Bu dəfə “Maqazin Klubu” olaraq son zamanlar tamaşaçıların ən çox baxdığı, müzakirə etdiyi, milli televiziyanın ən bahalı layihəsi olan “Maşın şou” haqqında danışdıq. Dünən final buraxılışı olan proqramda yaşanan qalmaqallar və iştirakçıların hər birini ayrılıqda analiz etdik. Yenə də mən-Pərviz Sadıqov, Zəhra Əhmədova və Elvin Elxan iftar süfrəsində bir araya gəldik.

Pərviz:
- Bildiyimiz kimi,  bu dəfə şouda 9 yeni, 9 keçmiş iştirakçı var idi. Aparıcı Murad Dadaşov ən qalmaqallı adamları, müxtəlif zövq təbəqələrindən olan məşhurları bir araya gətirmişdi. Qalmaqallar bəzən ifrat dərəcəyə də gəlib çatırdı. Lakin ilk günlər veriliş daha səs-küylü olsa da, növbəti günlər  “şahmat oyunu” kimi davam etdi. Şou ərzində kütlənin sevgisini qazananlar və bunu itirənlər oldu.



"PƏRVİN XALQIN GÖZÜNDƏN DÜŞDÜ"

Zəhra:
- Çoxları deyir ki, “kiminsə siması açıldı”. Bu fikirlə razı deyiləm. Çünki kim necədirsə, orada da elə göründü. Sadəcə tamaşaçılar onları real həyatda tanımırdı deyə, onlar üçün yenilik oldu. Məsələn, Pərvin Abıyevanı media əhli elə belə də tanıyırdı. Pərvin indiyə kimi hamıyla o tonda danışıb. O, qonaq olduğu adi verilişdə belə danışası deyildi ki. Pərvin Abıyeva özü də etiraf etdi ki, əsəb problemləri var. Verilişdən əvvəl də psixoloqla danışıb gəlib, müəyyən preperatlar qəbul edir.

Elvin:
- Bir sözlə, Pərvin kütlənin gözündən düşdü.

Pərviz:
- Məncə də, nə qədər filmə çəkilsə də, o, hər zaman bu verilişlə yadda qalacaq. Məncə, Pərvin də bilsəydi ki, Səidə səs yığıb onu çıxaracaq, əlini çəkib gedərdi. Onlar son ana kimi inanırdılar ki, Səidə səs yığmayacaq.

"SƏİDƏYƏ QARŞI SƏS VERMƏK ÜÇÜN ÇOXLU PUL XƏRCLƏYİB"

Zəhra:
- Şoudan Üzeyir, Kənan, Tolik, Sərxan özləri əlini çəkib getdi.



Elvin:
- Tolik də qorxurdu ki, Səidə Sultan onu çıxaracaq. Özləri də etiraf  edirdi ki, Səidə güclü rəqibdir. Tolikə kütlə inanır, onun dediklərini dəstəkləyir. Ona görə də bir qorxusu da var idi, efirdə bir gün söyüş söyə, anlaşılmaz addım atar və tamaşaçı onu linç edər. 

Zəhra:
- Eşitdiyimə görə, Pərvin Səidənin əleyhinə səs vermək üçün çoxlu pul xərcləyib. Ona görə o, hələ də özünə gələ bilmir ki, Səidə necə səs yığdı?

Elvin:
- Məlumdur ki, orada Səidəni sevənlər deyil, Pərvin Abıyevaya İnstaqramda, şou biznesdə, tamaşaçılar arasında qıcıqlananlar ona səs verdi.

Zəhra:
- Amma o, “qardaş” desə də, Kənan ona “bacı” demədi. Sadəcə o məsələni sosial şəbəkələrdə çox şişirdilər.

Elvin:
- Onlar hər ikisi bir-birinə zarafata “qardaş” deyirdilər. Bu, Səidənin taktikası oldu və həmin nüansdan istifadə edib “Bir ailənin iki üzvü” dedi.



