Günay İbrahimli: “Daha çox mənə 30-35 yaşlı kişilər evlilik təklifi edir”

Günay İbrahimli: “Daha çox mənə 30-35 yaşlı kişilər evlilik təklifi edir”
10243 dəfə oxunub
  • A-
  • A
  • A+

Yeni “Dodge Durango” markalı cipi ilə redaksiyamıza təşrif buyuran gənc müğənni Günay İbrahimli, bugünədək ən sevdiyi avtomobilinin məhz bu model olduğunu bildirdi. Prodüseri Sevinc Hüseynova ilə görüşümüzə gələn müğəninin gözü otağa daxil olduğu andan etibarən divardan asılmış bir fotoya yönəldi.

Axşam.az müğənninin musavat.com-a verdiyi müsahibəni təqdim edir.

Əhvalının əla olduğunu deyən G.İbrahimli hava şəraitinin psixoloji durumuna təsir göstərdiyini söylədi:

“Bilirəm ki, Təranə məndən ayrıldığına peşmandır”

- Adətən hava, fəsil kimi məqamlara diqqət yetirmirəm. Lakin danılmaz faktdır ki, onlar psixoloji vəziyyətimə təsir edir. Əlbəttə, hər fəsilin öz yeri var. Fəslə görə əhval- ruhiyyəm dəyişir. Yağış yağanda bir cür, gün çıxanda başqa cür oluram. Yaradıcılığıma isə bir o qədər təsir etmir. Yalnız fəslə müvafiq mahnı seçimlərimiz dəyişir. Yayda şən, qışda həzin mahnılara üstünlük veririk.

- Ən son mahnınız hansıdır?

- “Ola bilərdin”. Mahnının sözləri Leyli İsrafilovaya, bəstəsi Pərviz Mahmudova, aranjemanı Tərlan Məmmədhüseynova məxsusdur. Tez bir zamanda bu mahnıya klip də çəkdirəcəyik. Çox güman ki, təmtəraqlı təqdimat mərasimi keçirtməyəcəyik.

- Klipi kim çəkəcək?

- Adlarını açıqlamasam da deyim ki, Anadolu türkləri olan dostlarım var. Onlar bu klipi işləyəcək.

- Mahnının tarixçəsi....

- Əslində bu mahnı başıbəlalıdır. Bir neçə il öncə yazılan bu bəstəni ilk dəfə bir türkiyəli müğənni almışdı, sonra geri qaytardı. Hardasa bir il öncə bu mahnını maşında gedərkən dinlədim və gözlərim doldu. Zəng vurub Pərvizə dedim ki, bu mahnını mən oxuyacam. Elə də oldu. Bu gün o mahnı hərlənib, fırlanıb mənə qismət oldu. Ümumiyyətlə mən mahnılarımı sifarişlə yazdırmıram, onda elə hesab edirəm ki, mahnıda ürək olmur. Adətən bəstəkar mahnıları bir-bir “demo” versiyada qoyur, mən də dinləyirəm. Hansında özümü tapsam onu alıram. Klip, dizayn, musiqi kimi məsələlərdə dost, tanışlarla işləməyə üstünlük verirəm.

- Dost demişkən, yaxın dostunuz var?

- Mənim ümumiyyətlə dostum yoxdur. Əvvəl kollecdə oxuduğum zaman rəfiqələrim olub, amma hazırda yoxdur. Mən öz anlayışımda heç kəsi özümə yaxın buraxmıram. Arada pərdə saxlayıram. Ətrafımda o qədər halları müşahidə edirəm ki... Ən yaxın dost deyilən kəslər adamı arxadan vurur. Odur ki, tanışlarım çoxdur, yaxşı münasibət saxlayıram. Lakin çox yaxın buraxmıram. Nəisə bölüşmək istəyəndə də ailəmlə bir yerdə oluram. Bir də ki, yanımda çox vaxt Sevinc olur. Prinsip etibarı ilə realist insanam.

- Musiqidən başqa sənətin hansı növlərində özünüzü tapırsınız?

- Mənə hər zaman jurnalistika maraqlı olub. Əsasən də kriminaldan yazmaq. Mənə çox maraqlı gəlir ki, hansısa kriminal hadisəni araşdırıb ortaya nəticə çıxarım. Modaya böyük həvəsim var. Çox zaman geyimlərimi özüm seçirəm və uğurlu da alınır. Çünki tamaşaçılarım bəyənir. Amma bununla yanaşı, dostum Elnur Həsənov da konsert zamanı mənə yardımçı olur. Hazırda yeni albom çıxarmağa hazırlaşırıq. Düşünürəm ki, bir albomda iki disk yer alsın. Bu musiqi toplusunu da onunla işləməyi düşünürəm. Bu layihəni də türkiyəli dostlarla işləməyi düşünürəm. İstəyirəm ki, hər şey yüksək səviyyədə olsun.

