Müğənni İradə İbrahimovanın Axşam.az-a müsahibəsini təqdim edirik:

- Uzun fasilədən sonra yenidən Bakıya qayıtdınız. Bu dəfə səfərin məqsədi nədir?

- Yeni mahnılar təqdim etmək, efirlərə çıxmaqdır. Başqa bir məqsədim yoxdur. Tez-tez fasilələr verirəm, yenidən qayıdıram. Gündəmi zəbt etmək fikrində deyiləm. Hərdən bir mahnı təqdim etmək istəyirəm. 

- Ümumiyyətlə, siz tez-tez sənətdən uzaqlaşırsınız. Elə bil əvvəlki həvəsiniz qalmayıb?

- Həvəslə heç bir əlaqəsi yoxdur. Ailə qurmaq insanı tənbəlləşdirir. İki övladın, ailənin məsuliyyəti daha üstün gəlir. Bunlar səhnə sevgisinin önündə durur. Bu məsuliyyət daha fərqlidir. Burada mən oxumasam, heç nə dəyişmir, nə qədər oxuyan var. Amma evimin içində mən "oxumalıyam" (gülür). Dörd göz mənə baxır. Bir cütü yaşıl, bir cütü qəhvəyi. Onların məndən tələbləri var. Ana olaraq məsuliyyət hissi məni orada qalmağa vadar edir. Onlar istəməyiblər dünyaya gəlsinlər. Mən onları dünyaya gətirmişəm. Ömrüm boyu onları bir səhv etmədən yetişdirib, həyatın qoynuna atmalıyam. Ayaqları üstündə durmağı bacarana qədər onlarla olmalıyam.

- Heç səhnə üçün darıxmırsınız?

- Qətiyyən... Hər zamanın öz nəbzi var. O vaxt elə idi. Yaş ötəndə yorulursan. O vaxtkı enerjim indi yoxdur. Hərdən düşünürəm ki, necə çalışmışam mən? Səhər beşdə oyanırdım, gündə 6-7 çəkilişə qaçırdım. Səhər verilişinə get, gəl geyimi dəyişdir, başqa yerə yollan. Bir an gəlir enerjin tükənir, beyin yorulur. Bu da sağalmır.



- Hazırda şou-biznesdə hər şey dəyişib. Tamaşaçını necə təəccübləndirməyi düşünürsünüz?

- Düşünmürəm, tamaşaçı üçün fərqli İradə təqdim etməyəcəm. Yerimdəki İradəyəm. Gündəmi zəbt etmək üçün gəlməmişəm. Mahnı oxumağı, səhnəni, musqini sevirəm. Hər həftə iki-üç verilişdə olmaq, bir mövzu vermək mənlik deyil. Arada mahnılar oxuyacam, özümə yaxın bildiyim proqramlara gedəcəm. Yəqin düşünürlər ki, Bakıya gəldi, açanda soyuducudan da İradə çıxacaq. Elə deyil, mənim uşaqlarım var.

"BƏSTƏKARLARIN GÖNDƏRDİKLƏRİ MAHNILARA QULAQ ASANDA ƏSƏBİLƏŞİRƏM"

- Kənardan oturub neçə il izlədiniz. Nələr sizi məyus etdi, nələri bəyəndiniz?

- Əvvəlki deyil... Buna şou-biznes demək istəmirəm, sənətdir... Bu sənətdə artıq əvvəlki danışıq, davranış yoxdur. Əvvəlki daha yaxşı idi. İndi o musiqini duymaq istəyərdim, zövqlərin köhnəyə qayıtmasını arzulayıram. İndiki müasir musiqi zövqlü deyil. Düzdür, hər şey dəyişməlidir, müasirləşməliydi. Amma bu qədər dəyişmək olmazdı. Musiqi fərqli yöndə gedir. Mənə elə gəlir ki, bu, bir keçiddir, belə davam edə bilməz. Özümüzə qayıdacağıq. Mahnılarda Azərbaycan notları görmək istəyirəm. Şərq, qərbin olması məni sevindirmir. Mənə təqdim olunan mahnılarda da eyni durum görürəm. İlk notları dinləyir, kənara atıram ki, bu nədi, əsəbiləşirəm... Azərbaycan estradası var, onu yaradanlar var. Bunu niyə yamaq edib, pis hala gətiririk? Yaraşsa da, yaraşmasa da edirik. Yaraşmır axı...

- Siz indi təqdim edəcəyiniz mahnıları kimlərdən almısınız?

