmin gənc qabağa getmək istəyirdi. Mən də ona dəstək olub, layihəmə daxil etdim. Düşünürəm ki, biz müğənnilər tez-tez bu cür işlərə imza atmalıyıq. Bu insan heç nəyə baxmayaraq ayaqda durmağa, həyata gülümsəməyə çalışır. Məncə Azərbaycanda ilk dəfədir belə bir şey olur. Bu addımla layihəni sosiallaşdırdıq.

- Bildiyim qədəriylə klip baha başa gəlib. Hətta geyimlərini belə öz pulunla almısan.

- Hansısa bir məbləğ nəzərdə tutmuşdum. Amma ayırdığım büdcəni aşdı. Klipə on mindən çox pul xərclədim. Klip üçün 3 ay rəqsə getmişəm. İki gün çəkiliş etdik, Xızı dağlarında baş tutdu. Yorulmadım, çünki 2 ay klipə hazırlaşdım. Çəkiliş də 2 gün davam etdi. Düzdür, geyimlərimi də reklam qarşılığında götürmədim, hamısının pulunu ödədim. Modelyer Zümrüd Mirzəliyeva ilə məsləhətləşmişdim.

"ƏVVƏL DAHA ÇOX QAZANIRDIM"

- Klipində hansısa məqam Beyonsun "Diva" ekran işindəki məqamı xatırlatdı...

- Bu bənzərliyi danmıram. Hər kəsin öz dəsti-xətti var. Bu, rejissorun ideyası idi. Mən elə şeylərə pis baxmıram. Bu dəfə klipimdə rəqslə diqqət çəkdim.

- Klipinə çox pul xərcləməyin ekran işindən çox gündəm oldu. Bir çoxları deyir ki, Günayı kim maliyyələşdirir?

- Maliyyə dəstəyini özüm etmişəm. Etiraf edim ki, əvvəlki qədər pul qazanmıram. Amma işim üçün pul yığdım və onu gerçəkləşdirdim.

- Sən də toysuzluqdan şikayətlənirsən?

- Əvvəl daha çox qazanırdım. Nəyə gəldi pul xərcləyirdim. İndi xərclərimi azaltmışam. Gəlirimin 60 faizini yaradıcı işlərimə, 40 faizini isə gündəlik xərclərimə ayırmışam. Toy əvvəlki qədər yoxdur. İnsanlarda vəziyyət ürəkaçan deyil. Pulu olan da saxlayır, nəyə gəldi xərcləmir. Bu da bizim işimizə təsir edir.

- Bir vaxtlar bütün sənət adamları getdikləri toydan görüntülər yayırdı. Vergilər Nazirliyi vergi ilə bağlı söhbəti qabartdıqdan sonra hamı bu cür paylaşımları yığışdırdı. Onlardan biri də Günay oldu...

- Müğənnilərin ansamblın qarşısında video, foto çəkdirib paylaşmasını heç vaxt bəyənməmişəm. Amma bunu etməliyik ki, insanlar görsün biz toya gedir, oradan qazanırıq. Elə olurdu ki, bir gündə dörd toya gedirdim, amma az paylaşırdım. Vergilər Nazirliyinin xəbərdarlığından sonra belə mən toydan şəkil yayırdım. Ətrafımdakılar deyirdi ki, sil, nə edirsən?

- Bəs Günayın toy qiyməti necədir? Nədənsə, səni Rusiya toylarında görmürük...

- Yarım saat üçün 3500 manata, bütöv toya 9 minə gedirəm. Qurban olum Azərbaycana. Rusiya toylarında çox olmuşam. Buradakıları daha çox bəyənirəm. Burada rahatçılıq olur.



"BİZİM GÜNELLƏ BAŞQA DAVAMIZ VAR İDİ"

- Son günlərin ən aktual mövzusu "Maşın" şoudur. Bilirik ki, səni də dəvət ediblər, amma getməmisən.

- "Maşın" şouya baxmırdım, vaxtım olmurdu. İnstaqramda paylaşılanları izləyirdim. Son iki-üç bölümə baxdım. Səidə Sultanın orada davranışını çox bəyəndim. Özü kimi oldu. Hətta səsverməyə o çıxan günü dəstək də durdum. Öz nömrəmdən ona səs verməsəm də, ətrafımdakı dostlarımdan sms göndərdim. 

Yarışmadakı bir-iki insanın hərəkətini bəyənmədim. Əsl üzləri açıldı. Adlarını çəkməyim, onlara reklam olar. Bir də Nadir Qafarzadənin oyunundan xoşum gəlir.

İşlərimin çoxluğuna görə gedə bilmədim. Düzdür toy olmasa da, mənim klip çəkilişim var idi. Bir dəfə qatılmışam, bəsdir. Ora mənlik yer deyil. Sakit insanam, əsəbiləşəndə pis oluram. Abrıma büküldüm ki, birdən orada əsəbiləşib, özümdən çıxaram. Tamaşaçı hörmətini itirmək istəmədim.

