7 gün Misirdə: ehramlar, natəmiz Qahirə və adrenalin - fotolar+videolar

7 gün Misirdə: ehramlar, natəmiz Qahirə və adrenalin -  fotolar+videolar
4595 dəfə oxunub
  • A-
  • A
  • A+

Qış mövsümündə çalışdığımız vaxt xəyalımızı isti yayın tez gəlməsi və istirahətə getməklə rəngləndiririk. Çünki istirahət etmək üçün yaydan gözəl fəsil ola bilməz. Hər kəsin qəlbində görmək, gəzmək istədiyi bir məkan var. Mənimsə illərdir tək arzum dünyanın yeddi möcüzəsindən biri olan Misir ehramlarını canlı görmək idi. Bu istək mənim üçün bəzən əlçatmaz görünsə də, zamanla bunun heç də çətin olmadığını anladım. İllərdir sadəcə xəyalını qurduğum ehramları görmək, həm də dincəlmək üçün jurnalist dostlarımız Elvin Elxan və Ruslan Ağayevlə Misirə yollanmaq qərarına gəldik. Beləcə, Misirin istirahət bölgələrindən biri olan Şarm Əl Şeyxlə bağlı araşdırmalarımıza başladıq.

Bakıdan Misirə birbaşa uçuş yoxdur. Bunun üçün də uçuşu Tiflisdən gerçəkləşdirməli idik. Beləcə, biz də "vauçerlərimizi" alıb, səfər günümüzü gözlədik...

Qiyməti bilmək istəyənlər üçün...

Əgər tək otaqda qalmaq istəyirsinizsə, bu səfər üçün 983 manat ödəyəcəksiniz (qiymət avqustun ilk ongünlüyünə aiddir). İkinəfərlik otaq isə bir adama 842 manata başa gələcək. Bura gediş-dönüş bileti, beşulduzlu oteldə 6 gecə, 7 gün qalmaq, "All inculisiv" deyilən yemək-içmək növü daxildir. Dörd və ya üçulduzlu otel seçmək heç də məsləhətli deyil. Hətta bacarsanız, beşulduzlu otellər arasından da ən yaxşısını seçin. Qiymətlər bir o qədər də baha deyil. Hətta bu istirahət sizə Türkiyənin Antalya, Bodrum kimi yerlərindən qat-qat ucuz başa gələcək.  



Səbirsizliklə gözlədiyimiz səyahət günümüz gəlib çatdı... İlk dayanacağımız Tiflis oldu. Uçuş saatımız axşam 21:30-da olduğundan Tiflisi gəzmək imkanımız da var idi. Qədim Tiflis - gecəsi bir, gündüzü bir başqa gözəldir... Bu şəhərdə də bir az gəzdikdən sonra hava limanına yollandıq. 3 saat yarımlıq uçuşdan sonra təyyarə Şarm Əl Şeyx hava limanına çatdı. Şəhərə giriş icazəsi üçün 5 dollarımızı ödəyib pasportlarımıza möhür vurdurduq. Burada heç kim sizə viza almağın lazım olduğunu deməyəcək. Özünüz viza almaq üçün mütləq lazım olan şəxslərə yaxınlaşın. Əgər Misirin digər şəhərlərini də gəzmək istəyirsinizsə, onda sizə bütövlükdə Misir vizası lazım olacaq. Vizanın qiyməti 25 dollardır.



Bizim üçün ayrılan avtomobilə minib otelə yollandıq. Yola düşməzdən əvvəl bir çoxları Misirin çox isti, nəfəs almağın belə çətin olduğunu deyib, bizi məyus etmişdilər. Havanın çox isti olacağını güman etsək də, fərqli ab-hava ilə qarşılaşdıq. Heç də ürəyimizin sıxılacağı isti hava yox idi. Hətta Şarm Əl Şeyxi də "küləklər şəhəri" adlandırmaq olar. Burada güclü külək olmasa da, sərin meh əsir.

Sürücülərə suallar ünvanlayıb, şəhər, otel haqda soruşa-soruşa məkana çatdıq. Seçdiyimiz "Aurora oriental resort" otelə gəlib çatdıq. İçəridən xüsusi ədviyyat qoxusu gəlir. İlk əvvəl bu qoxu bizə xoş olmasa da, sonradan ona öyrəşdik.



