Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsara Bakıdan göndərilən üçrəngli Azərbaycan bayrağı hədiyyə olunub.

Axşam.az-ın "Report"a istinadən məlumatına görə, bayrağı F.Alpsara Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev göndərib.

Bayrağı bir müddət öncə onun xahişi ilə Əli bəy Hüseynzadənin arxivinin Azərbaycan tarix muzeyinə hədiyyə olunması və gətirilməsini təşkil edən, bu ideyanın təşəbbüskarı olan əməkdar rəssam Teymur Rzayev gətirib.

Feyzavər Alpsar Azərbaycan bayrağına aldığı an göz yaşlarına boğulub. Bayrağı öpərək gözlərinin üstünə qoyub. O, Azərbaycan bayrağına qovuşduğu üçün özünü çox xoşbəxt hiss etdiyini deyib, atasına və ona göstərilən diqqət və qayğı üçün təşəkkür edib:
 
“Sizlərin sayəsində bu da mümkün oldu. Çox, çox xöşbəxtəm. Yaşlandım, bəzən çox şeyi unuduram. Ancaq, atamla bağlı hər şey yadımdadı. Yaxşı ki, Əli bəy Hüseyinzadənin qızı olmuşam. Yaxşı ki, onun ailəsində böyümüşəm. Hər gün onun qürurunu yaşayıram. Bilirəm ki, atam böyük adam olub”.

Rəssam Teymur Rzayev Əli bəy Hüseynzadənin ideya müəllifi olduğu bayrağı 100 il sonra onun varisinə təqdim etməkdən qürur duyduğunu söyləyib.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra həmişəlik İstanbula köçən Əli bəy Hüseynzadənin üçüncü övladı olan Feyzavər Alpsarın 98 yaşı var. O, həm də, atası kimi rəssamdır. Ötən illər ərzində İstanbulun bir çox yerlərində F.Alpsarın sərgiləri açılıb.