Pərviz:
- Onun Kənanla birləşməsi də zərərinə işlədi. “Qardaş” söhbəti hər ikisinin qara piarına çevrildi. Amma son günlər sosial mediada bəzi tanınmışlar Pərvinə qarşı olan tənqidləri pislədilər. Mən də təhqirlərin doğru olmadığını düşünürəm. Amma Pərvini Beren Saatla, Fahriye Evcenlə müqayisə etmək absurddur. Çünki onlar efirdə nə danışdıqlarını bilirlər. cəmiyyətdə mövqeləri var, siyasi məsələlərdə aktivdirlər. Pərvin isə adicə bir qalmaqalda özünü idarə edə bilmədi. Beren Saat bütün Türkiyə tərəfindən az qala "Xalq düşməni" elan olunacaqdı, amma yazdığı geniş açıqlama ilə bütün topları çevirə bildi.

"KƏNAN YENƏ HÜSEYN DƏRYANIN OĞLUNDAN İSTİFADƏ ETMƏK İSTƏDİ"

Pərviz:
- Amma Kənanın səhvi Səidəyə “Bu, sənin günahındır ki, burada heç kim sənə bacı demir” söyləməsi oldu. Bu hərəkəti etik saymaq olmaz. Kənan yersiz mübahisələrə çox qarışdı. Orada Azər Zahidin ona “tülkü” deməsini tamaşaçıya qarşı çevirməyə çalışdı. Sonra Hüseyn Dəryanın oğlundan istifadə etmək istədi.

Elvin:
- Əvvəl dedi ki, maşını İslam Mehrəliyevə verək. Sonra dedi ki, maşını udub Hüseyn Dəryanın oğluna verəcəyəm. Bir daha da qayıdıb ki, Pərvinə görə, maşından əlimi çəkərəm.

"SƏİDƏ ŞOUDAN ÇIXANDAN SONRA DA ORANI İDARƏ EDİRDİ"

Zəhra:
- Səidə çox maraqlı oyun apardı. Nüfuzu da artdı. O, bir müddət əvvəl efirdə nənəsinin üzünə tüpürən qız kimi yadda qalmışdı. Bu dəfə isə Pərvini yerində otuzduran biri kimi yadda qaldı. Səidə həm də insanları güldürürdü. Amma Oksananın dediyi “Həyasız” sözünə ifrat reaksiya verdi. Bəlkə də oradakı digər sözlərə dolmuşdu, həmin an partladı.



Elvin:
- Səidənin həmin andakı səmimiyyətinə inanıram. Çünki dedi ki, mən Oksanadan gözləmirdim. Oksana da onun ağlamağına pis olmaqla vəziyyətdən çıxdı.

Pərviz:
- Səidə əslində taktikadan istifadə etmədi. Necə vardısa, elə də özünü göstərdi. Mövqeyini dəyişmədi. Ona görə digərlərinə nisbətən daha çox sevildi.

Elvin:
- Səidə Cavad Rəcəbovu qabağa salıb iştirakçıların simasını açdı. Şoudan çıxandan sonra da oranı idarə edirdi. Sərxan ilə Nadir şouda çox yaxın idilər. Səidənin planı ilə onlar bir-birinə qarşı səsverməyə çıxacaq, sonda isə Elcanı uzaqlaşdıracaqdılar. Amma Sərxan qurulmuş planı pozdu, əlini maşından çəkdi. Onların mübarizəsi süni idi, elə verilişdə də bir-birinə qarşı kəskin səs istəmədilər.

"MURAD DADAŞOV KƏSKİN REAKSİYA BİLDİRMƏLİ İDİ"

Pərviz:
- Şouda bəyənmədiyim cəhət iştirakçıların həddən artıq, yerli-yersiz rusca danışması idi. Ölkənin ən reytinqli layihəsi idi və hər kəs onlara baxırdı, nümunə olmağı bacarmadılar. Murad Dadaşov da xəbərdarlıq etsə də, rusca danışmağa daha kəskin reaksiya bildirməli idi.

Elvin:
- Şouda maraqlı iştirakçılardan biri də Təranə Qumral idi. Çox güclü və yaxşı oyun göstərə bilərdi. Təranə o qədər də savadlı olmasa da, nitqini normal qura bilən bir xanım idi. Onun verilişdəki əsas məqsədi piar idi. Amma yaxşı oyunçu ola bilmədi. Səidə ilə birləşsə, daha güclü olardı.