***

Misirlə Azərbaycan arasında iki saat fərq var. Biz Misirə Bakı vaxtı ilə gecə saat 3-ün yarısı çatdıq. Hər kəs otağına çəkildi. Otaqda bizim üçün xüsusi yeməklər düzülmüşdü. Misir mətbəxi haqda bir az sonra fikirlərimi bölüşəcəyəm...

Qırmızı dəniz - əsl mavi mirvari

Misir vaxtı ilə gecə saat 01:00 olsa da, biz yatmadıq. Əlbəttə ki, ətrafı görmək üçün səbirsizlənirdik. Beləcə zəngləşib, foyedə görüşüb otel ətrafında gəzintiyə çıxdıq. Otelin ərazisi çox böyük olduğundan səbirsizliklə gözlədiyimiz Qırmızı dənizin sahilində gəzmək üçün xeyli yol getdik. Cangüdənlər dənizə yaxınlaşmağa icazə vermirlər. Ümumiyyətlə, orada saat 18:00-dan sonra dənizə girmək qadağandır. Çünki axşam Qırmızı dənizin suyunun səviyyəsi artır. Su xeyli sahilə doğru gəlir və dərinləşir. Misirdə günəş də tez çıxır - gecə saat 4-dən sonra artıq Günəşin qırmızı şüaları görünməyə başlayır. Saat 19:00-da isə orada artıq qaranlıq çökür.

Səhər saat 08:00-da oteldəki zəng səsinə oyandıq. Burada yemək saatları başlayandan bitənə kimi zənglər çalınır, qonaqlara xəbərdarlıq edilir.

Misir mətbəxi ilə ilk tanışlığımız səhər yeməyindən başladı. Çörəklər heç də bizim ağız dadımıza uyğun deyildi. Şirin daddığı üçün çörəyi 7 gün qida rasionumuzdan çıxardıq. Əvəzində isə lavaşın qalın formasını xatırladan çörəkəvəzləyicidən istifadə edirdik. Bu da duzsuz olduğundan çox vaxt onu da yemək olmurdu. Misirlilər duzdan çox az istifadə edir. Hətya yemək masasında belə duz tapmaq çətin olurdu. Misirdə səhər masaya yağ qoyulmur, pendir isə heç bizim ağız dadımıza uyğun deyildi. Gün ərzində dəfələrlə yemək təqdim edilsə də, Misir səfərimizdə narazı qaldığımız tək amil qidalanmaq oldu. Yeməklərə çox ədviyyat vurduqları üçün yeyə bilmirdik, çox acı olurdu. Salatlarda isə qəribə dadlar qarışdırılırdı. Məsələn, pomidoru və yemişi doğrayır, cəfəri əlavə edib salat kimi süfrəyə düzürdülər. Burada ən rahat yediyimiz sürtkəcdən keçirilən kök olurdu. Yeməkləri ürəkaçan olmasa da, şirniyyatlarını sevirdik. Nahar vaxtı, şam yeməyində dadlı şirniyyatlardan istifadə edirdik.  



Şəhər özü təmizliyi ilə diqqət çəkir. Ən azı bizim Şarm Əl Şeyxdə gördüyümüz ab-hava belə idi. Küçələr belə dərmanla yuyulurdu. Otel heyəti isə bütün günü təmizliklə məşğul olurdular.

Amma səfər zamanı bizi məyus edən hallar da oldu. Məsələn, ərəb turistlərin oteldəki pintiliyi. Yeməkxanada belə hər şeyi dağıdır, çirkli hala salırdılar. Oteldə çalışanlar da onlardan şikayət edirdilər. Çünki zibili belə yerə atırdılar. Misir qanunlarına görə, hər bir ərəb ailəsi avqust ayında beşulduzlu oteldə pulsuz bir həftə dincəlməlidir. İşçi heyəti bizə səfəri düzgün vaxta salmadığımızı deyirdi. Onlar avqustda ərəblərə görə ab-havanın heç də ürəkaçan olmamasından şikayətlənirdilər.  



Amma yeməyin istədiyimiz kimi olmaması və ərəblərin natəmizliyi heç də Şarm Əl Şeyxdən zövq almağımıza mane olmurdu. Gözəl havadan udub, Günəş vannası qəbul edib, narın qumda uzanmaq istirahətin əsas amili idi. Oteldə bir neçə hovuz olsa da, bizim seçimimiz Qırmızı dənizin sahili olurdu. Qırmızı dəniz üç rəngdə idi: mavi, yaşıl və lap uzaqlarda gömgöy... Suyun təmizliyinə heyrətlənməmək mümkün deyildi. Hətta o qədər təmiz idi ki, dənizin dibindəki yosunları, üzən rəngli balıqları aydın görə bilirdik. Qırmızı dəniz o qədər duzlu idi ki, sudan çıxanda üstümüzdə ağ duz tozunu görürdük. Sahildəki narın qum, palmaların kölgəsi və isti günəş... Bütün yorğunluğu atmaq üçün bundan gözəl ab-hava ola bilməz.



