"Bu regionda yeni müharibənin alovlanmasına gətirə bilər" - bəyanat

"Bu regionda yeni müharibənin alovlanmasına gətirə bilər" - bəyanat
1311 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın turizm ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasında vəziyyət və işğalçı Ermənistan ordusunun azərbaycanlı mülki əhalini qətlə yetirməsi ilə əlaqədar bəyanat yayıb.

Axşam.az-ın məlumatına görə, bəyanatda deyilir:

"İyul ayının 4-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasında atəşkəs rejimi düşmən tərəfindən növbəti dəfə pozulmuş və işğalçı ordunun birləşmələri bu dəfə də xaincəsinə davranaraq azərbaycanlı əhalinin yaşadığı kəndləri hədəf almışdır. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndindəki yaşayış evlərini iriçaplı silahlardan atəşə tutması nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olmuş, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz ağır yaralanmışdır.

Ermənistanın Azərbaycana qarşı 25 ildən bəri davam edən hərbi təcavüzü, işğalçılıq siyasəti ilk gündən mülki əhaliyə, dinc insanlara qarşı qırğınlarla müşayiət olunmuş və 1992-ci ildə Xocalı soyqırımı törədən işğalçı ordu ötən müddətdə minlərlə günahsız insanın həyatına son qoymuşdur. Azərbaycanlı əhaliyə qarşı aparılan etnik təmizləmə, işğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarixi, dini və mədəni abidələrin dağıdılıb talan edilməsi Ermənistan Respublikasının işğalçı və terror siyasətini bariz şəkildə nümayiş etdirir.

Bütün bunlar eyni zamanda dünya birliyinin Ermənistanın hərəkətlərinə göz yummasının nəticəsidir. Beynəlxalq birliyin baş verənlərə laqeydliyi işğalçı ordunun daha azğın davranmasına, mülki əhaliyə qarşı hücumlarının davam etməsinə zəmin yaradır. Son hadisə ilə erməni qəsbkarları, Ermənistan hakimiyyəti bir daha öz barbar xislətini göstərmiş oldu.

Azərbaycanın turizm ictimaiyyəti beynəlxalq birliyin Ermənistanın bu qanlı siyasətinə, nəhayət, adekvat münasibət bildirməsini tələb edir. Eyni zamanda bildiririk ki, mülki azərbaycanlı əhaliyə qarşı törədilən bu ağır cinayətlər Azərbaycan Ordusunu müvafiq cavab tədbirləri görməyə vadar edir və bu regionda yeni müharibənin alovlanmasına gətirə bilər.

Azərbaycanın 20 faiz ərazisini işğal edən, mütəmadi olaraq atəşkəsi pozub mülki əhalini atəşə tutan düşmənə son günlər Silahlı Qüvvələrimiz tərəfindən layiqli cavab verilib. Nankor qonşularımız bu həqiqəti anlamalıdırlar ki, Azərbaycan xalqı gec-tez öz torpaqlarını geri qaytaracaq. Biz sülhsevər xalq olaraq hər zaman bu problemin danışıqlar yolu ilə həllinə ümid etmişik. Amma işğalçı ölkə öz mənfur xislətindən əl çəkməyib.

Respublikamızın turizm ictimaiyyəti münaqişənin sülh yolu ilə  həllinə çalışan beynəlxalq təşkilatları, bütün beynəlxalq ictimaiyyəti işğalçı Ermənistan ordusunun bu qanlı cinayətləri ilə bağlı qətiyyətli tədbirlər görməyə çağırır. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğala son qoyulması ilə bağlı bundan sonra atacağı bütün addımları dəstəkləyir və Ali Baş Komandan hər əmrinə hazır olduğumuzu bildiririk!

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralanan mülki şəxsin tezliklə şəfa tapmasını diləyirik".

Bəyanatı Milli Turizm Təbliğat Bürosu, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Konqreslər Bürosu, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi, Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birliyi imzalayıb.