“Yaxşı oxuyan erməni müğənnilərində azərbaycanlı qanı var”

“Yaxşı oxuyan erməni müğənnilərində azərbaycanlı qanı var”
2573 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəstələdiyi mahnılara son damlasına qədər ruhunu, sevgisini, hisslərini qatan bu xanımla söhbət etmək mahnılarını dinləmək qədər zövq verir insana. Sosial şəbəkədə həmsöhbət olub, paylaşımlarını izləsək də bir xeyli vaxtdır efirlərdə görünmür. Göz qabağında çox olmağı sevmədiyini az-çox bilsəm də söhbətə Aygün Səmədzadənin uzun sürən sükutunu nə vaxt pozacağından körpü saldım.

- Sosial şəbəkə xaricində uzun müddətdir sizi görmürük. Sükutu pozaq bəlkə...

- Demək olar ki, bu ay sükut pozulub. Hər gün çəkiliş, müsahibə... Belə olanda bir az yoruluram. Amma açıq danışsaq efirlərə çox meyl etmirəm. Hər verilişə çıxa bilmərəm. Elə normal verilişlər də çox deyil. Səhər proqramları bir az yaxşı olur, ona da hər dəfə getmək mümkün olmur.

- Payız ovqatınıza necə təsir edir?

- Payız vaxtı özümü yaxşı his edirəm. Ovqatım tez- tez dəyişir. Demək olar ki, hər saniyəmin öz hökmü var.

- Kənardan baxanda çox ciddi görünürsünüz.

- Düz deyirsiniz. Kənardan baxanda çox ciddi görünürəm. Hətta, bəzi insanlar düşünürlər ki, Aygünlə necə danışaq ki, qaş-qabaq eləməsin. Amma baxır adama. Elə adam var ki, axıra qədər onunla ünsiyyət qurmayacam, göründüyüm kimi də qalacam. Amma ürəyimə yaxın adam olanda olduqca rahat ünsiyyət qura bilirəm. Əslində rahat insan deyiləm. Amma əyləncəni, deyib gülməyi sevirəm və elə şeylərdə çox rahatam.

-“Kaprizli” insan olduğunuzu deyənlər də var.

- Müəyyən tələblərim var və o tələblərin yerinə yetirilməsini istəyirəm. Mahnıya, şeirə, insanlara münasibətdə tələbkaram. Onda da belə deyirlər. Amma bu sözün mənasını çox adam başa düşmür. Hər şeyin arxasınca özüm gedirəm.

Aygün Səmədzadənin üzündə, gözlərində həmişə bir uşaq şıltaqlığı, ərköyünlyü hiss olunur. Bu halı atası ilə çəkdirdiyi rəsmlərində daha qabarıq görünür. Uşaqlığında çox dəcəl olduğunu deyən Aygün xanım daxilən hələ də böyümədiyini etiraf edir.

- Bir az da ərköyünsünüz. Uşaqlığınızı necə xatırlayırsınız?

- Mənim üçün uşaqlıq illəri çox əzizdir. Hətta indi də, mən tam böyüməmişəm. Elə qızlar var ki, onlar kiçik yaşlarından böyüyürlər. Baxırsan ki, 15- 20 yaşı var artıq özünü böyük xanım kimi aparır. Bəlkə də, o cür doğulurlar bilmirəm... Elələri də var ki, mənim kimi həmişə nə isə axtarırlar, həyatlarında nə isə bir möcüzə baş verəcəyini gözləyirlər. Yaş keçir, amma o hisslərin dəyişilməsi prosesindəki sürət yavaş gedir. Hər bir uşağın məktəb gündəliyi olur. Mənim günlərim o gündəlikdəki cədvəl şəkilində olub. Tətilə sevinən uşaqlardan olmuşam. Valideynlərimə çox bağlıyam. Anamı 4 ildir ki, itirmişəm. Deyirlər uşaq vaxtı valideyn itirmək ağırdı. Onun ağırlığı bir başqadır əlbəttə, amma yaşa dolduqdan sonra valideyn itirmək daha ağırdır. Anamdan danışanda fikirlərim qarışır (kövrəlir).

Çox şuluq olmuşam. Buna görə valideynlərim məni tənbeh ediblər. Atam bir-iki dəfə əllərimə vurub, o mənim üçün bir faciə idi. Bir dəfə dörd almışdım. Bütün günü həyəcanlanırdım ki, atama nə deyəcəm. Qiyməti pozanla pozdum ki, atam görməsin. Bir baxışı kifayət edirdi ki, özümü yığışdırım. Amma mənim uşaqlarım elə deyil. Düşünürəm ki, biz indi uşaqlara qarşı daha yumşaq davranırıq.