Pərviz:
- Məncə, “Maşın" şou tamaşaçının Təranə Qumral haqqında fikrini dəyişmədi. Necə idisə, elə də tanıdı. Danışıq qabiliyyəti gözlədiyimdən yaxşı idi. Şoudan vaxtında getdi. Çünki sonlara yaxın canlı yayımda “qatıqlama” sözü ilə, Sərxana su şüşəsi atmaqla səhv etmişdi.



"TƏRANƏ QUMRAL KÜÇƏ JARQONLARI İLƏ YADDA QALDI"

Zəhra:
- Təranə Qumral küçə jarqonlarından çox istifadə etdiyi üçün gözdən düşdü. Onun cavab vermək qabiliyyəti də yox idi.

Elvin:
- Təranə normal danışırdı, amma üstünə gedən kimi cavab qaytara bilmirdi, çıxılmaz vəziyyətə düşürdü. Onun səs yığa bilməməsi məni təəccübləndirdi. Amma şouda müqavilənin şərtlərini pozan vardı ki, bir-birlərini təhqir edirdilər. Onlar niyə qabardılmadı, maraqlıdır.

Zəhra:
- Deyilənlərə görə, özünə 50 min manatlıq səs verdirib. Ona görə şokdadır ki, necə uduzub?

Pərviz:
- Bununla bağlı Milli Teleradio Şurası açıqlama vermişdi ki, şouda səslənən, narazılıq doğuran ifadələr saat 23:00-dan sonra olduğu üçün və o qədər təhqiredici sözlər olmadığı üçün qanun pozuntusu deyildi.



ÜZEYİR ŞOUDAN NİYƏ GETDİ? - ZƏİFLİK, YOXSA HÖRMƏT...

Pərviz:
- “Maşın şou” məşhurların özünü sevdirməsi üçün bir şansdır. Məsələn, orada tamaşaçının hörmətini qazananlardan biri Üzeyir Mehdizadə oldu.

Elvin:
- Ümumiyyətlə, Azərbaycan izləyicisinin əksəriyyətinin bu şouya reaksiyası səmimi deyil. Bir gün birini daşlayıb, digəri gün həmin adamı qaldırırlar. Orada iştirak edənlərə “Çox səviyyəsizdirlər” deyən insanlar Üzeyir oradan getdiyi üçün ona hörmətləri artdı. Əslində, isə Üzeyir zəifliyini göstərdi. O, sübut etdi ki, mən sizinlə bacara bilmərəm.

Zəhra:
- Üzeyir bəlkə də qalmaq istəyərdi. Sadəcə iyunun 6-da tədbiri olduğu üçün gedişi ilə  həm işini gördü, həm də hörmət qazanmaq istədi. Eyni zamanda bir az Oksanaya qarşı kobud çıxış etmişdi. Tolik isə özünə sığışdırmadı ki, kimsə səs yığıb onu çıxara bilər. Ona görə getdi.

Pərviz:
- Ümumiyyətlə, orada çoxunun eqo problemi var idi. Eləcə də Kənan M.M Aqil M.Quliyevin əli ilə getmək istəmədiyi üçün əlini maşından çəkdi.

"FƏRDANIN VARLIĞI HİSS OLUNMURDU"

Zəhra:
- Fərdanın verilişdə varlığı səsverməyə çıxana kimi hiss olunmurdu. Sonda “Maşına ehtiyacım var” deməsi isə qıcıqlandırıcı idi.

Elvin:
- Fərda mənim üçün yadda qalmadı.

Pərviz:
- Fərda Elcangilin planına əsasən sona qədər qalmalı idi. Amma o qədər səssiz oldu ki, heç yadda da qalmadı.



NADİR QAFARZADƏ - SÖNÜK VƏ MARAQSIZ

Pərviz:
- Nadir həmişəkindən daha sakit və diqqətdənkənar idi. Əslində, pozitiv idi, qalmaqallara da qarışmadı.  Maraqlıdır ki, sonda  Nadir Qafarzadənin qarşısında güclü rəqib olmasa da, səs yığa bilmədi. Doğrudan, o, tamaşaçını bu qədərmi qıcıqlandırırdı?

Zəhra:
- Nadirin bu qədər sakit və sönük oyun göstərəciyini bilməzdim.

Elvin:
- Mən də Nadiri daha emosional və qalmaqallı biri kimi tanıyırdım.

