"Oğlumun “Vicdan haqqı”ndakı o rolu..." - Ramiz Novruz

"Oğlumun “Vicdan haqqı”ndakı o rolu..." - Ramiz Novruz
13319 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanın xalq artisti, aktyor Ramiz Novruz "Report"a müsahibə verib.

Axşam.az müsahibəni təqdim edir:

- Yay mövsümü ilə əlaqədar bir çox həmkarınız istirahət edir. Bəs Sizin planınızda nələr var?

- Bu yay yeni film üzərində işləyəcəyəm. Ramin Hacıyev ilə komediya filmi çəkməyə hazırlaşırıq. Artıq hamı bilir ki, mən hər rejissor ilə işləyə bilmirəm. Mənim nə istədiyini bilən rejissorları bəyənirəm. Məsələn, əgər rejissor bu rol üçün mənə yalnız Ramiz Novruz lazımdır deyirsə, amma o olmasa da başqasını çəkərəm. Belə olduqda mən həmin rejissor ilə işləyə bilmərəm. Ancaq rejissor həmin rolda yalnız məni görürsə və Ramiz Novruzsuz alınmaz deyirsə, deməli rejissor nə istədiyini bilir və onunla işləmək olar. Həm israrına, həm də onun yumorunu bəyəndiyimə görə Ramin Hacıyevin təklifini qəbul etdim.
 
- Hazırda oğlunuz da Sizin yolunuzu davam etdirir...

- Oğlum bütün kinolarımızı əzbər bilir­. Bu sənəti sevdiyindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmaq qərarına gəldi. Təəssüf ki, artıq ikinci kursda əvvəlki həvəsinin qalmadığını hiss etdim. Bizim vaxtımızda universitetdə Adil İsgəndərov, Rza Təhmasib, Mehdi Məmmədov, Tofiq Kazımov kimi dahilər var idi. Tələbə onları görəndə ali təhsil müəssisəsinə ciddi işlə məşğul olmağa gəldiyini anlayırdı. İndi universitetdə dərs deyən müəllimlərin bəziləri ilə çəkiliş meydançalarında qarşılaşıram. Onlardan bəziləri oynadıqları rolu belə izah edə bilmirlər, ancaq ali təhsil müəssisəsində dərs deyirlər. Təbii ki, belədə dərslər də maraqsız olur və tələbələr də bunu görüb həvəsdən düşürlər.

- Bəs gənc aktyorlardan bəyəndikləriniz varmı?

- Çəkildiyim seriallarda, filmlərə nəzər salaraq istedadlı aktyorların çox olduğunu deyə bilərəm. Ən əsası rejissorun onları necə istifadə etməsidir. Məsələn, mənə bu gün Hamlet rolunu versələr, çox gülməli görünər.
 
- Bəzi korifeylərdən fərqli olaraq gənc aktyorları təriflədiniz...

- Düzdür, bəzən ziyalılarımız ölkəmizdə istedadlı aktyor, aktrisa olmadığını deyirlər. Nə edək? Siz də bir şey edin, yardım əlinizi uzadın. Təbii ki, əlinizin arxası ilə itələmək asandır. Mən hesab edirəm ki, çox qabiliyyətli gənc aktyor, aktrisalarımız var. Bəziləri ilə qurur duyuram, bəzilərindən öyrənirəm, bəzilərinə də paxıllıq duyuram (gülür). Hətta oğlum Cavidanın da “Vicdan haqqı” serialında belə yaxşı rol ifa edə biləcəyini gözləməzdim. Bu seriallar gənc istedadların üzə çıxmasına kömək edir. Eyni zamanda əyalət teatrlarında olan aktyorların da üzə çıxa bilməmələrinə təəssüflənirdim.

- Ümumiyyətlə, çox vaxt baş rol ifaçısını gözəl görünüşlü insanlardan seçirlər. Sizcə, bu, nə dərəcədə düzgündür?

- Tamamilə yanlış fikirdir. Aktyorun ilk növbədə oyunu gözəl olmalıdır. Məsələn, Qədir Rüstəmova Alen Delon demək olmaz. Ancaq görürsünüz “Sona bülbüllər”i oxuyanda hamı ona necə heyranlıqla baxır. İş güclü, dəyərli olanda zahiri görkəm nəzərə alınmır. Məsələn, Bred Pittin aktyorluqla əlaqəsi olmayıb. Yəqin ki, onun kimi yaraşıqlı oğlanlar çox olub, ancaq onların içindən yalnız biri parlayıb. Bir ara müğənnilər filmlərə çəkilməyə başladılar. Onlar Uitni Hyustonun "Cangüdən" filminə çəkilməsini əsas götürürlər. Ancaq onun bunun üçün dərslər aldığını izah edə bilmirsən. O, bizim İncəsənət Universitetinin 4 ilə öyrətdiyini üç aya öyrənib. Düzdür, bəzən istisnalar da olur. Məsələn, hamımızın "Bizim Cəbiş müəllim" filmindən yaxşı tanıdığı Makedon rolu. Bu, təsadüfi olduğundan onun ilk və son filmi oldu.
 