- Nə zaman hiss etdiniz ki, siz mütləq musiqiçi olmalısınız?

- Anam deyirdi ki, mən hələ körpəlikdən musiqiyə meyilli olmuşam. Hətta küçədən gələn bir səsə, maşın siqnalına belə oynayırmışam. Özümü tanıyandan musiqi mənim dünyam olub. Xatırlayıram ki, uşaq vaxtı güzgünün qabağında oturub başımı çalma ilə qəribə şəkildə bağlayırdım. O vaxt diktorları yamsılayırdım. Deyirdim “hörmətli tamaşaçılar konsertimizə başlayırıq”. Sonra da başlayırdım oxumağa. Bibim qızı məni müşaiyət edirdi, mən də konsert verirdim.  5 yaşımdan musiqi ilə peşəkar şəkildə məşğul olmağa başladım. Ondan sonra Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil oldum. O vaxt məndən imtahanı Polad Bülbüloğlu, Fidan, Xuraman Qasımovalar, Fərhad Bədəlbəyli götürdü. Bülbül adına məktəbi bitirən insanlar başqa məktəbin məzunlarından seçilirlər. Buna görə valideynlərimə minnətdaram ki, məni məhz Bülbül adına Orta ixtisas məktəbinə qoyublar. Fikirləşirəm ki, məhz buna görə çox xoşbəxtəm.

- Sözə baxmayanda demək olar ki, bütün analar belə bir söz deyirlər: “ana olanda nə çəkdiyimi bilərsən”. Ana olandan sonra nələr dəyişdi?

- Valideynin dediyi hər söz insanın öz övladı ilə münasibəti zamanı yada düşür. Nə isə səhv hərəkət eləmisənsə, zamanı gələndə övlad onun üç qat artığını sənə qaytarır. Sən yaxşı övladsansa yaxşı da övladın olacaq. Əlbəttə, ana olandan sonra anamı daha yaxşı anladım. Ana olmağı yaşamadan anlamaq həqiqətən də mümkün deyil. Analar hər zaman övladın yanında olur. Həmişə düşünmüşəm ki, məni mələklər qoruyur. İndi fikirləşirəm ki, onlardan biri də anamdır.

- Adətən deyirlər ki, hisslərlə hərəkət edəndə adam yanılır. Hissləriniz sizi yanıldıbmı?

- Hisslərimlə hərəkət edirəm, amma yanılmıram. İnsanlarla tanış olanda ilk dəfə gördüyüm adamı bəyənməsəm, sonradan nə qədər görüşsəm də, danışsam da ilk təssüratımda qalıram. Ola bilər ki, o adam çox yaxşı olsun, amma mənim ona inamım olmur.

- Ziyad Səmədzadənin qızı olmaq sizə hansı şans yollarını açıb?

- Ziyad Səmədzadənin qızı olmaq mənim qarşımda çox şanslar açıb, amma mən o şanslardan heç vaxt istifadə etməmişəm. İndinin özündə də mən atama görə çox şeyə nail ola bilərəm. Özünüz bilirsiniz ki, yaxşı bəstəkar, yaxşı musiqiçi olmaq olar. Amma kömək olmadan, dayaq olmadan çox qabağa gedə bilməzsən . Çünki, yaxşı ilə əlanın, ortanın fərqini bu gün insanlar bir o qədər də görmək istəmirlər. Mənim belə imkanlarım çox olub. Gözümü açandan atam elm sahəsində çalışan insan olub və Azərbaycanın ən birinci iqtisadçılarındandır. Evimizə heç vaxt haram çörək girdiyini görməmişəm. Atam hər şeyi öz zəhməti nəticəsində edib. Mən də beş kitab çıxarda, on konsert verə bilərəm. Əlim çox yerə çatar. Amma fikirləşirəm ki, bu nəyə lazımdır. Onu deyim ki, ilk mahnılarımı yazanda atam nə vəzifədə idi, nə millət vəkili idi. Yaradıcılığımla bağlı atama yalnız onu deyə bilərəm ki, mahnıma qulaq as, fikrini de. Çünki, o, daxilən əsl musiqiçidir. İki dəfə konsertim olub. Etiraf edirəm ki, birinin təşkilatı məsələlərini atam həll edib. Məsələn, konsertə min adam mənim mahnılarımı sevdiyi üçün gəlibsə, min nəfər də atama görə gəlib. Bu da normal bir şeydir. Ona görə də, mən hər iki konsertimdən razı qalmışam.

