Canlı efirdə qalmaqal

Canlı efirdə qalmaqal
4396 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Özünə bax” layihəsinin ötəngünkü buraxılışı qalmaqalla yadda qalıb.

Axşam.az-ın məlumatına görə, gərgin anların yaşandığı canlı yayıma layihənin rəhbəri Ruhi Əliyeva qatılmayıb. Münsif kürsüsündə modelyer Afaq İsmayılzadə, stilist Fuad Hacıyev, vizajist Sevanna və “Passage” dərgisinin baş redaktoru Nərminə Ağasi əyləşib.

Bu dəfə münsiflər qarşısına üç iştirakçı çıxıb – Türkan, Lalə və Təranə. Onlar arasından yalnız ikisi – Lalə və Türkan üçüncü yarımfinala keçib. İştirakçı Təranə Orucova geyimi ilə münsifləri təəccübləndirib.

Modelyer Afaq Təranəyə birinci turda şans verdiklərini, amma bundan yaxşı istifadə etməyi bacarmadığını deyib:

“Sən məsləhətlərdən nəticə çıxara bilmədin. Nə saç düzümün, nə də geyimin dəyişməyib”.

İştirakçının geyimini biabırçılıq adlandıran N. Ağasi Təranədən sərt cavab alıb.

“Nərminə xanım gedib öz geyimindəki əyər-əksiklikləri düzəltsin. O nə sözdür, mənə deyir? “ deyən Təranə etiraz edib.

Xatırladaq ki, Axşam.az saytının informasiya dəstəyi ilə “Özünə bax 2” həftəiçi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır.

Layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır. Yarışmanın birincisinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə ediləcək.

Foto: Rəşad ABBASOV