Şəkidə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı başladı - fotolar

Şəkidə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı başladı -  fotolar
638 dəfə oxunub
  • A-
  • A
  • A+

Şəki yenidən öz qapılarını “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalında Türkiyə, Yaponiya, Polşa, Macarıstan, İran və Gürcüstandan gəlmiş rəqs və musiqi qrupları, ifaçılar, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak ediblər.

“Marxal” müalicə-istirahət kompleksinin Yay Teatrında festivalın təntənəli açılış mərasimi keçirilib. Mərasimdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, musiqisevərlər iştirak ediblər.

Tədbirin bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən və artıq səkkizinci dəfədir keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını bildirib.

Bildirilib ki, 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar builki festivalda müsəlman ölkələrindən olan iştirakçılara üstünlük verilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qədim mədəniyyət mərkəzlərindən olan Şəkinin beynəlxalq festivalların keçirilməsi üçün gözəl məkan olduğunu, onun artıq “festivallar şəhəri” kimi tanındığını vurğulayıb.

Rəsmi hissədən sonra musiqisevərlərə festivalın ilk konserti - əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadənin müəllif gecəsi təqdim olunub.

Gecədə solistlər – xalq artisti Ənvər Sadıqov (qarmon), əməkdar artistlər İlqar Muradov, Elnur Əhmədov (kamança), Aygün Bəylər, Nurlan Növrəsli, müğənnilər Leyla İdrisova, Vüsal Hacıyev və başqaları bəstəkarın əsərlərini səsləndiriblər. Onları xalq artisti Teymur Göyçayevin bədii rəhbərliyi və dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib.

Uğurla başa çatan konsertin sonunda Aygün Səmədzadəyə və orkestrin bədii rəhbəri Teymur Göyçayevə xatirə hədiyyəsi – festivalın simvolu təqdim olunub.

Festival çərçivəsində iyunun 28-də günorta saatlarında Yay Teatrında Yaponiyanın “Va-Liqa” musiqi qrupunun, axşam isə Şəki Xan Sarayının həyətində Ania Broda (Polşa) və “GuessousMesi Trio” qrupunun (Macarıstan) konserti olacaq.