"ELTON KÖLGƏDƏ QALDI"

Elvin:
- Yarışmada iki nəfər vardı ki, şouda qalmaq istəyirdilər. Ona görə getməkləri ilə barışa bilmədilər. Biri Elton idi, digəri Pərvin. Elton iştirakçıların ona qarşı çıxmasına incidi. Hətta Tolik də onun üçün səs istəmədi.

Pərviz:
- Elton şoudan çıxan kimi, verilişin, Murad Dadaşovun arxasınca yazmağa, tənqid etməyə başladı. “Qarşıdurma”nın ilk qalmalı idi. Amma sonra maşın ətrafında elə şeylər oldu ki, Eltonun yazdıqları kölgədə qaldı.

Zəhra:
- Bu da onu göstərdi ki, Eltonun səs yığa bilməməsi çox təsir etmişdi. İlk günlərdən sonra isə unuduldu. Məni təəccübləndirən kürsüyə çıxan çox iştirakçının səs yığa bilməməsi oldu.

Pərviz:
- Çünki ağıllı danışa bilmirlər, özlərini doğru müdafiə edib, haqlı hədəf göstərməyi bacarmırlar. Ona görə ora çıxan əksər iştirakçı tamaşaçını qıcıq etdiyi üçün “Getsin”ə daha çox səs gəlirdi.



SƏRXAN JURNALİSTLƏRİ TƏHQİR EDİB?

Elvin:
- Oyunu pozmasa idi, finala qalardı. Ümumiyyətlə, şoudakı iştirakçıların çoxu maşın üçün yox, eqo üçün dava edirdilər. Sərxan çox şəxsi məsələlərə söz atırdı.

Zəhra:
- Mənim diqqətimi çəkən məqam isə Sərxanın üç dəfə mübarizədən qalib çıxması idi.

Pərviz:
- Çünki haqlı danışmağı, özünü tamaşaçıya inandırmağı bacarırdı. Şəxsi məsələlərə də elə ağılla toxunurdu ki, nə şiş yansın, nə kabab.

Zəhra:
- Vüqar Vüqarlı səsvermədə olanda Sərxan dedi ki, “mən bilirəm ki, jurnalistlərin maşın, ev almaq üçün yetərli maaşları yoxdur”. Mən bunu jurnalistləri alçaltmaq kimi görürəm. Ola bilsin siz bir filmdən, layihədən filan qədər qazanırsınız. Amma jurnalistlərin daimi maaşı var, əlavə gəlir yerləri var. Jurnalistlər piar işləri ilə məşğul olur, reklam işlərində olur, acından ölmürlər.

Pərviz:
- Sənin fikirlərinlə qəti razı deyiləm. Sərxan ola bilsin bir qədər sərt deyib, amma reallıqdır ki, aktyorlar və şou biznesdəkilər jurnalistlərdən qat-qat yaxşı dolanır. Sənin dediyin “jurnalistlərin əlavə gəliri var” çox az adama şamil etmək olar. Jurnalistlərin  90 faizi quru maaşa baxır və təbii ki, bu maaşla maşın, ev almaq olmaz. Aktyor isə il ərzində bir-iki filmə çəkilməklə jurnalistin il ərzində qazandığından çox qazanır. Ən azından real mənzərəyə baxsaq bunu görmək olar.



"AZƏR "MAŞIN"DAKI BÜTÜN KİŞİLƏRDƏN CƏSARƏTLİ İDİ"

Elvin:
- Azər kişi iştirakçılar arasında yeganə adam idi ki, Kənan M.M-ə qarşı çıxa bildi. Yoxsa hamı Kənandan çəkinirdi. Azər həmin anda çox cəsarətli davrandı. Amma onun Oksanaya qışqırması bir qədər qeyri-etik idi.

Pərviz:
- Azər “Yoxlama” verilişindəki bir neçə qalmaqala görə sosial mediada ən çox tənqid olunan aparıcı idi və nüfuzunu itirmişdi.  Şouda isə daha ağıllı oyun göstərdi, cəsarətli oldu, Səidəni müdafiə etdi, amma sonunu gətirə bilmədi.

Zəhra:
- Azərin sonda Oksanaya "Bir qadına görə məni çıxartdın" deməsi hələ də müzakirə edilir ki, o, kimi nəzərdə tutmuşdu? Maşın ətrafındakı kimisə, yoxsa real həyatdakı...



