Nərgiz Paşayeva Londonda təqdimatda - fotolar

Nərgiz Paşayeva Londonda təqdimatda -  fotolar
949 dəfə oxunub
  • A-
  • A
  • A+

Londonda XIX əsr Kraliça Viktoriya dövründə təsviri incəsənətin əsaslarını qoyan məşhur rəssam Lord Leytonun (1830-1896) ev muzeyində Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin şərqşünas-alim Yevgeni Bertelsin (1890-1957) “Böyük Azərbaycan şairi Nizami” (“The Great Azerbaijani Poet, Nizami”) kitabının ingilis dilinə ilk akademik tərcüməsinin təqdimat mərasimi keçirilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, Qərbdə böyük nüfuza malik olan Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabı ilk dəfə 1940-cı ildə rus dilində çapdan çıxıb.

Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun iranşünaslıq üzrə aparıcı professoru, kitabın redaktoru Edmund Herziq tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edib.

Daha sonra Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, akademik Nərgiz Paşayeva qonaqları salamlayaraq, onlara tədbirdə iştirak etdiklərinə görə minnətdarlığını bildirərək deyib::

“Möhtərəm qonaqlar, əziz dostlar! Dünya mədəniyyəti irsinin parlaq siması şair və mütəfəkkir Şeyx Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş “The Great Azerbaijani poet Nizami” kitabının təqdimat mərasiminə xoş gəlmisiniz!

Kitab 1940-cı ildə görkəmli rus şərqşünas alimi Y.Bertels tərəfindən qələmə alınmış və Bakıda nəşr edilmişdir. O tarixdən bu günə qədər kitab yenidən nəşr edilməmiş və 77 il ərzində heç bir Avropa dilinə tərcümə olunmamışdır.

Bugünkü təqdimat Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Proqramının nəşrə hazırlanan kitablar silsiləsindən ilk elmi kitab, ilk akademik tərcümədir. Belə görünür ki, 77 il çox olsa da, bu qədər gözləməyə dəyərdi.

Nizami haqqında hələ XIII əsrdən etibarən məlumatlar yazılmağa başlanmışdır. XIII əsr müəlliflərindən Məhəmməd Övfi, Zəkəriyyə Qəzvini və başqaları Nizami haqqında yazmış, onun Gəncədən olduğunu qeyd etmişlər. Əmir Xosrov Pəhləvi, Əlişir Nəvai kimi klassiklər də Nizamini özlərinə ustad bilmişlər, irsini yüksək qiymətləndirmişlər. O dövrdən bu günə qədər Nizamişünaslıq inkişaf etmiş və böyük bir elmi sahəyə çevrilmişdir. Bunun nəticəsi olaraq, Nizamişünaslığın Avropa, Yaxın Şərq, Rusiya və Azərbaycan elmi məktəbləri yarana bilmişdi.

Bu gün təqdim olunan kitabın müəllifi Yevgeni Bertels Rus-Peterburq Şərqşünaslıq Məktəbinin görkəmli nümayəndəsidir. Rus Nizamişünaslığının gözəçarpan tarixi, ilk növbədə, Yevgeni Bertelsin adı ilə bağlıdır. Bertels “Böyük Azərbaycan şairi Nizami” əsəri ilə Nizami yaradıcılığının daha geniş – Azərbaycan kontekstini və aspektini bir elmi təlim, yanaşma kimi ortalığa qoydu və təqdim etdi. Məşhur qeyri-azərbaycanlı şərqşünas-alim Y.Bertels şair – Nizami; məkan, tarixi fon – Gəncə; sənətkarlıq məsələləri – farsdilli, azəri üslubi poeziya məfhumlarını bir-birinə sıx bağladı.

Maraqlıdır ki, Oksford Universitetində 1985-2002-ci illərdə fars-ərəb ədəbiyyatı üzrə çalışmış professor Culiya Skott Meysami 1995-ci ildə “Yeddi gözəl”i ingilis dilinə çevirib çap etdirmişdir. Həmin kitabın ön sözündə ingilis alimi Nizami poeziyasında azəri dilinin ritorik incəliyini və cazibədarlığını özündə əks etdirdiyini və Nizami poeziyasının üslubunu ənənəvi fars Xorasani üslubundan fərqləndiyini qeyd etmişdir. Onun yazdığı fikirlərlə Bertelsin kitabındakı fikirlər arasında bir bağlantı olduğu aydın nəzərə çarpır.

Rus-Peterburq Şərqşünaslıq Məktəbinin Boldırev, Krımski, Bartold, Marr, Levkiyevskaya kimi görkəmli nümayəndələri Nizami yaradıcılığını məhz bu elmi aspektdən təqdim və təbliğ etmişlər.

