Fəxriyyə Xələfovadan qış dəbi ilə bağlı məsləhətlər

Fəxriyyə Xələfovadan qış dəbi ilə bağlı məsləhətlər
8401 dəfə oxunub
  • A-
  • A
  • A+
Havaların soyuması qarderobumuzda bir çox dəyişikliklər tələb edir. Bu mövsüm hansı geyimlərin daha aktual olduğunu peşəkardan öyrənmək istədik.

Modelyer Fəxriyyə Xələfova Axşam.az saytına açıqlamasında qış mövsümünün geyim dəbindən danışıb:

“Mövsüm dəyişikliyi çox önəmlidir. Bu zaman bir az isti, qalın geyimlərə üstünlük verməyimiz vacibdir. Bu qış da dəb aləmində bir çox dəyişikliklər, yeniliklər mövcuddur. Libas seçərkən ilk növbədə onun keyfiyyətli və isti olmasına önəm verilməlidir. Əvvəlcə onu deyim ki, hazırda klassik geyim üstünlük təşkil edir. İdman stilində libaslar dəbdən düşüb. Qışın ən aktual geyimi yun koftalardır. Burada kobud toxunuşlu modellər üstünlük təşkil edir. Trikotajlar daha aktual olacaq. Təbii, hörük mənşəli parçalardan olan libaslar alın. Ətəklərdə “Chanel” stili, yəni dizdən dörd barmaq yuxarı olanlar dəbdədir”.

Paltolardan söz açan modelyer bu sahədə də dəbin yeniliklər ortaya qoyduğunu bildirib:

“Üst geyimlərində ötən illərdə kaşmir paltolar daha çox yayılmışdı. Bu qış qalın, yun parçanı xatırladan paltolar dəbdə olacaq. Hava soyuqdur deyə tünd rənglərə üstünlük vermək düzgün deyil. Daha çox metal rənglər – açıq qəhvəyi, çəhrayı, bek, karamel tonlar dəbdədir. Uzun paltolar müasir dinamik həyata uyğun olmadığı üçün onlardan istifadə edilməsin. Qısa və midi paltolar daha rahatdır. Çəkmələrə gəldikdə isə, ötən qışın uzunboğazları indi aktual deyil. Avropa dəb dünyasında dizdən beş barmaq aşağı çəkmələr dəbdədir. Dabanlar isə çox hündür olmamalıdır”.

Fəxriyyə Xələfova bəylərə də məsləhətlər verib:

“Bəylərin qarderobuna gəldikdə, qalın toxunuşlu, boğazlı koftalar olmalıdır. Hazırda bir çox Avropa moda nümayişlərində bu cür geyimlərə rast gəlmək mümkündür”.