- Konsert bitdikdən sonra belə söz-söhbətlər səngimədi. Xüsusilə də geyiminizlə bağlı… Bu məsələyə dair nə demək istərdiniz?

- Hə, çox sözlər deyildi. Bəziləri dedi ki, özümü Hadisəyə, Rihannaya, Ledi Qaqaya bənzədirəm. Amma konsertdə olan hər kəs gördü ki, səhnədəki insan mənəm. Bu yaxınlarda konsertim efirdən yayımlanacaq. Ümumiyyətlə isə konsert gözlədiyimdən daha çox səs-küyə səbəb oldu. Deməli, azdan-çoxdan nəsə etmişəm ki, hələ də danışırlar.

- Düşünülmüş şəkildə, səs-küyə səbəb olması üçün geyimlərinizi o tərzdə seçmişdiniz?

- Neçə ildir ki, oxuyuram. Mənim geyimlərim normaldır. Libasları isə sırf söz-söhbət yaratsın deyə elə seçməmişdik. Sadəcə hesab edirəm ki, həmin gün mənim günüm idi və fərqlənməli idim. Mən səhnədə tək idim və minlərlə insan mənə tamaşa edirdi.

- Geyim seçimini rahat etmək üçün çəkiyə diqqət vacib amildir. Siz qida rasionunuza necə nəzarət edirsiniz?

- Əslində çox yeyənəm. Yeməyi çox sevirəm. Demək olar ki, sevmədiyim yemək yoxdur. Amma iş rejimim elədir ki, qidama diqqət yetirməyim alınmır. Harda imkan tapdım, orada yeyirəm. Amma son zamanlar çalışıram ki, orqanizmimin sağlığı üçün qidama diqqət edim.

- Ən çox hansı yeməyi sevirsiniz?

- Bütün yeməkləri sevirəm (gülür). Nə qədər xarici ölkələrdə olmuşam. Getdiyim ölkələrin təamlarından da dadmışam. Amma deyim ki, bizim mətbəxə çatan mətbəx yoxdur. Bəlkə də uşaqlıqdan bu yeməkələrə öyrəşmişəm deyə, mənə belə gəlir. Yağlı, dadlı yeməklərə....(gülümsəyir). Əslində kökəlməyə meyilli insanam. Sadəcə olaraq çox işlədiyim üçün kökəlmənin qarşısı alınır. Son vaxtlar isə maraqlı rejimə düşmüşəm. Az-az, amma tez-tez yeyirəm.

Ailə tərkibiniz barədə nə deyə bilərsiniz?

- Hazırda atam, anam, mən, bacım və qardaşım qalırıq. Bacımın 21, qardaşımın 14 yaşı var. Bacım tərcüməçidir, qardaşım isə hələ orta məktəbdə təhsil alır. Atam da, anam da musiqi müəllimi olub. Amma hazırda müəllim kimi çalışmırlar.

- Bu sənətdə olmağını necə qarşılayırlar?

- Ailəmizdə problem yoxdur. Bəlkə də onlar da musiqiçidirlər deyə məni anlayırlar. Amma biz qarabağlıyıq, biz tərəfdə xasiyyət tünd olur. Qohumlarımız arasından vaxtilə təzyiq olurdu ki, qız uşağıdır, bu sənət onluq deyil. Lakin ailəm bu sözləri nəzərə almayaraq, mənə dəstək oldu. İndi həmin adamlar bizə yaxın olmağa çalışır. Sağ olsun valideynlərim, mənə güvənirlər. İnandırım sizi ki, konsertdə geyimimlə bağlı söz-söhbət çıxanda da anam danışdı, amma atam sakit dayandı.

- Son günlərdə gəlinlik geyimində olan fotolarınız sürətlə yayıldı. Yaxınlarda toy nəzərdə tutulur?

- Biri dedi ərə gedir, biri dedi yalançı toy edir. Daha nə qalmadı ki, deyilməyən?! Açıqlama verim ki, həmin gün gəlinlik butikinin açılışı idi və məni oraya dəvət etmişdilər. Oranın sahibəsi məşhur sima kimi gəlinliyi mənim geyinməyimi rica etdi. Əvvəl razılaşmasam da, sonra geyindim. Bir də gördüm belimdə qırmızı lent, başımda tac var. Çox gözəl hisslər yaşadım. İnşallah o hisləri gerçəkdən yaşamaq nəsib olar.