- Çox həssas olduğunuzu düşünürəm. Sosial şəbəkədə bunu daha aydın görmək olur. Bu qədər həssas olmaq həyatınızı çətinləşdirmir?

- Kövrəyəm, həssasam. Əlbəttə çətin olur. Haqsızlıq həmişə olub, bütün dövrlərdə zalım məzluma zülm edib. Nə cəmiyyət dəyişəndir, nə də dünya. Mən bununla mübarizə apara bilmərəm. Ancaq gücüm kiməsə kömək etməyə çatar. Ən ağrılı yerim insanların heyvanlara münasibətidir. Bu vəhşiliklərin qarşısının alınmasını istərdim. Çünki, biz insan formalaşdırırıq və düşünürəm ki, uşaqları bir qədər humanist böyütməliyik. Kimsə götürüb pişiyin başını kəsib, şəkil çəkdirib, sosial şəbəkədə paylaşırsa mən ona insan deyə bilmərəm. Uşaq oturub yemək yeyərkən bu haqda xəbəri izləyirsə ondan gələcəkdə nə gözləmək olar? Uşaqlar artıq döyülüb, söyülməyin, vəhşiliyin normal qəbul edildiyi mühitdə böyüyür.

- Bir dəfə müğənnilərin nankor olduğundan şikayətlənmişdiniz. Nankorluqla çox rastlaşmısınız?

- Rastlaşmışam ki, bu fikrə gəlmişəm. Bu barədə çox fikirləşmişəm. Belə bir misal da var - uman yerdən küsərlər. Səndən qabaq səhnədə olan, fəaliyyət göstərən müğənni ilə işləyəndə bir problem çıxsa da, səni yandırmır. Amma sənin mahnının, köməyi sayəsində səhnəyə gələn ifaçının diqqətsizliyi səni acıqlandıra, küsdürə bilər. Elə müğənnilər var ki, onları səhnəyə mən gətirmişəm. Özümlə verilişlərə aparmışam. Sonra görürsən ki, bu insanlar səni unudur. Nəzərə almaq lazımdır ki, müğənninin qazandığı uğurun çox hissəsi bəstəkarla şairindir. Şairlər inciməsin bəstəkarın əziyyəti daha ağırdır. Müğənni gəlib bəstəkara təşəkkür etməlidir ki, mən sənin çörəyini yeyirəm. Bunu hər adam bacarmır.

- Yəqin düşünürlər ki, pulumu verib mahnımı almışam. Minnətli deyil?

- Onu deyim ki, pul verib mahnı alan müğənnilər mahnının da, bəstəkarın da qədrini daha yaxşı bilirlər. Bizim müğənnilərin bəziləri çıxıb efirdə fəxrlə deyirlər ki, mən heç vaxt mahnıya pul vermirəm. Elə bilirlər ki, bu yaxşı hərəkətdir. Bu bəstəkarın əməyinə hörmətsizlikdir.

- Hüquqlarınız necə qorunur?

- Əslinə qalsa hər əsərə görə hətta telekanallar, radiolar bəstəkara, şairə qonorar ödəməlidir. Təəssüf ki, bu qayda yerinə yetirilmir.

- Mahnılarınızdan əldə etdiyiniz gəlir sizi qane edirmi?

- Mahnı yazmağa heç vaxt qazanc yeri kimi baxmamışam. Amma o demək deyil ki, bundan pul qazananlara pis baxıram. Bu dünyada çox gəlir gətirən bir sahədir. Avropa ölkələrində bəstəkarların qazancı müğənninin qazancından qat-qat çox olur, çünki, qiymət verilir. Mən düşünürəm ki, bəstəkar mahnıya qazanc yeri kimi baxsa onda ürəyi istədiyi müğənniyə yox, kimin yaxşı pulu varsa ona mahnı verməyə çalışacaq. Mən heç vaxt belə hərəkət edə bilmərəm. Allah məni pulu olub səsi olmayan müğənnilərə möhtac qoymasın.

- Bəstəkarla ifaçının işbirliyi bəzən çox qısa davam edir, bəzən də bu ortaqlıq sənətdə yol yoldaşlığına çevrilir. Yol yoldaşınıza çevrilən müğənnilər varmı?