- Son zamanlar çəkilən filmlərə baxmısınız?

- Bəli, dəvət olunduqlarıma baxmışam, ancaq sonra bezdim. Hər dəfə böyük arzu, ümid ilə gedirdim. Ancaq təşkilatçılığın filmin özündən güclü olduğunu gördüm. Məsələn, saat 19:00-a çağırırlar, ancaq film 22:00-da başlayır. Nəticədə mənasız filmə baxmaq üçün itirdiyim saatlarıma təəssüflənirəm. Filmdə çayxana səviyyəli zarafatlar edirlər. Tamaşaçı gülə bilər, amma bu filmi gürcüyə, rusa aparıb göstərsək, bizimkilər gülən kimi gülməyəcək.

- Bəs seriallar necə?

- Hərdən serialların içində bir iki uğurlu səhnə tapanda sevinirəm. Əslində, belə də olmalıdır. Türkiyədə də belədir, əvvəlcə keyfiyyətsiz, sonra keyfiyyətli filmlər yaranır. Ancaq türklər vaxtında ağıllı hərəkət etdilər və təcrübə qazanmaları üçün rejissorları xaricə yolladılar. İndi Azərbaycan istehsalı 5 serialdan biri yaxşı alınsa, bu, artıq uğur deməkdir.

- Komediya janrında çəkilən filmlərdə bəyəndiyiniz obrazlar olur?

- Bəzən “Bacanaqlar” kimi seriallarda aktyorların ifalarını qınadıqlarını görürəm. Ancaq filmin janrının belə olduğunu izah edirəm. Hətta həmin kollektivlərə naşı birisi düşəndə lap xalq artisti belə olsa çox zəif görsəndiyini müşahidə edirəm. Çünki oyunun qaydalarına əməl etmir və öz ustalığını göstərmək istəyir. Məsələn, "3 bacı" serialında aparıcı Mətanət xanım mənim üçün tapıntı oldu. Həmin xanımda çox böyük aktyorluq qabiliyyəti var.
 
- SSRİ zamanında çəkilən filmlərimiz Türkiyə filmlərindən qat-qat güclü olub. Ancaq bu sahədə indi bizi çox geridə qoyublar. Bizdə problem nədədir?

- 1974-cü ildən indiyədək baxdığım türk filmlərindən bəyəndiyim yalnız “Avtobus” filmi olub. Digərləri isə bir-birinə bənzəyir. Onu da Türkiyədə qadağan etmişdilər. Həmin filmi İsveçrədə yaşayan bir rejissor çəkmişdi. Rejissorluq elmdir, rejissor həm yazıçı, həm ssenarist, həm də rəssam olmalıdır. Bütün zövqü aktyorlardan 5 dəfə yüksək olmalıdır. Təəssüf ki, indi elmini öyrənmədən rejissor olacağam, kino çəkəcəyəm deyənlər çoxalıb. Mən də film çəkə bilərəm, ancaq özümdən yuxarıdakılara baxıb deyirəm ki, Həsən Seyidbəylinin ruhundan ayıbdır. İndi çəkənlərin əllisindən yaxşı çəkərəm, amma mənə yaraşmaz. Məktəbi olan rejissor heç vaxt zay filmlər çəkib həvəslə camaatı dəvət etməz. Fikirləşirəm ki, görəsən heç utanmırlar insanları dəvət edəndə. Özü də elə insanları çağırırlar ki, ayıbdır vallah, 85%-i keyfiyyətsizdir. Son zamanlar bəyəndiyim yalnız “Aktrisa” filmi olub. Baxanda adamın qazanc yox, sənət üçün yaratdığı hiss olunur. Vaxtilə deyirdilər ki, operetta çıxdı, drama öləcək. Nəriman Nərimanov buna münasibət bildirərək demişdi ki, operatta dramanın ölməsinə səbəb ola bilməz. Buna yalnız aktyorlarımızın elmsizliyi səbəb ola bilər. Əvvəllər Rasim Ocaqov, Yavər Rzayev, Eldar Quliyev kimi rejissorlar Moskvada 4 il oxuyub diplom alırdılar. Bəzilərinə isə diplom vermirdilər. Ancaq indikilər düşünürlər ki, pul varsa, film çəkmək olar. Onlar film çəkmirlər, sənətləri ilə zarafat edirlər.

- Bəs Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vəziyyət necədir?

- Bura ölkənin bir nömrəli teatrıdır və ölkənin istedadlı aktyor və aktrisalarını tapıb üzə çıxarmaq borcudur. Ancaq siz təsəvvür edin teatrın kollektivinin 30-40 faizi kollecləri bitirmiş aktyorlardır, ya da hansısa teatrdan işdən çıxıb gəlib bura düzəlib. Əslində, buraya düşmək fantastik bir şey olmalıdır. Sonra tamaşaçı tamaşadan gileylənir. Belə də olmalıdır, çünki bu aktyorun məktəbi yoxdur.
 