- Fərid Kərimidən iki, Gövhər Həsənzadədən bir mahnı almışam. Çox bəstə var. Bunları oxumuşam, qalıb arxivdə. Onları təkrar oxumaq lazımdır. Bunlarla başlayıb, onları da təqdim edəcəyik. Bütün mahnıları Azərbaycanda hazırlayıram.

- İndi bayağı mahni deyilən bir ifadə yaranıb...

- Bir vaxtlar biz toya gedəndə deyirdim? əsla o mahnıları oxumaram. İndi o mahnılar mənim üçün konsert bəstəsi olub. İndi daha da bərbad mahnılar gündəmdədir, hamının dilindədir, "himn" olub. Balaca da, kiçik də bunu oxuyur. O qədər bir-birilərinə oxşayır ki, adamın yadında da qalmır. Mahnı mahnı kimi yazılmalıdır: türk üslubunda, "çakka-çikka" yox. Oxuyanda müğənni həyəcandan titrəməlidir ki, necə keçidlər edim. Bunlar evdə zümzümə etmək üçün yazılan mahnılardır. 



"HANSI MÜĞƏNNİMİZ TÜRKİYƏDƏ GÜNDƏM YARADA BİLİB?"

- Çoxları düşünür ki, İradə İbrahimova Türkiyədə yaşayır, amma niyə orada şou-biznesə qatılmır?

- Kim ordan xeyir görüb, əllər üstündə gəzib, gündəm yarada bilib, oradakı müğənnilərlə eyni səhnəni bölüşüb? Sən öz vətənində lazımsan. Sənin Türkiyə türkcəsində danışmağın belə fərqlənir. Yüz adam içində "qapaq" olursan. Başa düşülür ki, Azərbaycan türküsən. Çalışsan da, ayaqlaşa bilmirsən. Orada qazan başqadır, fərqli yeməklər bişir. Biz öz yeməklərimizi qarışdıra bilmərik. Bizim mahnı onlara sadəcə 5-3 dəqiqə qulaq asmaq üçündür. Onlar oturub 1 saat muğam dinləyə bilməz.

Cəhd etdim, amma qapısına getmədən kəndarından qayıtdım. Qapılar açıq idi, özümü sənətimi təqdim edə bilərdim. Amma gördüm ki, qapıya gələnə qədər yadam, içəridə nə olacam? Heç kimə yapışmıram. Ortaq heç nəyim yoxdur. İllər əvvəl demişdim: Başqa yerin xanımı olmaqdansa, öz yerinin nökəri ol. Sən burada lazımsan, başqa yerdə yox. Diskimi hazırlamaq üçün onlara "Son qərar", "Get" mahnıları təqdim etdim. Dedilər, bunlar tutmayacaq, olmaz. Halbuki mənim şah əsərim idi. Ağız büzdülər mənim repertuarıma. Adam da soyuyur. Bunlarla necə irəliləyəcəm? Mənə təqdim edilən onların mahnısını oxumağım isə mümkün deyil...

- Amma "Neyləyək alınmadı" Cem Yılmazın "Ali baba ve 7 cüceler" filmində səsləndi, sevildi. Bu, sizə bir qapı açmışdı...

- O vaxt Cem Yılmaz, Ozan Güvən və Özkan Uğurla görüşəndə dedilər təkrar oxu, dəstək olacağıq. Mən tənbəllik etdim. Mənim yerimə nə qədər müğənni oxudu, "Youtube"a yüklədi. Mən aylar sonra oxudum, ancaq sosial şəbəkədə yerləşdirdim. Heç yerdə təqdim etmədim.

- Hətta bildiyimiz qədəriylə Vaqif Gərayzadə ilə aranızda narazılıq yaranmışdı.

- Elə bir problem olmadı. Vaqif bəyin onlarla problemi yaşandı. Olur, alıcı-satıcı arasındakı bir narazıçılıq idi.

- İradə İbrahimova bu mahnı üçün Cem Yılmazdan nə qədər qonorar aldı?

- Mahnını Vaqif Gərayzadə yazıb. Mən icraçısıyam. Qərara görə 3 ildən sonra bəstəkar onu alıb, başqasına sata bilər. Sahibi mən deyiləm, qonorarı bəstəkar alır. Ölənə kimi mənlə yaşayacaq deyil ki...



"BU DA MƏNİM BƏDBƏXTÇİLİYİMDİR"

- Hazırda gündəmdə olan hansı yeni müğənnilərimizi izləyir, tanıyırsınız?

