"Anormal olduğuma əmin olub, yola saldılar..." - Murad Arif

"Anormal olduğuma əmin olub, yola saldılar..." - Murad Arif
3072 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni-aparıcı Murad Arif karyerasına necə başlamasından bəhs edib.

Axşam.az-ın məlumatına görə, sənətçi radioya necə yol tapması haqda bunları deyib:
 
“2002-ci il idi... Bu aləmə yaxınlaşmaq, radioda işləmək, efirdən səsinin gəlməsi arzusuyla alışıb-yanan bir sumqayıtlı oğlan, Cəfər Cabbarlı küçəsində yerləşən köhnə Raks binasına gəldi və bu insanlardan iş istədi. İlahəni ABA kanalından tanıyırdım. Fuad (onun müavini) isə, mənə ən skeptik yanaşan adam oldu. İkisi mənimlə görüşdü, illərlə qalın dəftərlərdə özümün tərtib etdiyim, əl ilə yazılan hit-paradlara baxdılar, dünya ulduzları haqda yazdığım məlumatlara, məqalələrə nəzər yetirdilər və mənim anormal olduğuma əmin olub, yola saldılar. Dedilər ki, get ağzına fındıq qoy, ucadan tələffüz et, nitqin düzəlsin. Ağzımın içi yara olanadək bunu edirdim...

1 aydan sonra bir də gəlirdim. Beləcə, 3-4 ay Bakı-Sumqayıt yolunu “ölçdüm”, amma əl çəkmədim. Açığını deyim, mənə inanmırdılar. Mən isə, digər diceylərin efirdə buraxdığı quşları, onlardan daha məlumatlı, daha savadlı, daha uyğun olduğumu misal gətirib, özümə təsəlli verirdim. Günlərin bir günü, radionun müdiri Əhməd Əskər, montaj otağında İlahədən (məni göstərib) soruşur:
 
"Bu uşaq nə istəyir bizdən?" İlahə deyir ki, "Əhməd müəllim, bu uşaq radio xəstəsidir. İşləmək, təcrübə istəyir!".

Əhməd müəllimin cavabı, eşitdiyim ən gözəl sözlərdən idi:

"Tərbiyəli və pozitiv uşaqdır. Gəlsin-getsin, işi öyrənsin, zəngləri götürsün... Baxaq, görək, nə alınır?" 1 il sonra efirə buraxıldım”.