"AQİL M. QULİYEV MURAD DADAŞOVUN QURBANI OLDU"

Pərviz:
- Murad hər buraxılışda verilişi qızışdırmaq üçün nələrsə etsə də, ilk dəfə idi ki, nəticələrə təsir edə biləcək sözlər deyirdi. Demək olar ki, Aqilin şoudan uzaqlaşmasına Murad səbəb oldu. Aqil Muradın qurbanı oldu. Aqilin “Bəyaz həyat” dövründəki nüfuzu yenə də bərpa olunmadı.

Zəhra:
- Aqil özünü ağır göstərməyə çalışırdı. Amma Aqilin şoudan uzaqlaşmasında birbaşa rol oynadı. “Sənə səs verən bir iki adama güvənirsən” deməklə şounun bütün gedişatını dəyişdirdi.

Elvin:
- Aqilin taktikası zəif idi. Kəskin baxışları ilə hər kəsə təsir etməyə çalışırdı.



MAŞININ QALİBİ İSLAM - SƏS KÜYÇÜ "KASIB OĞLAN"

Elvin:
- İslam məntiqsiz oyun göstərdi. Özünə “kasıb uşaq” imici yaratdı. İlk gündən maşını olmadığı üçün hamı ona belə yanaşdı. Susdu, susdu, iki üç gündən sonra başladı qışqır-bağır salmağa.

Zəhra:
- İslamın hərəkətlərini kişiyə yaraşdırmıram. Çox səs-küy salırdı, qışqırıdı. O tərəfə meyl edirdi, bu tərəfə meyl edirdi külək kimi. Oksanaya tərəf oldu, sonda onu darda qoydu.

Pərviz:
- Maşını qazanmaq üçün hər şeyə razı idi. Tez-tez səsini yersiz qaldırırdı.



Elvin:
- Elcan da səs-küyü ilə ikinci İslam idi sanki. Oyununu bəyənmədim. Onun şoudakı "boz kardinal" olmasına inanmadım. Çünki oyunu quracaq qədər güclü taktikası olan biri deyil.

"ŞOUNUN ƏN YERSİZ ADAMI O İDİ"

Pərviz:
- Səbuhi Xanlarov şouda ən yersiz adam idi. Murad Dadaşovun uğursuz seçimi idi. Orada olanların hər biri hansısa uğur qazanıblar, amma onun ciddi bir işi yoxdur. Çəkdiyi videolar da çox aşağı səviyyəli zarafatlardır.

Elvin:
- Küçədə camaata söz atırdı, kiminsə geyiminə, kiminsə sırğasına lağ edirdi.



"MANANA AZƏRBAYCANCA OKSANADAN YAXŞI DANIŞIR, AYIBDIR"

Pərviz:
- Oksana azərbaycanca öyrənməlidir. Manana ondan yaxşı danışır, ayıbdır. Azərbaycanda bu qədər yaşayıb normal cümlə qura bilməmək gülməlidir.

Zəhra:
- Oksananın oyununu bəyəndim, səsvermədə də sübut etdi ki, onu sevənlər var. Ümumiyyətlə, Murad Dadaşov ya Oksananın, ya da İslamın udmasını istəyirdi, belə də oldu. Çoxlarının ehtimalı özünü doğrultdu. Ona görə də final məni təəccübləndirmədi.

Elvin:
- "Maşın" şou telekanallarımızda canlılıq yaratdı. Şou çox səviyyəli idi.

Beləliklə, "Maşın şou"ya olan sözardımızı da bitiririk. Həmişəki kimi, fikirlərimizdə qərəzdən uzaq olmağa çalışmışıq. Sonda ənənəmizə sadiq qalaraq növbəti dəfə üçün mövzumuzu həyəcanla seçirik. Yenə də oxucularımızın bilmədiyi bir neçə nüansı onlara çatdırmışıq. Onu da əlavə edim ki, fikirlərimiz çalışdığımız redaksiyaların fikirləri ilə üst-üstə düşməyə bilər...

Hazırladı: Pərviz Sadıqov

Söhbət etdi: P.Sadıqov (Axşam.az), Z.Əhmədova (Axşam.az), E.Elxan (Qafqazinfo.az)