- Yəqin 30-40 faiz arasında istisnalar olur...

- Bunlardan qabiliyyətliləri var. Məsələn, Rafael Dadaşovu teatra vaxtilə Don Juan obrazı üçün gətiriblər, ancaq sonradan aktyorluğu bitirib. Yaxud da Sənubər İsgəndərli. Lakin Akademik Milli Dram Teatrının kollektivinin 30-40 faizi kolleclərin məzunu ola bilməz. Bu say yalnız 2-3 nəfər ola bilər. Bu da onların aktyor sənəti, müəllimi üzü görməmələri deməkdir.

- Dərs demək üçün necə təkliflər gəlir?

- Mən 1996-1999-cu illərdə İncəsənət Universitetində dərs demişəm. Ancaq sonradan tələbələrin dərsə gəlmədiklərini və məcburən qiymət yazmalı olduğumu gördüm. Mənə vicdanım belə iş görməyə icazə vermədi, ona görə də işdən çıxdım. 2010-cu ildə yenidən təklif olundu, ancaq imtina etdim, çünki seriala çəkilirdim, dərsləri yola verə bilməzdim.
 
- Bəs müstəqil teatrları izləyirsiniz?

- Mən müstəqil teatrlar kimi YUĞ, Marionet və Pantomimanı qəbul etmişəm. Çünki digərlərinin 85 faizi Azdramanın və digərlərinin zəif variantıdır. Yəni yeni bir cığır deyil. Baxırsan ki, onların tamaşalarının onundan ikisi bizdə oynanılan janrdadır. Kənardan 4-5 nəfər yığılıb bir şey etməsi və bir az pul qazanması kimi görünür. İçlərində istedadlı uşaqlar tanıyıram, ancaq teatr yaratmaq tamam başqa məsələdir. Bu, hazırda interneti bilən, dünya teatrlarını görən tamaşaçıya azlıq edir. Onlar bir tamaşaya baxana kimi onun 6-7 variantına baxa bilərlər. Ona görə də gərək yenilik edəsən.

- Əgər yenidən təklif olarsa, aparıcılıq edərdinizmi?

- Mən intellektual verilişləri sevirəm. Məsələn, “Milyonçu” proqramının aparıcılığını məmnuniyyətlə qəbul edərdim. Həmin vaxt verilişə kənardan həsədlə baxırdım, ancaq “Mən azərbaycanlıyam” qismət oldu. Bəzən uşaqların Yaşar Nurini tanımamalarına görə dəhşətə gəlirdim.
 
- Qızınız da ölkənin tanınmış stilistlərindən biridir. Ancaq bildiyimizə görə bu sənətə yiyələnməsini istəməmisiniz.

- Qızım çox gözəl ingilis dili tərcüməçisi və ya musiqiçi ola bilərdi. Ancaq hiss etdim ki, onun marağı tamam başqa sahəyədir. Mənim belə bir sözüm var: “bacardığın və sevdiyin bir işlə məşğul olmalısan. Çünki ola bilər ki, işi bacarırsan, amma sevmirsən, onda ruhun olmaz, ruhsuz yaşayarsan. Bacarmırsan, amma sevirsən, onda da hörmətin olmaz cəmiyyətdə”.

- Bu günədək ifa etmək istədiyiniz və edə bilmədiyiniz rol olubmu?

- Ümumiyyətlə, belə bir deyim var: "Aktyor qəlbi oynanılmamış rolların qəbiristanlığıdır”. Təbii ki, dünya ədəbiyyatının məşhur personajlarını ifa etmək hər aktyorun arzusudur. Ancaq yaş dövrü var, təəssüf ki, vaxt keçdikcə rollar əldən çıxır. Aktyor deyirsə ki, mən ürəyim istəyən rolları ifa etmişəm, bu o deməkdir ki, ya onun dünya ədəbiyyatından xəbəri yoxdur, ya da çoxdan aktyor kimi tükənib.

- Mütaliə edirsiniz?

- Əlbəttə. Dünya ədəbiyyatını oxuyanda bəzən çox heyrətlənirik ki, gör nələr yaradıblar. Ancaq öz ədəbiyyatımızı oxuyanda görürük ki, bu fikirləri Füzuli, Nizami deyibmiş. Azərbaycan ədəbiyyatı çox zəngindir. Hansı fikirə dahiyanə baxırsan, görürsən ki, bu, Nizamidə, Füzulidə var, sadəcə rüşeym halındadır, kodla yazılıb. Mən 90 faiz istədiyim yox, lazım olan kitabları oxuyuram. Təbii ki, səs-küylü yazıları qaçırtmıram.