- İzləyə bilmirəm. Görüntüyə baxsan, hamı işləyir. Yenilik mütləq olmalıdır, eynilik insanları yorar. Amma o dövr keçdi. Fərqli geyim, sima, mahnı, tembr olmalıdır. Allah rəqabət hissini mənə verməyib. Bu da mənim bədbəxtçiliyimdir. Ailədə də, səhnədə də olmadı. Yoxdur bu məndə. 

- Günay İbrahimlini sizə oxşadırlar.

- Allah yolunu açıq etsin. Səsini, görüntüsünü, gəncliyini bəyənirəm.

- Sənəti qəfildən atıb, gedib evdar xanım olmaq çətin deyildi?

- Mən həmişə evdar olmuşam. Ruhumda əslində bir köləlik, xidmətçilik var imiş. Ailə quranda üzə vurdu. İmkan yaratdım, partladı. Övladlarıma da özüm baxdım, qucağıma alırdım, altını təmizləyirdim, çimizdirirdim. Elə bil ömür boyu ailəm olub. Xırda çətinliklər, özümü tək hiss etdiyim anlar oldu, amma uzun çəkmədi. Özümü ailəyə elə həsr elədim ki... Hərdən müğənniliyimi unduram.

Natavan Həbibinin toyunda dedilər ki, təbrik videosu çəkin. Bodrumda idik, qonaqlarımız var idi. Getdim saçımı yığdım, bəzəndim gəldim. Həyətdə qonşu məni tanımadı, qayınanamın yanına getdi ki, qonağınız gəlib. Deyirəm, Əminə xanım, mənəm İradə. Qayıdıb ki, tanımadım, sənətçiyə bənzədiniz. Deyirəm, elə sənətçiyəm. Təriflədilər, özümü səhnədə, müğənni hiss etdim. Baldızımın qızı deyir, makiyajını nə vaxt siləcəksən? Düşündüm ki, uşaq da məni belə görmək istəmir (gülür). Getdim rahatladım, gəldim. Dedim, işçi paltarında daha rahatam. İnsan hər şəraitə öyrəşir.

- Toylara dəvət alırsınız?

- Heç vaxt toydan paylaşım etmirəm. İnstaqramda aktiv deyiləm. O qədər həyatımda hadisə olur ki... Hərdən deyirəm, vaxt edəcəm, paylaşacam. Amma həvəsim qalmır. Orada olmaqla ailəmin vaxtından alıram. Oturub bir paylaşıma baxırsan, cavab yazırsan, ayılırsan ki, saatlar keçir. Mən o vaxt ərəfəsində uşağıma söz deyə, dərsinə nəzarət edə bilərdim.

"YOLDAŞIMA İMKAN VERMƏRƏM Kİ..."

- Ailədə qısqanclıqlar olur?

- Yoldaşıma heç bir zaman elə imkan vermirəm, məni qısqansın. Ona şərait yaratmıram.

- Sənət sizin üçün qazanc yeridir, yoxsa burda gələn pula ehtiyacınız yoxdur?

- Normal bir məbləğ qazanmıram. Mənim gəlirimlə ailə dolanmaz. İki uşağın geyimi, məktəbi mənim qazancımla olmaz. Ola bilər qazanım, amma ailəni belə yürüdə bilmərəm. Allah tək övlad böyüdən analara güc versin. Hər şeyin ən yaxşısını övlada vermək istəyirsən. Ən yaxşısı isə pul deməkdi. Allah yoldaşıma dayaq olsun, güc versin, bərəkəti artıq olsun. Hər yeməkdən sonra deyirəm ki, "kisənə bərəkət". İndiki zamanda hər şeyinlə gözəl yaşamaq asan deyil. Bəlkə Allah mənim ruzimi götürüb, həyat yoldaşıma verib. Ceyhuna da tez-tez bunu deyirəm. 

- Türkiyədə özünüzə biznes qurmağı düşünmürsünüz?

- Uşaq bağçası açmaq istəyirdim. Baxdım ki, böyük məsuliyyətdir. Oğlum Əlinin 3 yaşı olanda bağçaya başlayacaq. Ondan sonra bəlkə biznes qurdum. Onda da Bakıya gələ bilməyəcəm. O alınsa, bura qalır. Axı mən mahnılar yazdırmaq, oxumaq, işləmək, pul qazanmaq istəyirəm. Hamının öz cibi, gəliri olmalıdır.



"AZƏRBAYCAN DİLİNDƏ BELƏ DANIŞA BİLMİRLƏR"

- Belə bir təəssürat yaranır: İradə İbrahimova gedir Türkiyəyə, ailə ilə məşğul olur. Qəfildən səhnə üçün darıxır və gəlir, bir az oxuyur, həvəsini alır və qayıdır.