- Hər kəsə bəllidir ki, Günel Hümbətova ilə rəfiqə idiniz. Amma "Maşın" şouda aranız dəydi. Həmin vaxt Roza Zərgərlinin də qurbanı oldun.

- Əvvəl rəfiqə idik, bir universitetdə oxumuşuq. Bizim aramızdakı mübahisənin səbəbi həmin şou deyildi. Ondan əvvəl mübahisəmiz olmuşdu, orada da hər şey qırıldı, küsdük. Amerikaya getdi, oradan qayıdandan sonra barışdıq, amma "salam-sağ ol"dan başqa heç nə... Başqa münasibət ola bilməz. Rozaya gəldikdə isə... Sakit idim, kim hara dartırdısa, ora gedirdim.

- Onda belə çıxır ki, Günel Hümbətova yarışmada səndən intiqam aldı?

- İntiqam olduğunu bilmirəm. Amma mənim yaxınımda ola bilməz. Bir onu bilirəm ki, həmin şou mənlik yer deyil. Yaxşı formada oranı tərk etmədim.



"ƏTRAFDA MƏNİMLƏ MÜBARİZƏYƏ ÇIXACAQ MÜĞƏNNİ YOXDUR"

- Bir neçə il əvvəl açıqlamalarından birində dedin ki, "Aygün Kazımova və Röya Ayxandan sonra mənəm". Bu cümlən hələ də müzakirə edilir. Səncə, bunu təsdiqləyə bildin?

- Bəli, təsdiqlədim. Sözlərimin arxasında dayanıram. Azərbaycanda şou-biznesə ilkləri Aygün Kazımova gətirib. Bu, danılmaz faktdır. Şou-bizneslə bağlı geyimdən tutmuş, kadrlara qədər hər şeyi Aygün Kazımova edib. Onun elə klipləri var ki, baxırsan deyirsən halaldır. Röyanın da öz yeri var, çalışqandır. Ətrafda mənimlə mübarizəyə çıxacaq heç kim görmürəm. Bəlkə bir ildən sonra çıxacaq, amma indi yoxdur. Vurğulamaq istəyirəm ki, xanımları nəzərdə tuturam, kişilər özlərini ortaya atmasınlar. Bir dəfə açıqlama verdim, xanım yaşıdlarım kənarda qaldı, kişilər danışdı. Kişi ifaçılarımız arasında yaxşı oxuyanları çoxdur. 

"... MƏNİM DƏ YUSİF AĞAYEVDƏN XOŞUM GƏLMİR"

- Aparıcı Yusif Ağayevlə aranızda nə problem var? Hər dəfə proqramında sənin bu kəlməndən sitat gətirib, irad bildirir. Hətta verilişində qonaq olduğun vaxt da sənə söz atırdı...

- Yusif Ağayevin məndən, mənim də ondan xoşum gəlmir. Aramızda heç bir söz-söhbət olmayıb. Efirində olanda çalışırdı məni vursun, gözdən salsın. Amma cavabını verdim. Bir-birimizdən asılacağımız yoxdur, ona görə də açıq danışıram. O insandan xoşum gəlmir. O da məni görəndə qıcıqlanır. Normal bir şeydir, buna pis baxmıram. Yusif Ağayev bu sahədə olanda mən heç oxumurdum, işinə nəsə deyə bilmərəm. Proqramında mənə söz atmasından xəbərsizəm, çünki ona qulaq asmıram.

- Zaman-zaman müğənnilərə efirlərdə qadağalar olur. Sənin də başına bu cür hal gəlib.

- 2 il əvvəl "Lider" kanalı mənə qadağa qoydu. "Lift" şousuna çağırdılar, getmədim. Bu layihə mənə çatmadı. Girirlər liftin içinə, biri əsniyir, digəri qaşınır. Buna xalq baxır, ayıbdır. Sonra özləri qadağanı aradan qaldırdılar. Amma son vaxtlar yenidən qadağdayam. Bundan sonra onlar çağırsa, mən getməyəcəm. Hər efirə getmirəm. Hansısa səviyyəsiz veriliş mənə on min də versə, qatılmaram.

Bizim aparıcılar ilk növbədə öz ifaçılarımıza hörmət etməyi öyrənsinlər. Xaricdən biri gələndə qabağına qaçırlar. 



"RÖYA İLƏ XASİYYƏTİMİZ TUTMUR"

- Röya Ayxanla tədbirlərdə salamlaşsanız da, aranızda isti münasibət olmadığını bilirik. Sizcə bu soyuqluğa səbəb nədir?

- Səmimi deyirəm: Yaradıcılığını, gördüyü işlərini, səsini bəyənirəm. Xasiyyət olaraq bizimki tutmur. Bunun paxıllıqla əlaqəsi yoxdur. Belə deyim: özümdə tək bir xasiyyəti sevirəm ki, məndə paxıllıq yoxdur. Bu mənim ən müsbət xüsusiyyətimdir. Ətrafımda olan dostlarım da bunu təsdiqləyər.

- Şou-biznesdə küsülü olduğunuz insanlar çoxdur: stilist Elnur Həsənov, Anar Ağakişiyev, aparıcı Zaur Kamal və başqaları...

