İstanbul Şoppinq Festivalı: Şəhərin ən gözəl zamanı - fotolar

İstanbul Şoppinq Festivalı: Şəhərin ən gözəl zamanı - fotolar
615 dəfə oxunub
  • A-
  • A
  • A+

İyulun 1-də 7-ci İstanbul Şoppinq Festivalı (Design İSF) fəaliyyətə başlayıb.

Festivaldan bir gün əvvəl dünyanın ən qədim aliş-veriş mərkəzi olan “Qapalı çarşı”da tədbirin təntənəli açılış mərasimi keçirilib.

Dövlət rəsmilərindən İstanbul valisinin köməkçisi İsmayil Gültekin, İstanbul Böyükşəhər Bələdiyyəsinin baş katibi Hayri Baraçlı, İstanbul Ticarət Palatasınin sədri İbrahim Çağlar, Fatih Bələdiyyəsinin sədri Mustafa Demir və Moskva Ticarət Palatasının rəhbəri Vladimir Platonovun iştirak etdiyi tədbirə dünyanın 13 ölkəsindən 40-dan çox media nümayəndələri dəvət olunmuşdu. Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təqdimat Müşavirliyinin təşkilati dəstəyi ilə ölkəmizdən də bir qrup jurnalist festivalda iştirak edib.

Mərasimdə İstanbul Ticarət Palatası sədri İ.Çağlar açılış nitqi ilə çıxış edərək “Şəhərin ən gözəl zamanı” devizi ilə təşkil olunan 7-ci İstanbul Şoppinq Festivalının Türkiyənin turizm imkanlarının təqdimatı baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib. Tarixi məkanları ilə zəngin olan İstanbulun xarici ölkə vətəndaşları üçün səyahət edə biləcək ən gözəl şəhərlərdən biri olduğunu deyən İ.Çağlar xatırladıb ki, açılış mərasiminin də təşkil edildiyi “Qapalı çarşı”nın 566 illik tarixi var.

İstanbul Şoppinq Festivalının dünya brendinə çevrilmə yolunda böyük məsafə qət etdiyini deyən Ticarət Palatasının sədrinin sözlərinə görə, tədbir ilk dəfə təşkil edildikdə çox dar çərçivədə fəaliyyət göstərirdi: “Lakin biz bu gün artıq ənənə halını alan festivala marağın daha da artdığının, “Qapalı çarşı” ilə yanaşı “Akasya”, “Capitol”, “Emaar Square Mall”, “İstinye Park”, “Kanyon”, “Palladium”, “Veneziya” və “Zorlu center” kimi böyük alış-veriş mərkəzlərinin “Design İST”ə qoşulduğunun şahidi oluruq. Festival ərzində qonaqlarımızı brend mağazalarda 75 faizə qədər endirimlər gözləyir”.

İ.Çağlar deyib ki, şoppinq festivalı sadəcə alış-veriş yox, həm də bir mədəniyyət hadisəsidir: “Ona görə də, bu cür tədbiri təşkil etmək bir qurumun işi deyil. Bu mənada, “Design İST” bizimlə bərabər İstanbul Valiliyi, Böyükşəhər və Fatih Bələdiyyəsi, “Qapalıçarşı” rəhbərliyi və digər dövlət və özəl qurumların müştərək fəaliyyətinin nəticəsidir”.

Fatih Bələdiyyəsinin sədri Mustafa Demir isə qeyd edib ki, İstanbul Şoppinq Festivalının açılış mərasiminin “Qapalı çarşı”da keçirilməsi son dərəcə düzgün qərar olmaqla yanaşı, həm də böyük məna, əhəmiyyət kəsb edir: “Çünki “Qapalı çarşı” yarandığı 1462-ci ildən bəri fəaliyyətinə fasilə vermədən davam etdirən yeganə məkandır. 2014-cü ildə “The Time” jurnalının apardığı araşdırmaya görə, “Qapalı çarşı” dünyada ən çox ziyarət olunan yerdir. İldə 91 milyondan çox insanın ziyarət etdiyi “Qapalı çarşı” “Tac Mahal”, “Versal” sarayı kimi dünyanın ən önəmli tarixi və turistik məkanlarını geridə qoyub. Biz də Fatih Bələdiyyəsi olaraq İstanbul Valiliyi, Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə “Qapalı çarşı”nın restavrasiyası ilə bağlı ciddi addımlar atmışıq. Məqsədimiz bu tarixi məkanı gələcək dövr üçün qorumaqdır”.

Daha sonra çıxış edən İstanbul Böyükşəhər Bələdiyyəsinın baş katibi H.Baraçlı festivalın önəminə toxunaraq qeyd edib ki, 7-ci İstanbul Şoppinq Festivalı Türkiyənin turizm sektorunda daha böyük inkişafa, tərəqqiyə yönəlmiş mühüm layihədir: “İstanbulun dünyanın 3 böyük imperiyasının paytaxtı olması təbii olaraq bizim də şəhərə olan baxış bucağımızı genişləndirir. Bu mənada, hadisəni təkcə turizm və mədəniyyət baxımından deyil, fərqli istiqamətlərdən qiymətləndirdikdə şəhərin hər keçən gün daha da böyüdüyünün, inkişaf etdiyinin şahidi oluruq. Ona görə də bu cür layihələr İstanbulu gələcəyə daşıyacaq və bununla bərabər şəhərin fərqliyini, gözəlliyini önə çıxaracaq”.