- Yaxşı müşahidə etmisiniz, elədir. Bəzən baxıram hər şey mənə yaddır: mövzular, çalışanlar, münasibətlər. Onları yerinə yetirmək istəmirəm. Bu ortamdakı mən deyiləm. Əvvəl verilişə gedirdik, üç-dörd mahnı oxuyurduq. Konsert olurdu, təbrik edirdik. Oturub bir şeylə bağlı müzakirə aparmaq, həyatdan, qadının taleyindən danışmaq istəyərəm. Amma bunlar yoxdur. Bura gələndə dilimiz üçün belə darıxıram. Normal Azərbaycan dilində danışan yoxdur. Orada kitablar oxuyuram ki, dilimi unutmayım. Doğma dilin olsa da, danışmadıqca unudursan. Oturub öz-özümə Azərbaycan dilində danışa bilmirəm. Bacımla, anamla gündə 1 saat danışıram, bitdi. Yoldaşım, evimdə çalışan, hər kəs türk dilində danışır. Qızım rus dilində danışmağa son qoyub. Ona öyrənməsi üçün rusdilli dayə axtarırdım. Qərar verdi ki, istəmirəm. İndi ingilis dilində danışır. Bir çox şey qəribə gəlir. Kənara çəkilirəm.

- Övladlarınızı necə tərbiyə edirsiniz?

- Hər şeydən əvvəl insan olmalarını istəyirəm. Mərhəmət, vicdan hissi olmalıdır. Bəzi şeylərlə insan doğulur, bəziləri zamanla formalaşır. Mən formalaşmağı üçün çalışıram. Bəzən yoldaşımla deyirəm ki, bəlkə gün gələcək bizi lənətləyəcək, deyəcəklər, anam niyə məni dedi-qoduçu, nəyəsə pis tərəfdən baxmağı öyrətmədi? İndi onlara doğru bildiyimi verirəm. İnsan olmaq lazımdır, kiminsə qəlbini sındırmaq olmaz.

Özünə ediləni bəyənməyəcəyini başqasına etmə. Hər şey evdən başlayır. Qızıma öyrədirəm ki, evdə sənə qulluq edəndən rica et, təşəkkür bildir. Onlara əmək sərf edir. Ona pul verdiyimin fərqində deyiləm. Bunlar gözəldir, qul haqqı yemək olmaz. Hər gün nənəsini yığmalıdır. Mən anama yığıb məlumat verirəm. Övladlarım da məndən götürüb, gələcəkdə bunu edəcəklər. Ailə uzun məsələdir. Mənim kimi həssas olanda qarışır. Bu da çətinlik yaradır.

- Əgər onlarda sizin sənəti davam etdirmək istəsələr, reaksiyanız necə olar?

- Harada xoşbəxt olacaqlarsa, oranı seçsinlər. Müdaxilə etməyəcəm. İncəsənətin hansısa bir sahəsini seçsinlər istəyirəm. İstəyirəm gələcəkdə həyatın ağırlığından kənara çəkilib, nəyləsə məşğul olub dinlənsinlər. İstəmirsə məcbur edə bilmərəm.

Kaş ki... İnşallah musiqini seçərlər. Dəstək olaram. Bizim sənətimiz gözəldir. Sadəcə pis təbliğ edirlər. Səhnə paltarımı soyunuram, amma fərqlilik məndə hər zaman var. Allah bunu mənə verib. Qızımda qəti musiqi həvəsi yoxdur. Oğlumun musiqi duyumu var. İnşallah gələcəkdə də olar.

Mən sənət üçün yaradılmışam. Antik əşyaları, rəsmləri sevirəm. Sənət adamları dəli-dolu, çılğın olur. Ətrafdakılar onları başa düşmür.

- İki uşaq saxlamaq çətindir? Özünüzə vaxt ayıra bilirsiniz?

- İpək dərsə gedir, yoldaşım işə... Əli üçün əyləncəli nələrsə axtarıram. Özümə vaxt ayırıram: rəfiqələrimlə görüşürəm, saçıma da qulluq etdirirəm. İdmanımı, masajımı etdirirəm. Evimdə sauna olacaq, ora girəcəm. İki uşaqlı anayam. Həyat İstanbulda qaynar keçir. Uşağın istəkləri çoxdur. Hamısını çatdırmaq istəyirəm. Deyir, Disneyləndə getmək istəyirəm. Gün dəhşət tez gedir, çatdırmırsan. Bir də 30 yaşdan sonra günlər çox tez gedir.

Zəhra ƏHMƏDOVA

Foto: Ramin ASLANOV