Teatr mövsümün son festivalına yola düşür

Teatr mövsümün son festivalına yola düşür
227 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 89-cu teatr mövsümünün son Beynəlxalq festivalına getməyə hazırlaşır.

Axşam.az xəbər verir ki, iyunun 27-dən iyulun 3-dək kollektiv Belarus Respublikasının Mogilyovsk vilayətinin Bobruysk şəhərində keçiriləcək XIV “Dostluq çələngi” adlı Beynəlxalq Xalq Yaradıcılığı Festivalında iştirak edəcək.

Sözügedən beynəlxalq festivalda ölkəmiz Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə təmsil olunacaq. Tədbir Belarus Respublikası Mədəniyyət Nazirliyi, Belarus Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Mərkəzi Komitəsi, Bobruysk Şəhər İcra Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Mərasim Bobruysk şəhərinin 630 illiyi və 2017-ci ilin “Mədəniyyət paytaxtı” elan edilməsinə həsr olunur.

26 ölkənin teatr kollektivinin iştirak edəcəyi festival çərçivəsində müsabiqələr, şəhərin küçələrində bayram paradı, təntənəli açılış və bağlanış mərasimləri, yaradıcılıq görüşləri və konsertlər keçiriləcək.

Tamaşada Azərbaycan və Kalmıkiyanın əməkdar artisti Şövqi Hüseynov kontrabasçı rolunda çıxış edəcək.

Məlumat üçün bildirək ki, “Kontrabas” tamaşası bir çox beynəlxalq festivalların qalibi olub.