- Zaur Kamalla küsülü deyilik. İnciklik olmuşdu, amma aradan qalxdı. Digərlərinin isə adını çəkmək istəmirəm.

- Bu yaxınlarda Sevil və Sevinc bacıları ilə barışdınız...

- Aramızda mübahisəmiz olmamışdı. Bir dəfə tədbirdə qarşılaşdıq, "salam" vermədən keçib getdilər. o vaxtdan danışmırdıq. Barışıq addımını da özləri atdı. Gözləmədiyim anda zəng etdilər, barışmaq istədiklərini dedilər. Sülhsevər insanam, barışıram. Amma elə adamlar var ki, onların üstündən cətt çəkmişəm.

- Ümumiyyətlə, Günayı son vaxtlar bir az kənara çəkilən görürük. Bir çoxları bunu şəxsi həyatınızla bağlayır...

- Açılışlara pulla gedirəm. Bu yerlərə gəlmişəm ki, hara gəldi gedim? Hər bir müğənninin qalxdığı mərhələ var. Mən hər qalxdığım mərhələyə hörmət edirəm. Əvvəl çalışırdım ki, soyuducunu açanda belə mahnım eşidilsin. İndi elə bir səviyyədəyəm ki, bu cür düşünmürəm. Tamaşaçı məni az görsün, darıxsın. Belə olanda getdiyim verilişə həvəslə baxırlar. Çox insanları ətrafımdan uzaqlaşdırmışam. Onları ailəmə, şəxsi həyatıma buraxmıram. Lazım olanda şou-biznes əhli ilə toyda, tədbirdə görüşürük. Amma rəfiqəlik etmirəm.

- Heç rəfiqən var?

- Hər adamı yaxınıma buraxmıram. Gec-tez kimdənsə zərbə görürsən. Mənə lazım olsa, yanıma elə adamları yığaram ki... Amma lazım deyil. Məni yandıran elə dostluqlar olub ki... Bu həyatda hər şeylə qarşılaşmışam.

"HEÇ KİM VECİMƏ DEYİL..."

- Son bir ildir ki, şəxsi həyatınla çox gündəmə gəlirsən.

- Bu haqda artıq heç nə danışmayacam. Hamı həyatımı bilir. Bir kəlmə onu deyim ki, o insandan öyrənəcəyim çox şey var. Səbrli olmağı, yaxşını pisdən ayırmağı öyrənmişəm. Nə yaxşı qarşıma çıxıb, onu tanımışam. Uşaq Günay gedib, yerinə daha düşüncəli biri gəlib. İnsanların dediklərinə fikir vermirəm, həyatımı yaşayıram. Heç kim və heç nə vecimə deyil.

- Günay münasibətini bir çoxları kimi gizlətmir...

- Subay qızam, o da subay oğlandır. Niyə gizlədim ki...

- Eşitdik ki, bir evdə yaşayırsınız...

- Yox, mən ata-anamla yaşayıram.

- Toy nə vaxtdır?

- Plan yoxdur. O da, mən də hələ bunu istəmirik.

- Bəs ana olmaq istəmirsən?

- İstəyirəm. Qismət... Hər şeyin zamanı var.

- Valideynlərinin buna münsibəti necədir?

- Onu çox istəyirlər, hər şey yaxşıdır.



- Sevgilin sənə nə qadağalar qoyur?

- Onları əzbər bildiyim və öyrəşdiyim üçün artıq mənə qadağa kimi gəlmirlər. Ona görə çox dəyişmişəm.

- Hətta əvvəl səni daha cəsarətli geyimlərdə görürdük...

- İndi bir az kökəlmişəm, mənə yaraşmaz. həm də artıq o mərhələni keçdim. indi özüm də elə geyimlər istəmirəm.

- Hər bir müğənni sənətə yeni gələndə çox pul xərcləyir. Elə sən də... Bəs bu gün efirlər sənin üçün pulladır?

- Çox da pul xərcləməmişəm. Ancaq radioya pul verirdim. Efirlərə pulla çıxmamışam. Mən radio müğənnisi kimi tanınmışam. İndi isə belə hal yoxdur. Bugün-sabah mən efirdən pul tələb edəcəm.

- Boş vaxtlarını necə keçirirsən?

- Özümə çox vaxt ayırıram. Saçıma qulluq, üzümə maskalar edilir. Alış-verişi sevirəm. Almayanda belə gedib baxır, yerin edirəm, sonra gedib alıram. Kinoya gedirəm. Yayda da dənizə getməyi sevirəm. Hər an şəxsi həyatım yanımda olur. Həm dostlarımla, ailəmlə, sevgilimlə oluram. Ətrafımda özəl dostlarım var ki, onlarla şəkil paylaşmıram, olmaz. Amma hər axşam onlarla hansısa məkanlarda otururuq, söhbətləşirik, dərdlərimizi bölüşürük.

Zəhra ƏHMƏDOVA

Foto: Qulu İBRAHİMOV