Ötən ilin fevral ayından Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Türkiyədə fəaliyyətə başlayan ölkəmizin turizm təmsilçiliyi - “Gateway” şirkəti tərəfindən turizm imkanlarımızın tanıdılması istiqamətində addımlar atılır. Mütəmadi olaraq qardaş ölkənin mətbuat səhifələrində Azərbaycanla bağlı yazılar dərc olunur, tanıtım layihələri icra edilir.

Axşam.az xəbər verir ki, belə tədbirlərdən biri də “Sən də Azərbaycanı gör” devizi altında həyata keçirilən beynəlxalq fotosərgi layihəsidir. Sərginin keçirildiyi növbəti məkan Türkiyənin Bilgi Universitetinin Santral İstanbul Kampusu olub. Burada Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, əsrarəngiz təbiətini, turistik yerlərini, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafın göstəricilərini əks etdirən şəkillər nümayiş olunur.

Mədəniyyət və Turizm Nazirliyinin qardaş ölkədəki turizm təmsilçiliyinin icraçı direktoru Nurlana Çakmak sərgi haqqında geniş məlumat verib. Bildirib ki, sərgidə böyük turizm potensialına malik Azərbaycana həsr olunmuş 30-dək foto nümayiş olunur: “Biz dost və qardaş ölkələrik. Sərgi ilə “sən də Azərbaycanı gör” deyirik və hər kəsi gözəl ölkəmizə dəvət edirik. Bu fotosərgi ilə Azərbaycanın fərqli yönlərini göstərmək istəyirik”.

Sərgidə nümayiş olunan fotoşəkillər Azərbaycanın hotelçilik xidməti, mədəniyyəti, kurort bölgələri, sağlamlıq turizmi imkanları barədə ziyarətçilərdə aydın təsəvvür yaradır. Təqdim edilən Qız qalası, Şirvanşahlar sarayı, Heydər Əliyev Mərkəzi, İçərişəhər, eləcə də paytaxtımızın qədim və müasir arxitekturalı digər tikililəri, təbiət gözəllikləri və s. ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Sərgilər Türkiyə mətbuatında geniş işıqlandırılıb.

“Sən də Azərbaycanı gör” fotosərgisi iyunun 12-dək davam edəcək.

Qeyd edək ki, “Gateway” şirkəti bundan əvvəl İstanbulun Yenikapı Metrosu, Topkapı Türk Dünyası Şəhərciyi və s. məşhur məkanlarda da eyniadlı sərgilər təşkil edib.