- Hazırda həyatınızda kimsə var?

- Xeyr. Məncə, hər şeyin öz vaxtı var. İndi mənim cəmi 22 yaşım var. İnşallah xeyirli qismət olanda, zamanında ailə də quracağam. Məncə, sevgi gəlib özü tapmalıdır. Sevgilim isə olub. Artıq keçmişdə qalıb. Bilirsiniz, tanınmışam, normal pul qazanıram, ağlım-başım yerində. Məni bugün istəyənlər ciddi niyyətlə yanaşdıqlarını, sevgilərini çatdıra bilmirlər, məni inandıra bilmirlər. Evlilik təklifləri isə kifayət qədər çoxdur. Daha çox mənə 30-35 yaşlı kişilər evlilik təklif edir. Və dediyim kimi, hələ həyatımın insanına rast gəldiyimi hesab etmirəm.

- Sənətçi xanımlar üçün ailə qurmaq çox zaman riskdir. Adətən sənəti atmaq məcburiyyətində qalırlar. Sizin həyatınızda belə bir dilemma yaransa, nə edərsiniz?

- Mən və ailəm sənətə gəlməyimdə çox əziyyət çəkmişik. Bundan sonra kimsə məni sevəcəksə, sənətimlə birgə sevməlidir. Həmin insanın məni bu sənətdən ayırmağa haqqı yoxdur. Mən bu sənəti atsam, günah olar. Ona görə sənətimi atmayacam. Kimsə məni sənətimlə sevənəcən gözləyəcəm.

- Sənətiniz xeyli maddi resurs tələb edir. Bu durumu necə yoluna qoyursunuz?


- Sırf maliyyə məsələsinə görə, sənətimə 2 dəfə “stop” demişəm. Amma hər dəfəsində də gərgin şəkildə çalışaraq vəziyyəti bərpa etmişəm. Doğrudan efirdə olmaq, geyim, mahnı almaq çox çətindir.

- Mütaliə edirsiniz?

- Arada bir vaxtım olanda kitab oxuyuram.

- Hansı janrda əsərlər oxumağı sevirsiniz?

- Hər cür. Əsas odur ki, maraqlı olsun. Dedektiv janrda olan kitabları lap xoşlayıram. Son olaraq Elxan Elatlının “Cəhənnəmdən gələn səs” kitabını oxumuşam. Bir də Mark Levinin “Bir-birimizə demədiyimiz sözlər” kitabını.

- Bu əsərləri oxuduqca hansı duyğuları yaşayırsınız?

- Hərdən yuxulyuram. Ümumiyyətlə yatmaq üçün oxuyuram. Birdəki mütaliə ən əsas nitq üçün vacibdir. Söz balansı çox olanda, efirdə səlis danışa, fikrini tam ifadə edə bilərsən.

- Prodüseriniz Təranədən niyə ayrıldınız?

- Bu barədə danışmaq istəmirəm. Ümumiyyətlə isə hazırda onunla danışmırıq. Bilirəm, peşmandır, amma bu haqda daha geniş danışmayacam.

- Hazırkı prodüseriniz Sevinc xanımdan razısınız?

- Bəli, çox razıyam. O, hər yerdə mənim yanımdadır. Elə o vaxt Təranə 5-6 müğənni ilə eyni vaxtda çalışırdı. Yanımda gedib-gələ bilmədiyi üçün köməkçi tutumuşdu. O vaxtdan həmişə yanımda Sevinc olub. Artıq 1 ildir ki, Sevinclə işləyirəm və mənə çox xoşdur.

- Sevinc xanım, bəs sizin üçün Günayla işləmək rahatdır?

- Bəli. Hazırda ailəli deyiləm. Ona görə, vaxt problemi də yaşamırıq. Hər zaman bir ola bilirik. Artıq bir baxışdan, sözdən Günayın vəziyyətini duya bilirəm. Məsələn, o, mənə həmişə “Seva” deyir. O ki, Sevinc dedi, bilirəm əsəbiləşib.

- Son sözünüz...

- Bu xoş qarşılamanız üçün minnətdaram. Zənnimcə, səmimi bir müsahibə alındı. Çünki mən həyatda necəyəmsə, çalışıram efirdə, jurnalistlərlə də elə olum. Bütün oxucularınıza da öz salamlarımı çatdırıram.