“Nar bağı” filminin Türkiyə premyerası

“Nar bağı” filminin Türkiyə premyerası
2236 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 9-dan 16-dək Türkiyədə 7-ci Malatya Beynəlxalq Film Festivalı keçiriləcək.

Axşam.az festivalın saytına istinadla xəbər verir ki, Malatya Valiliyinin dəstəyi ilə Malatya Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil ediləcək festivalda ölkəmiz də təmsil olunacaq. Rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi festivalın beynəlxalq uzunmetrajlı filmlər müsabiqə proqramında yarışacaq.
Qeyd edək ki, baş rolların ifaçıları Qurban İsmayılov və İlahə Həsənova festivalda iştirak edəcəklər.

“Nar bağı” bədii filmini Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və “Buta Film” kino şirkəti birgə istehsal edib.
Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Ekran əsəri maraqlı bir ailə dramı üzərində qurulub. Qabil 12 il əvvəl heç kimlə sağollaşmadan tərk etdiyi evinə qayıdır. Lakin onun geridə buraxdığı dərin emosional yara hamının xatirindədir və asanlıqla unudula bilməz.
Psixoloji dram janrında çəkilən filmdə baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.