Müğənni Nadir Qafarzadə gündəmdən uzaqlaşmasının səbəbini açıqlayıb.

Axşam.az xəbər verir ki, musavat.com-un suallarına cavab verən müğənni evə qapandığını bildirib:

"Cəmiyyət çox dəyişib. İndi nə böyüyə qulaq asan var, nə də kiçiyi görən. Zamanında isə biz böyüklərin sözünü eşidərdik və nəticə çıxarardıq. Mən də o vaxtlar tənqiddən nəticə çıxarmışam və bu gün Nadir Qafarzadə olmuşam. Hazırda hər kəs tərif eşitmək istəyir. Hamı konfet istəyir. Tənqidə alışmaq, qəbul etmək lazımdır. Susub evimdə oturmuşam. Şəhəri gəzməyə nə zaman çıxdığımı unutmuşam. Çünki bu mənim üçün maraqlı deyil. Kimi görəcəyəm? Tullanıb-düşən, qışqıra-qışqıra şəhərdə gəzən dar şalvarlı oğlanları? Qeyri-etik normalarla qarşılaşacağamsa, bunu görmək istəmirəm. Evimdə oturub, ev dustağı olmuşam. Əvvəllər Bakı daha maraqlı idi. Hazırda da şəhərimiz gözəldir, amma bu gözəlliyinin içində zibillik var. Bu zibilliyi təmizləmək lazımdır.

- O zibilliyi necə təmizləmək lazımdır?

- Düşünürəm ki, bunun üçün də gecikmişik. Çünki o "zibillərə" deyəndə ki, sən zibil yaradırsan, cavab verir ki, indi mənim zamanımdır. Sizin zamanınız getdi. Deməli, dövrümüzdəki normal sayılan hərəkət, davranış indiki nəsil üçün pis sayılır. Bizim nəslimiz indini qəbul edə bilmir. O zamanlar ən azından ayıbın nə olduğunu bilirdik. Qınaqdan çəkinirdik. İndi isə sosial şəbəkələri açanda görürsən ki, hamı soyunur. Bədənlərini kimə göstərirlər. biz onların lüt bədənlərini görməliyik? Mən uşağıma şort geyinməyi qadağan etmişəm. Şortu şəhərə geyinməzlər, dənizə, bağa geyərlər. Yekə kişilərin şort geyinməsini qəbul etmirəm. Zamanında bizə isti deyildi? O gün oğlum şortla idmana gedirdi, dedim, çıxart, şalvar geyin. Tüklü ayaqlarını kimə göstərirsən, sənin tüklü ayaqların kimə lazımdır? Gedib zalda şort geyib idman edərsən.

- Adətən deyirlər ki, indiki gənclər valideyn sözünə qulaq asmır. Sizin oğullarınız necə məsləhətlərinizə əməl edirmi?

- Şortu çıxarıb, şalvar geyindisə, deməli, qulaq asır. İndiyə kimi məni dinləyiblər. Bundan sonra necə olacaq, bilmirəm.

- Yeni mövsüm başlayır. Sizin hansı yenilikləriniz olacaq?

- Uzun müddətdir, geniş planlı klip çəkdirmirəm. planımda klip çəkmək var. Amma onu təmtəraqlı təqdim etməyəcəyəm. “Youtube” yükləyəcəyəm, tamaşaçılar izləyəcək. Əvvəllər maraq var idi, indi təqdimatlar maraqsızdır. Elə olub ki, 22 min manata klip çəkmişəm, amma pul qazana bilməmişəm. O pulun üstünə bir az da əlavə edib film çəkə bilərdim.

- Hazırda hər kəs film çəkir. Sizin də klip yox, film çəkmək fikriniz varmı?

-Film çəkmək istəmirəm, mənim işim deyil. Hər kəs öz işi ilə məşğul olsa, əla olar. Filmdə aktyor kimi rol ala bilərəm. Nə zamansa, özüm haqqında film çəkə bilərəm. Sənədli materiallara əsaslanan, real bir film olar.