- Konkret müğənnilər var ki, çox zaman onlarla çalışıram. Hərdən irad tuturlar ki, dəyiş başqaları ilə də işlə, amma elə müğənnilər var ki, onların yanında özümü gərgin hiss edirəm, rahat ola bilmirəm. Lalə Məmmədova, Rəşad İlyasov, Ayaz Qasımo, Vüsal Hacıyev, Nurlan Növrəstli, Eyyub Yaqubov, İlqar Muradov kimi sənətçiləri deyərdim ki, artıq mənim yol yoldaşıma çeviriliblər. Bunlar mənim sevdiyim insanlardır. Mən onlara ərk edə bilirəm, söz deyə bilirəm. Münasibətlərimiz müğənni bəstəkar münasibətindən bir addım irəli keçib, doğmalaşmışıq.

- Sizin ən çox sevilən mahnılarınızdan olan , “Məktəb illəri” və “Tut ağacı” nı erməni müğənnisi oxumuşdu. Reaksiyanız necə oldu?

- Bu mahnıları təkcə ermənilər yox yəhudilər və ruslar da oxuyub. Erməni pis oxumamışdı. Hətta ermənidən çox azərbaycanlı səsi ilə oxumuşdu. Mən bunu bir dəfə də demişəm, yenə deyirəm. Yaxşı oxuyan erməni müğənnilərinin əksəriyyətində məncə azərbaycanlı qanı var. Çünki, heç bir təmiz erməni Azərbaycan boğazı vura bilməz. Bu müğənnilərdə azərbaycanlı nəfəsi, xırdalığı var. Çox müəmmalı gəlir.

Sevgi dolu bir qadındır. “Həyatım yazdığım mahnılarda öz əksini tapır”, -deyir.

- Aygün Səmədzadənin ruhunun vitamini nədir?

- Mənim ruhumun vitamini sevgidir. Azərbaycanda cəmiyyətdə hörməti olan qadınlar hisslərindən danışanda o qədər də yaxşı qarşılanmırlar. Mənim üçün “kim nə fikirləşər” ifadəsi maraqlı deyil. Düşünürəm ki, insanın nə isə yazıb, yaratması üçün içində mütləq sevgi olmalıdır. Yaradıcı insanın daxilində sırf eşq duyğusu olmalıdır. Kiminsə həyatında olan sevgi də mənim ilham mənbəyim ola bilər. Elə film olub baxıb mahnı bəstələmişəm. Xanım İsmayılqızının“Neyləyək bu şəhər ikmizindir” şeirinə bəstələdiyim mahnını bir filmə baxandan sonra yazmışam. Tutqun hava, ildırım çaxması da mənə mahnı bəstələdə bilir. Nə vaxt ildırım çaxsa bilin ki, Aygün Səmədzadə mahnı bəstələyir.

- Sevgiyə bu qədər önəm verdiyinizə görə ailənizi də sevgi üzərində qurmuşunuz, yəqin?

- Əlbəttə. Sevgisiz ailə qurmaq olamaz ki... Tez ailə qurmuşam. 19 yaşımda. Qızların tez ailə qurması bir tərəfdən çox yaxşıdır. Çünki, tez ailə quranda insan çox şeyi görmür, çox şey haqqında düşünmür. Başı toya, nişana, cehizə qarışır. Bir də görürsən ki, toyudur. Mən bütün qızlara sevib ailə qurmağı arzu edirəm.

- Mənə elə gəlir ki, tez ailə quran qızlar ailə qurmağa o qədər də hazırlıqlı olmurlar.

- Mən də özümü yüz faiz hazır hiss etməmişəm. Anam hər şeydə yanımda olub. Demək olar ki, uşaqlarımı anam böyüdüb. İndi mənə körpə uşaq versələr ki, al bu uşağı bələ, bələyə bilmərəm (gülür). Mən uşaqlara bilirsiniz necə baxmışam? Ancaq yeməklərini yedirtmişəm. Çünki tələbə idim.

- Övladlarınızla münasibətiniz necədir?

- Mühafizəkar deyiləm. Övladlarımın dediyinə görə, fikirlərim çox azaddır. Amma baxır harda necə. Elə şeylər var ki, onu qəbul edə bilmərəm. Övladlarımla dost münasibətindəyik. Hərdən düşünürəm ki, bu dərəcədə dost münasibəti yaxşı deyil hərdən bir istəyirəm özümü ciddiləşdirim, amma alınmır.

- Yaşlanmaq qorxusu sizdən yan keçib, yoxsa sizdə də bu qorxu var?

- Yaş kompleksim yoxdur. Amma qocalmaqdan qorxuram. İstəmirəm tez yaşlanım. Gələcəkdə üzümə botoqs etdirməsəm nurani qoca olacağıma inanıram (gülür).

publika.az