H.Baraçlı qeyd edib ki, “Ağıllı şəhər”lər 21-ci əsrin lokomitivinə çevrilib: “İstanbul “Ağıllı şəhər” olma yolunda böyük layihələrə imza atır. Eyni zamanda,  İstanbulu əlilliyi olan insanların da daha rahat həyat yaşaya biləcəyi şəhərə çevirmək üçün bir sıra layihələr həyata keçiririk”.

Bundan başqa, İstanbul valisinin köməkçisi İsmayıl Gültekin çıxış edərək qeyd edib ki, artıq 7-ci dəfə təşkil olunan İstanbul Şoppinq Festivalı hər il daha da yenilənir, ziyarətçilər üçün daha sərfəli, geniş alış-veriş fürsətlərinə sahib olan tədbirə çevrilir: “Lakin bizim fəaliyyətimiz bununla bitmir. Məqsədimiz gələcək illərdə festivalı daha da mükəmməlləşdirmək, İstanbulu bütün turistlər üçün arzuolunan məkana çevirməkdir”.

Moskva Ticarət Palatasının rəhbəri V.Platonova üzünü tutan İ.Gültekin bu il rus turistlərin Türkiyəyə böyük axınının müşahidə olunduğunu və bundan böyük məmnunluq hissi keçirdiklərini qeyd edib. Bununla bərabər, Rusiyadan daha çox turistin Türkiyəyə axının cəlb olunmasında maraqlı olduqlarını deyən şəhər valisinin köməkçisi bildirib ki, Rusiya vətəndaşlarının İstanbulu, onun qədim məkanlarını, o cümlədən, “Qapalı çarşı”nı gəlib görməsinə ehtiyac var: “Bu istiqamətdə Rusiya ilə birgə fəaliyyətə başlamışıq. Xarici turistləri narahat edə biləcək bütün təhlükəsizlik məsələləri ilə bağlı ciddi tədbirlər görürük. İstanbulu dünyanın ən təhlükəsiz məkanına çevirənə qədər Türkiyə hüquq-mühafizə orqanları tərəfindən ciddi tədbirlər davam etdiriləcək.

İstanbul Valiliyi bu məsələdə olduqca həssas mövqedədir. Əminik ki, İstanbul Şoppinq Festivalı ilə bağlı şəhərimizə gələn turistlər xoş təəssüratlarla ölkələrinə qayıdacaqlar”.

“Qapalı çarşı”nın Nuruosmaniyə qapısında tarixi mehtər ansamblının musiqi sədaları ilə başlayan tədbir 50-dən çox sənət adamının iştirakı ilə hazırlanan maraqlı tamaşalarla müşaiyyət olunub.

Daha sonra xarici ölkələrdən İstanbula dəvət olunan media nümayəndələri qrup rəhbərləri Sabih Cangil və Erdem Özgenin bələdçiliyi ilə İstanbulun tarixi və turizm əhəmiyyətli məkanları ilə tanış ediliblər.

Bu il İstanbul Şoppinq Festivalının mərkəzi rolunu oynayan “Qapalı çarşı”nın tarixindən, turistik əhəmiyyətindən danışan S.Cangil media nümayəndələrinə məlumat verib ki, bu tarixi məkan – alış-veriş mərkəzi həm Osmanlı, həm də Türkiyə Cümhuriyyətinin iqtisadiyyatına böyük töhfələr verib: “Lakin “Qapalı çarşı”nı yalnız alış-veriş məkanı kimi düşünmək düzgün deyil. Çünki burada müxtəlif sənət ustaları əl işləri hazırlayır, türk mədəniyyətini, adət-ənənələrini təbliğ edir, tanıdırlar”.

S.Cangil qeyd edib ki,1970-ci illərə qədər daha çox yerli xalqın üz tutduğu bu tarixi məkan sonrakı illərdə turistlərin böyük marağı ilə qarşılanıb, sıx ziyarət etdikləri ünvana çevrilib: “Əcnəbiləri “Qapalı çarşı”da təkcə xalça, cəvahirat, dəri və digər məhsullar deyil, həmçinin, buradakı aura, memarlıq, üslub fərqliliyi də özünə çəkən amillərdəndir. Bu mənada, 1980-ci illərdə bu tarixi ticarət mərkəzi turizm əhəmiyyətli obyektə çevrilib, bir növ xarici ölkə vətəndaşlarının arzu və istəklərinə uyğunlaşıb. Lakin təəssüflər olsun ki, son zamanlar Türkiyədə, o cümlədən, İstanbulda turizm sektorunda enişli dövr kimi yadda qalıb. Bunun nəticəsində bir çox ticarət obyektlər öz qapılarını bağlamaq məcburiyyətində qalıb. Ancaq inanırıq ki, İstanbul Şoppinq Festivalı kimi mühüm turizm layihələrinin təşkili ilə bu çətinlikləri aşacaq, turizm sektorunda daha böyük canlanma yarada biləcəyik”.

Qeyd edək ki, “Design İSF” adlı satış məntəqələri festival müddətində, iyulun 16-dək 9 ticarət mərkəzində və “Qapalı çarşı”da fəaliyyət göstərəcək. İstanbulda səfərdə olan media nümayəndələri də bu ticarət mərkəzləri ilə tanış olub, şoppinq festivalından faydalanmaq imkanı əldə ediblər.

Bundan başqa, 3 gün ərzində xarici jurnalistlər İstanbulun ən qədim tarixi və turistik məkanları – Sultan Ahmet məscidi, Ayasofya muzeyi, Topqapı sarayı, Qalata qülləsini ziyarət ediblər.