Əlbəttə ki, səyahəti təkcə dənizdə çimib, qumda uzanmaqla keçirmədik. Gəzintimizi rəngarəng etmək üçün gördüyümüz və orada bələdçilərin təklif etdiyi bütün əyləncələrdən istifadə etməyə başladıq. Əyləncələri bizə təqdim edən bələdçi Braynın məsləhəti ilə ilk istəyimiz paraşüt oldu. Burada qiymətlər digər ölkələrlə müqayisədə qat-qat ucuzdur. Məsələn, paraşütə minmək bir adam üçün 15 dollardır. Əgər dörd adam minirsə 60 dollar əvəzinə 50 dollar verə bilərsən. Paraşütə minmək üçün hətta dənizdə yaxta ilə qısa səyahət də edirsən. Bu zaman yaşadığın adrenalin paraşütlə göyə qalxmaqdan da həyəcanlı idi. Növbəti əyləncəmiz banan gəzintisi idi. Burada da misirli bələdçilər bizə jest edir. Banana minmək üçün adamın biri 15 dollar ödəməlidir. Amma bələdçi bizim üçümüzdən 20 dollar aldı.

Şarm Əl Şeyx səfərində ən maraqlı gəzintidən biri də Tiran adasınadır. Bu gəzintiyə 20 dollar ödəyirsən. Bura həm yaxta gəzintisi, həm adada gəzmək, həm də dayvinq daxildir. Üstəlik gəzinti zamanı pulsuz spirtsiz içkilər və yüngül yeməklər təqdim olunur. Şarm Əl Şeyx istirahətində bu cür əyləncələr çoxdur. Safariyə gəzintiyə gedib, dəvəyə minə bilərsiniz. Bu gəzinti 40 dollardır. Hətta beduinlərin kəndinə gedib onlarla nahar da edə bilərsiniz. Abu Qalum adlı bu yerdə dənizin ən mavi hissəsini görəcək, cipdə gəzəcəksiniz. Bu səfər isə sizə 40 dollara başa gələcək.

Gəzintimizdən biri də Şarm Əl Şeyxin küçələrində oldu. Gün batandan sonra burada həyat bir başqa olur. Burada insanlar sanki gecə yatmırlar. Mağazalar gecə saat 1:00-dək işləyir. İnsanlar şəhərə məhz gecə gəzintiyə çıxırlar. 



Yolumuz dünyanın yeddi möcüzəsindən biri olan ehramlaradır...

Misirə gedib ehramları görməmək yəqin ki, mənasız olardı. Bələdçimiz Muhammedin məsləhəti ilə 75 dollarlıq ehram turu aldıq. Bazar ertəsi gecə saat 00:00-da yola çıxdıq. Səhər saat 08:20-də Qahirəyə çatdıq.

Qahirəni daha müasir, dəbdəbəli təsəvvür etsək də, yanıldıq. Afrika qitəsinin şimal-şərqində, Nil çayının sahilində yerləşən bu paytaxt şəhərdə hər tərəfdən zibil yağırdı. Burada insanlar əllərindəki zibili küçəyə atırlar. Ətrafda bir dənə də olsun, zibil qabına rast gəlmədik. İşıqfordan və piyada keçidindən istifadə edilmir. Yeni tikilən binaların belə üstündən çirk, toz yağırdı. Öz aramızda "Yəqin burada yağış yağmadığı üçün binalar belə tozludur" deyə, danışmağa başladıq. Bələdçimiz Mustafa isə Qahirənin bu qədər zibilli olmasını 25 milyon əhalinin yaşaması ilə izah etməyə çalışırdı. Amma bildiyimizə görə Qahirədə 7 milyon əhali yaşayır.



Paytaxt səfərində ilk getdiyimiz yer Misir Tarix Muzeyi oldu. Mustafa bizə bir-bir gördüyümüz heykəllərin tarixini danışır. Bizi isə ən çox mumyalanmış cəsəd və Nefertitenin qızılları maraqlandırırdı. Və muzeyi gəzə-gəzə mumyalanmış cəsədin yerləşdiyi yerə çatdıq. Mustafanın dediyinə görə onun kimə aid olduğu bəlli deyil. Bədəni boyük olsa da, onun ayaqları balacadır. Buna görə də, onun uşaq cəsədi olduğu güman edilir.