Azərbaycanda da Nizamişünaslıq aparıcı elmi sahəyə çevrilmiş, dəyərli elmi kitablar və tədqiqatçılar dəstəsi yaranmışdır. Amma əfsuslar olsun ki, bu əsərlərdən bir-iki müəllifi çıxmaq şərti ilə heç biri Avropa dillərinə tərcümə edilməmişdir.

Burada bir məqama da toxunmalıyıq. Bəli, Nizami irsinin Azərbaycan elmi məktəbi XX əsrin 30-cu illərindən sonra öz kulminasiya nöqtəsinə çatdı. Bu səbəbdən Nizami irsinin Azərbaycanda, sovetlərdə öyrənilmə prosesinə yanaşmada bir ideoloji məzmun, bir ideoloji sifariş fərziyyəsi ehtimalı da yarana bildi. Amma Azərbaycan Nizamişünaslığının əksər qiymətli elmi əsərləri və dəyərli müəllifləri – Həmid Araslı, Mikayıl Rəfili, Rüstəm Əliyev, Azadə Rüstəmova, Əliyar Səfərli, Nüşabə Araslı, Məmməd Cəfər, Teymur Kərimli və başqaları sovet dönəmində yaşayıb yaratsalar da, Azərbaycan Nizamişünaslığı hələ sovet dönəmindən əvvəl və sovet dönəmi ilə əsla bağlı olmayan müəlliflərin adı ilə bağlıdır.

Hələ XIX əsrdə Azərbaycan müəllifləri Abbasqulu ağa Bakıxanov, M.F.Axundzadə, daha sonra M.S.Ordubadi, Firudin bəy Köçərli Nizami yaradıcılığına öz əsərlərində toxunmuşlar, bioqrafik məlumatlar vermişlər.

Amma sırada iki ad, iki kitab dəyərli, tutarlı və inkaredilməzdir. Belə ki, 1951-ci ildə görkəmli şəxsiyyət və dövlət xadimi, AXC-nin yaradıcılarından biri, eyni zamanda, alim, publisist, dramaturq M.Ə.Rəsulzadə Ankarada “Azərbaycan şairi Nizami” monoqrafiyasını çap etdirir. Özünün yazdığına görə, bu əsər 1951-ci ildən çox əvvəl hazır idi və onun çapının gecikməsi həyatının çətinlikləri və II Dünya müharibəsinin başlanması səbəbindən oldu. M.Ə.Rəsulzadənin Nizami haqqında qələmə aldığı monoqrafiya Azərbaycan Nizamişünaslığının ən parlaq elmi əsərlərinin ön sırasındadır. Bu əsər heç zaman sovet ideologiyası və ideoloji sifarişlə bağlı ola bilməz.

İkinci kitabın adı “Şeyx Nizami”dir. Kitabın müəllifi XX əsrin əvvəllərinin Gəncə maarifçi-ziyalılar çevrəsinin tanınmış nümayəndəsi, Gəncə Seminariyasının məzunu və sonralar müəllimi Mirzə Məhəmməd Axundzadədir. Kitab 1909-cu ildə Gəncədə Hacı Həsənzadə mətbəəsində Azərbaycan dilində ərəb əlifbası ilə çap edilmişdi.

Bu misallar Azərbaycan Nizamişünaslığının sırf 30-cu illərdən sonra, sovet ideologiyasının, hətta Stalinin mədəni planının bir hissəsi kimi deyil, obyektiv və müstəqil elmi tarixinin olduğunun göstəricisi və sübutudur.

Əlbəttə, Nizamişünaslığın dəyərli hissəsinin böyük qismini fars alimlərinin əsərləri təşkil edir. İranda Vəhid Dəstgerdi, Səid Nəfisi, Əli Əkbər Şəhabi və bir çox başqaları Nizami haqqında dəyərli əsərlər yazmışlar. Xüsusi olaraq qeyd etmək istərdim ki, bu gün təqdim etdiyimiz kitab 1957-ci ildə Tehranda fars dilində “Nizami, şaere-bozorge-Azərbaycan” adı ilə çap edilmişdir. Fars dilinə Hoseyn Məmməd-zadə Sədiq tərəfindən çevrilmişdi. Bu işə görə fars alimlərinə öz təşəkkürümüzü bildiririk. Həmçinin türk alimlərindən Əhməd Atəş, Nihad Banarlı, Əhməd Kabaklı və başqaları da Nizami irsini tədqiq etmişlər.

