Xalq artisti Könül Xasıyeva aparıcı Hacı Nuran Hüseynovun “Həyat” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, K.Xasıyeva xəstəliyinin səbəblərindən danışıb.

O, 2000-ci ildə baş verən zəlzələ zamanı ağır stress yaşadığını söyləyib:

“46 gün Şəkidə xəstəxanda yatmışam. Yataqların başından tutub, gəzirdim, qışqırırdım. Mənə iynə vurub, gətiriblər Bakıya. İçdiyim dərmanlardan sonra kökəldim. Həmin vaxtdan sonra çalışmışam həyatımı, insanlarla münasibətimi elə tarazlayım ki, heç kimin xatirində xoşagəlməyən hərəkətim qalmasın. Hər gecə ölümə qol çəkib səhəri açmışam”.

K.Xasıyeva daha sonra asma xəstəliyinə tutulub. Əziyyət çəkməsinə baxmayaraq muğam ifaçısı konsertlər verib. Bir dəfə isə səhnədə halı pisləşib, boğulub.

Son iki ildə müğənni oğlunun səhhətində yaranan problemə görə ağır günlər yaşayıb. 2013-cü ildə vəziyyəti pisləşib, əl-ayağı tutulub.

K.Xasıyeva deyib ki, sonra üzündə ağır xəstəliyin əlamətləri görünməyə başlayıb:

“Bir həftə qışqırtıma 17 mərtəbə ayağa qalxdı. Hissiyatım olmadı, əllərim tutuldu, xəstəlik üzümə qədər gəldi. O qədər xəstəxanada olmuşam ki, məndə ora qarşı fobiya yaranıb”.

Muğam ifaçısı hazırda kirayədə qalır. Yaşadığı evin şəraiti isə ürəkaçan deyil.  O bildirib ki, tək istəyi evlə təmin olunmaqdır:

“Sağlamlığımda problemlər var. Stresdən qurtara bilsəydim... Arzulayıram ki, maşınıma oturum, övladımla harasa gəzməyə gedim. Evimdə tək hərəkət edə bilim”.