Muzeydə diqqət çəkən digər eksponat isə Şeyx el Balad idi. Gözləri büllurdan olan bu fiqur bir tacirə məxsusdur. İşiqlar söndürüləndə onun gözləri gerçəkmiş kimi parıldayır.
 


Muzeydə ən çox qorunan hissə qızıl maskanın və zinət əşyalarının saxlanıldığı yer idi. I Aminxotepin birinci arvadı, Firon Tutanhamonun qayınanası Nefertiteyə aid olan qızıllar da burada saxlanılır.  



2 saat davam edən muzey gəzintisindən sonra yolumuz Nil çayına idi. 20 dəqiqə yaxta ilə Nil çayında gəzintinin ardından nahara yollandıq.



2 saat davam edən muzey gəzintisindən sonra yolumuz Nil çayına idi. 20 dəqiqə yaxta ilə Nil çayında gəzintinin ardından nahara yollandıq. Bələdçi növbəti səfərin ehramlar olduğunu deyir. Qahirə yaxınlığındakı Gizada yerləşən piramida heç də şəhərdən uzaqda deyil. Nil çayını keçib Gizaya çatanda artıq ən hündür Piramidanın başı görünür. Mustafa bizə əvvəlcədən başa salır ki, burada yaxınlaşıb başınıza şal bağlasalar, sizə suvenir satsağa cəhd etsələr, almayın. Hətta desələr ki, gəlin şəklinizi çəkim, telefonunuzu verməyin. Çünki sonra telefonu qaytarmaq üçün sizdən pul istəyəcəklər.

Beləcə, biz də gəlib Misir ehramlarına — dünyanın yeddi möcüzəsindən birinə çatdıq.



İlk təəssüratımız...

... Dayanıb hündür üçbucaq şəklində olan bu tikiliyə baxmaq idi. Misir ehramlarının hər biri 20 ton ağırlığında olan qaya parçalarından tikilib. Əgər bu ehramların tarixini bilmirsənsə, onu gəzmək heç bir maraq oyatmayacaq. Çünki gördüyün adi daş parçasıdır. İçəri girişə icazə yoxdur. Bələdçi ehramların tarixindən, necə tikilməsindən danışır. Biz isə kitabdan oxuduğumuz bu məlumatları təkrar dinləməkdənsə, ətrafı gəzməyə çalışırdıq. 



Firon Xeopsun oğlu Xefren üçün tikilmiş ehramın hündürlüyü 136 metrə çatır. Ən böyük ehram da elə bu idi. Giza ehramları arasında yalnız Xefren ehramının daxilinə giriş vardır və deyilənə görə bu giriş "ölülər" otağına aparır. Bura düşmək o qədər çətin idi ki... Həm isti, həm də dar yol və narahat nərdivan... Gördüyümüz mənzərə isə sadəcə bir daş parçası idi. Yenidən bayıra çıxmaq üçün nərdivanlarla yuxarı qalxırıq.



45 dərəcə istidə az qala nəfəs dayana. Ətrafdakı kiçik piramidaları gəzə-gəzə Sfinksə gəlib çatdıq. Turistlər üçün burada maraqlı şəkillər çəkdirmək imkanı var.  



Gəzinti zamanı ətrafdan gələn pis qoxudan adamın burnu tutulur. Bələdçi ilə ilk görüşdə gəzəcəyimiz yerlərə sərf edəcəyimiz vaxtı deyəndə, piramidalara yarım saat ayrılacağını söyləmişdi. Həmin vaxta ilk etiraz edən mən olmuşdum. Ona "Ən maraqlısı odur, heç olmasa bir saat gəzək" deyirdim. Gəzintidə isə yarım saatın nə vaxt bitəcəyini səbirsizliklə gözləyirdim. Piramida gəzintisi başa çatdı, bələdçi zarafatla "Kim idi 30 dəqiqəni az bilən. Bəlkə onun üçün vaxtı artırım" deyəndə, "yox" deyib avtomobilə qaçdım.

Bəzən deyirlər, arzular əlçatmaz olanda daha şirindir. Nəyəsə əlin çatırsa, sənin üçün adiləşir. Düzdür, dünyanın yeddi möcüzəsindən birini görmək maraqlı idi. Amma insanda heç də o qədər dəhşətli və dərin təəssüratlar yaranmır.