Avropa şərqşünaslığında Nizami yaradıcılığına maraq əsasən XVIII-XIX əsrlərdən qaynaqlanmağa başlamışdır. 1871-ci ildə macar alimi Vilhelm Baxer Leypsiqdə “Nizami və əsərləri” monoqrafiyasını alman dilində çap etdirir. 1836-cı ildə ingilis alimi Ceyms Atkinson “Leyli və Məcnun” poemasını ingilis dilinə çevirir. Edvard Braun XIX əsrin sonlarında öz əsərlərində “İsgəndərnamə”yə aid fikirlər yazır. Məşhur şərqşünas Hammer “İsgəndərnamə”dən 100-ə qədər beyti alman dilinə tərcümə edir.

Beləliklə, Nizami milli kimlik və etnik mənsubiyyət çərçivəsini yaran universal fiqur və universal bəşəri dəyərli ədəbiyyatın möhtəşəm nümayəndəsidir. O, öz “Xəmsə”si ilə Şərqin qədim vəhdəti–vücud fəlsəfəsinin, bu gün dəbdə olan multikulturalizm termininin mahiyyətini hələ o dövrdə “Yeddi gözəl”in nümunəsində bədii əksini yaratmış oldu.

Onun sənəti və bədii sözü ilahi enerjisinin transformasiyası kimi insanı, məhəbbəti, ədəbiliyi, daxili aləmin kamilliyini bəşəriyyətin əsas qoruyucu çətiri və səddi kimi bədii obrazlarla təqdim və təsvir etdi.

Bizim məqsədimiz Nizaminin, məhz onun dahi yaradıcılığının etik-estetik qayəsinə uyğun olaraq təqdim və təsdiq etməkdir. Şeyx Nizami heç zaman parçalayıcı, ixtilaf yaradan fiqur olmayıb və ola da bilməz. Çünki onun yaradıcılığı insanları və məmləkətləri birləşdirici qüvvəyə malikdir. Nizamiyə görə, müxtəliflik qaçılmaz və obyektivdirsə, deməli, bir araya gəlmək bacarığı və istəyi də, vəhdətə can atmaq arzusu da inkarsız, labüd və mütləqdir.

“Qoy hamı bilsin ki, mənim şair könlüm iki hərf ilə hər şey yarada bilir!”

Bu kitabın ərsəyə gəlməsində professor Herziqin dediyi kimi, insan əməyi çox əziz və qiymətlidir. Mən öz təşəkkürümü hörmətli professor Herziqə bildirmək istəyirəm. O, məni və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsi vurğuladı. Buna görə ona təşəkkür edirəm. Amma həqiqət ondan ibarətdir ki, professor Herziqin və Oksford Universitetinin dəstəyi olmasaydı, mən heç nə edə bilməzdim. Mən anlayıram ki, 800 illik tarixə malik universitet özündən kiçik olanlara çox nəvaziş ilə yanaşır. Oksford Universitetinin bütün heyətinə təşəkkür edirəm. Mən bu gözəl məkanda bizim tədbirimizin keçirilməsinə şərait yaradan Lord Leyton Muzeyinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Əlbəttə, mən Britaniyanın “Gilgamesh” nəşriyyat evinə və onun rəhbəri Maks Skotta öz təşəkkürümü bildirirəm.

Mən bütün kitabsevərləri alqışlayıb, təşəkkür edirəm. Təşkilati məsələlərdə bizə böyük dəstək olmuş Azərbaycan Respublikasının səfirliyinə öz təşəkkürümü bildirirəm. Kitaba ön sözü yazan Elçin müəllimə, tədbirə gələn qonaqlara - Akif müəllim, Rasim müəllim, Nizami müəllimə öz təşəkkürümü bildirirəm. Burada əyləşən Oksford Universitetinin və Britaniyanın digər aparıcı universitetlərinin alimlərinə, tələbələrə və yüksək qonaqlara öz təşəkkürümü bildirirəm.

Onu da qeyd edim ki, mənim atam Bertelsi şəxsən tanıyırdı, babam yazıçı Mir Cəlal Paşayev Bertelsi evimizdə qonaq etmişdir. Dünyada olan alimlər həmişə dünyada olsunlar, dünyadan köçüb gedənlərin isə ruhu həmişə üstümüzdə, yüksəkdə olsun. Hamınıza bir daha təşəkkür edirəm”.

Xalq Yazıçısı Elçin Əfəndiyev də tədbirdə çıxış edib.

Tədbirdə, həmçinin qonaqlara əməkdar artist Fərqanə Qasımovanın ifasında konsert proqramı da təqdim olunub.