Çoxları şəhər küçələrində şütüyən bu avtomobili görəndə təəccübünü gizlətmir.
Axşam.az ARB 24-ə istinadən xəbər verir ki, Simqayıtda olan bu maşın Sovet istehsalı olan “CЗД”ır.
1971-ci il buraxılışlı nəqliyyat vasitəsi orijinallığı ilə yanaşı, tam saz vəziyyətdədir və əsas amillərinə əl vurulmayıb. Hətta texniki pasportu və nömrəsi də Sovet dövründən qalmadır.
Retro maşınların həvəskarı Bağır Məmmədli "Bu maşının uşaqlıqdan həvəsində olmuşam. Çox axtardım tapa bilmədim. Yumru “Zapı”lardan çox idi, bunlardan yox. Axır ki, tapdım. Arzum yerinə yetdi. Allah hər kəsin arzusunu yerinə yetirsin. Bircə içinin salonunu dəyişmişəm" deyib.
İki nəfərlik və iki qapılı olan avtomobil Sovet dövründə veteran və əlillər üçün nəzərdə tutulub və elə bu məqsədlə də istehsal olunub. Maşın motosiklet mühərriyindən və dörd ötürücülü surət qutusundan ibarətdir. Yanacaq tutumu isə 8 litrdir.
Sahibi bu qeyri-adi görünüşlü avtomobilini sərgilərdə nümayiş etdirmək istəyir. Hətta fikrində tutduğu məbləğə alıcı taparsa, satmaqdan da vaz keçməz. O deyib ki, avtomobili 20 minə satmaq istəyir.