Növbəti dayanacağımız ətir fabriki idi. Mənim kimi ətir həvəskarı olan biri üçün bura əsl cənnət idi. Hər tərəfdə ətir yağları, müxtəlif qoxular... Beləcə, buradan 6 ədəd ətir almaqla gəzintimi yekunlaşdırdım.

Sonuncu gedəcəyimiz yer isə papirus institutu oldu. Burada bizə papirus üzərindəki müxtəlif rəsm əsərləri, onların necə hazırlanması nümayiş etdirildi.

Beləcə, Qahirə səfərimizi başa vurub Şarm Əl Şeyxə geri dönürük. Piramida gəzintisi bizim 26 saatımızı aldı. Çərşənbə günü saat 02:10-da otelə çatdıq. Çox yorulsaq da, heç də səfərdən peşman deyildik.

Səfərimizin altıncı gününü səhər Qırmızı dənizdə üzməyə, oteldə keçirilən karnavalda əylənib rəqs etməyə sərf etdik. Və günortadan sonra dəniz əyləncələrindən birinə yollandıq. Adrenalin dolu dəniz xizəyi... 



Axşam isə alış-verişə yollandıq. Əgər alış-veriş üçün büdcəniz kifayət qədər deyilsə, heç də məyus olmayın. Çünki Misirdə ala biləcəyiniz brend mallar, gözəl geyimlər yoxdur. Heç buradan aksesuar da tapmaq olmur. Tək ala biləcəyiniz Nefertitenin başı olan, bir də "Mumiya" filmində gördüyümüz qara böcək fiqurundakı klonlar. Misirlilər buna varlılıq simvolu deyirlər. Hər birinin evində, avtomobilində bu həşəratın fiquruna rast gələ bilərsiniz.

Pulunuzu ancaq suvenir, qəlyan, müxtəlif növ ətirli çaylar, parfum və müalicəvi yağlara sərf edə bilərsiniz. Suvenirlərin qiyməti 4 dollardan yuxarıdır. Ətirlər isə 1 Misir rupisidir. 1 dollar 20 Misir rupisi edir. 1 dollara sizə üç növ çay verirlər. Biz nar, manqo, limon, qızılgül çaylarını sevdik.

Satıcıların qonaqpərvərliyinə heyran qalmamaq mümkün deyildi. Girdiyimiz hər mağazada ilk olaraq haradan gəldiyimizi, daha sonra isə adımızı soruşurdular. Hətta iki mağazada bizə balaca, üzərinə rəsm çəkilmiş papirus verib, arxasına adlarımızı yazdılar. Bir mağazadan isə mənə balaca qurumuş gül hədiyyə etdilər. "Bunu suya atın, böyük gül açacaq" deyən misirli satıcı hətta bizi fərqli soyuq çaylarını da qonaq etdi. Ümumiyyətlə, Misirdə getdiyimiz hər yerdə bizə qırmızı soyuq çay deyilən bu "karkadeni" ikram edirdilər.

Oteldə bizə əyləncələri satmaqla məşğul olan Brayna Azərbaycan dilini öyrədirdik. Misirdə ünsiyyət qurmaq üçün dillərini bilmək önəmli deyil. Çoxusu ingilis və ya rus dilini bilir. Biz də ingilis dilində, bəzən də rus dilində fikirlərimizi izah edir, istədiyimiz məlumatı toplaya bilirdik.

Səyahət zamanı bizi daha çox italyanlara oxşadırdılar. Ən çox eşitdiyimiz "Are you  from İtaly" sualı idi. Ən çox rastlaşdığımız isə erməni turistlər olurdu. Altıncı günümüzü də bu cür başa vurub yollanırıq otelə. Sabah son gün və biz yola hazırlaşmalı idik.

Misir səfərimizdən sonra təyyarədə öz aramızda müzakirə aparırıq: Bir də bura qayıdarıqmı? Öz adıma deyim, məmnuniyyətlə qayıdaram... Amma bu dəfə başqa bir gözəlliyi görmək üçün. Çünki səfər zamanı bizə təklif olunan bir çox gəzintidən vaxtımız qalmadığı üçün imtina etdik. Ən əsası isə, Misir yaxınlığındakı Yerusəlimi görə bilmədik. Yerusəlim gəzintisi 85 dollardır.

Zəhra Əhmədova, Axşam.az